“Baxmut Ukraynanın Verdenidir” – Müsahibə

// Ukraynalı ekspert: “1-2 aya əks-hücum başlayacaq”

   “Baxmut Ukraynanın Verdenidir” –    Müsahibə
  01 Aprel 2023    Oxunub:4944
“İndi rus qoşunları Liman, Baxmut, Avdeevka, Mariyinka istiqamətkərində aktiv fəaliyyətdədirlər. Bununla öz qüvvələrini səpələyirlər. Mariyinka və Avdeyevka heç də Baxmutdan pis müdafiə olunmur”.
Bu sözləri AzVision.az -a müsahibəsində ukraynalı şərqşünas, hərbi tarixçi Yaroslav Pilipçuk deyib. Rusların neçə aydır ki, Ukraynanın müdafiə xəttini yarmaq üçün mübarizə apardıqlarına diqqəti yönəldən ekspert bildirib ki, Soledar və Baxmut yaxınlığındakı döyüşlərdə “Vaqner” ÖHŞ ağır itkilərə məruz qalıb:

- Yevgeni Priqojin mərmi qıtlığından şikayətlənməyə başlayıb. O, birbaşa Sergey Şoyqunu və Valeri Gerasimovu Baxmut istiqamətindəki hücumu sabotaj etməkdə suçlayıb. Həmçinin bildirib ki, “Vaqner” məğlub olsa, bütün cəbhə çökəcək. Yevgeni Priqojinin siyasi təsirinin getdikcə azaldığını görən Ramzan Kadırov onunla ittifaqdan imtina edib. Çeçenistan rəhbəri Moskvaya səfəri zamanı silah çatışmazlığından şikayətlənməyə ehtiyac olmadığına eyham vurub. Beləliklə, Kadırovla Priqojinin rus generallarına qarşı siyasi ittifaqı dağılıb. Bu, rus generallarının böyük siyasi qələbəsidir.


Cəbhədəki məğlubiyyətlər generalların mövqelərinə təsir etmir. 2022-2023-cü illərin qış kampaniyasında Uqledarda uğursuzluğa düçar olan general Muradov cəzalandırılmadı, əksinə, mükafatlandırıldı. 2022-ci ilin payızında Xerson yaxınlığında məğlubiyyətdən sonra Surovikin də cəzalandırılmadı. Bu, İqor Qirkin kimi radikal rus imperialistlərinin kəskin hiddətinə səbəb olub. O, qış kampaniyasının tamamilə uğursuz olduğunu bəyan edib.

Səfərbər olunmuş 300 min nəfərlik rus ehtiyat hərbçiləri yalnız Soledarı və Baxmutun bir hissəsini tutmağa bəs elədi. İndi ruslar səfərbərlik elan etmədən orduya faktiki olaraq 400 min nəfər əlavə hərbçi yığırlar.

- Rusiya mediası tez-tez Ukraynanın əks-hücum ehtimalına daha çox diqqət yetirir. Sizcə, Ukrayna özünü toparlayaraq, hücuma keçə biləcəkmi?
- Ukraynanın əks-hücumu aprel və may aylarında gözlənilir. Məncə, bu hücumu bir neçə istiqamətdə gözləmək olar.
Vəzifə kifayət qədər aydındır. Ukrayna Baş Qərargahının qarşısına ölkənin cənubunu azad etmək vəzifəsini qoyub. Bu baxımdan əsas məsələ rusların hərəkətini mümkün qədər çətinləşdirmək və Krımı geri qaytarmağa hazırlaşmaq üçün Melitopol, Berdyansk, Mariupolun azad edilməsi olacaq. Krımın rus hakimiyyəti artıq Ukraynanın dənizdən desant çıxaracağına qarşı istehkamlar hazırlayır.
Nüfuzlu rusiyalı hərbi ekspert Mixail Xodaryonok ukraynalıların güclü zərbə endirəcəyini proqnozlaşdırır və müharibəni tez bir zamanda dayandırmağa çağırır. Bu mövqeyi ilə o, Rusiyanın qələbəsinə hələ də ümid edən “Zet-patriotlardan” xeyli fərqlənir.
Bütün hallarda, zaman Ukraynanın xeyrinə işləyir.


- Rusiyanın cəbhə xəttinə köhnə tankları gətirməsi nə ilə bağlıdır?
- İndi Rusiyanın tank zavodları köhnə “T-54” və “T-55” tanklarını yenidən təchiz edirlər. Zirehli texnikalardan da köhnə “50P” BTR-ləri təmir olunur. Ancaq onlar bir neçə tank zavodunun ildə cəmi 300 tank istehsal və 800 köhnə tankı təmir edə biləcəyini unudurlar. Köhnə texnika isə hətta təkmilləşdirmələrlə belə müasir artilleriya və tank əleyhinə silahların qarşısını ala bilməyəcək.
Laosdan Rusiyaya köhnə “T-34”-lərin çatdırılması ilə bağlı rus mediasının şadyanalıq təşkil etməsi mənim üçün anlaşılmazdır. Dmitri Medvedev növbəti içki məclisindən sonra tank zavodlarından birinə baş çəkib və İosif Stalini xatırlayaraq, zavodun qarşısına 1500 tankı işə salmaq vəzifəsini qoyub. Bunlar real planlar deyil. Ancaq Dmitri Medvedevin sözləri Vladimir Putinlə razılaşdırılıbsa, bu, Ukrayna üçün yaxşıdır, çünki zavodlarda ümumi göstəricilərin artması keyfiyyətin pisləşməsi ilə nəticələnəcək. 1941-ci ildə Sovet ordusunun tankları ilə bağlı yaranmış vəziyyət təkrarlana bilər. O zaman bir çox tanklar sınaq zamanı sıradan çıxmışdı.
Əlbəttə, bütün bunlar köhnə tankların atəş açmaq və ziyan vurmaq imkanlarını inkar etmir.


- Baxmut döyüşləri hələ nə qədər davam edəcək?
- Hazırda Ukrayna Silahlı Qüvvələri üçün çətindir, lakin onlar cəbhəni saxlayırlar. Ukraynalı generallar Valeri Zalujnı və Aleksandr Sırski Baxmutun saxlanmasının vacib olduğunu bəyan edirlər. Ukrayna və Qərb mətbuatında Baxmutu artıq “Baxmut ət maşını” adlandırırlar. Baxmut Ukraynanın Verdenidir. Uğrunda şiddətli döyüşlər gedən kiçik bir şəhərdir. Bununla belə, Ukrayna qoşunları şəhəri Ukraynanın əks-hücum əməliyyatı başlayana qədər təxminən bir ay saxlamalıdırlar.

Qafqaz Ömərov
AzVision.az


Teqlər: Ukrayna   Baxmut  





Xəbər lenti