4 saata Amerikaya?! - Səsdən sürətli yeni təyyarə yaradılıb

  4 saata Amerikaya?!  - Səsdən sürətli yeni təyyarə yaradılıb
  01 Aprel 2023    Oxunub:2150
İsveçrənin “Destinus” startap şirkəti hidrogen enerjisi ilə işləyən mühərriklə təchiz olunmuş “Eiger” sərnişin təyyarəsi üzərində iş aparır. Yeni təyyarə Avropadan Avstraliyaya uçuş müddətini 20 saatdan 4 saata endirəcək.
Şirkət “Eiger”in prototipini iki il ərzində sınaqlardan keçirib və indi sınaq uçuşlarının uğurlu olmasını elan edib.

İspaniyanın Elm Nazirliyi bu yaxınlarda “Destinus” şirkətini strateji təşəbbüsdə iştirak etmək üçün seçib. Hidrogen enerjisi ilə işləyən səsdən sürətli təyyarələrin yaradılması ilə bağlı əlavə araşdırmalar aparılması üçün şirkətə pul ayrılıb.

Hazırda “Destinus” şirkəti İspaniyanın “ITP Aero” şirkəti ilə birlikdə hidrogen enerjisi ilə mühərriklərin sınaqdan keçirilməsi üçün obyekt yaradılması üzərində işləyir. İspaniya hökuməti Madrid yaxınlığında sınaq poliqonunun tikintisini maliyyələşdirmək üçün qrant ayırıb.

Hidrogen energetikası ekoloji baxımdan təmiz olduğuna görə onunla bağlı çoxlu tədqiqatlar aparılır. Hidrogenin yanmasının əsas məhsulları istilik və sudur. Melburndakı RMIT Universitetindən olan mütəxəssislər 3D printerində çap edilmiş katalizatorlar yaradıblar. Bu katalizatorlar səsdən beş dəfə artıq sürətli uçuşları təmin edir. Gələcəkdə belə sürətlə uçan təyyarələr sərnişinləri Londondan Nyu-Yorka cəmi 90 dəqiqəyə çatdıracaq.

“Destinus” şirkətinin nümayəndələrinin sözlərinə görə, yeni texnologiya sayəsində Frankfurtdan Sidneyə uçuş 4 saat 15 dəqiqə, Frankfurtdan Şanxaya uçuş isə cəmi 2 saat 45 dəqiqə vaxt tələb edəcək. Bu, müasir aviaşirkətlərin təklif etdiyindən 8 saat azdır. Sözügedən layihə müxtəlif sahələrdə tətbiq edilmək üçün hidrogenlə işləyən nəqliyyat vasitələrinin yaradılmasına və istehsalına yönəlmiş səylərin bir hissəsidir.


Teqlər: Texnologiya  





Xəbər lenti