Elmar Vəliyev Xalq artistinə ev verdi - FOTOLAR

Elmar Vəliyev Xalq artistinə ev verdi - FOTOLAR
  23 May 2014    Oxunub:1204
Görkəmli rejissor Vaqif Şərifovun 70 illik yubileyi qeyd edildi.
Azərbaycan teatr sənətində öz yeri və nüfuzu olan «Tərəqqi» medallı, xalq artisti Vaqif Şərifovun 70 yaşı tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında görkəmli teatr xadiminin yubiley gecəsi keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Dram Teatrının birgə təşkil etdikləri yubiley gecəsində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Vaqif Şərifovun keçdiyi sənət yolundan söhbət açıb, onun bir ziyalı, bir sənət adamı kimi Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərdən danışıb. Qeyd etmişdir ki, Vaqif Şərifov öz rejissorluq istedadı ilə Gəncənin ictimai-mədəni həyatında da yaxından iştirak edir. O, həmçinin keçirilən bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə klassiklərimizin əsərlərinin meydan tamaşasını məharətlə hazırlamaqla Azərbaycan mədəniyyətini, incəsənətini çox dəyərli bir şəkildə təqdim edə bilir.

Elmar Vəliyev ölkə başçısının sənət adamlarına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq iki otaqlı mənzilin açarlarını, eləcə də qiymətli hədiyyələri yubilyara təqdim edib.

Yubiley gecəsində Vaqif Şərifovun yetirmələri, həmçinin onunla çiyin-çiyinə çalışan sənət dostları və ziyalılar çıxış edərək görkəmli rejissoru 70 yaşı münasibətilə təbrik edib, ona cansağlığı və sənətdə yeni uğurlar arzulayıblar.

Tanınmış incəsənət ustaları – əməkdar artistlər Zöhrə Abdullayeva, Teymur Əmrah, Elza Seyidcahan və Gəncənin tanınmış müğənniləri maraqlı konsert proqramı ilə yubilyara təbriklərini çatdırıblar.

Sonda Vaqif Şərifov çıxış edərək respublikamızda mədəniyyətin inkişafına, onun nümayəndələrinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib, yubileyin təşkilatçılarına isə xoş arzularını bildirib.








Teqlər:  





Xəbər lenti