“Dayı” BiBi-yə qarşı – TƏHLİL

// Niyə Vaşinqton BiBi-yə dediklərini Makrona demir?!

   “Dayı” BiBi-yə qarşı –    TƏHLİL
  06 Aprel 2023    Oxunub:4044
Məhkəmə islahatlarının əleyhdarları nəzarətdən kənarda qalacaq koalisiya hökumətindəki ifrat millətçilərin və ifrat ortodoksların belə gedişlə ölkəni ikinci İrana (!) çevirəcəklərindən narahat olduqlarını bildirirlər. İsrail müxalifətçilərindən biri isə BBC-yə müsahibəsində Rusiyanın timsalında bunun nə dərəcədə təhlükəli olduğunu bildirib.
- Bu məlum bir ölkəni və onun liderini xatırladır. Biz Rusiyada hakimiyyətin bir əldə təmərküzləşməsinin nəyə gətirib çıxardığını görürük. Bu, ölkənin özü və ətrafındakıları üçün fəlakətlidir, - müxalifətçi qeyd edib.

Sözsüz ki, dünyəvi dəyərlərin daşıycısı olan BiBi-nin İsraildə dini radikalizmi təsbit edən cəmiyyət formalaşdıracağına inanmaq ağlasığmaz sadəlövhlük olardı. Amma müxalifət tərəfindən “İran”, “Rusiya” və “Putin” adlarının hallandırılması İsraildə yaşanan hadisələrdə kənardan hansı əllərin və ritorikanın xüsusi rol oynadığını birmənalı şəkildə sübut edir.

“Putinin casusu?!”

Yeri gəlmişkən, kənar aktorlar bunu gizlətməyə heç lüzum da görmürlər. Hadisələrin kluminasiya nöqtəsinə çatması ərəfəsində ABŞ prezidenti Co Baydenin İsrailin bu yolla getməsindən narahat olduğunu bildirməsi bir çox məqamlardan xəbər verir.
“İsrail bu yolla getməyi davam etdirə bilməz. İsrailin digər tərəfdarları kimi mən də bundan çox narahatam. Ümidvaram ki, Netanyahu bunu dayandıracaq”, - Co Bayden bəyan edib. ABŞ prezidenti habelə yaxın vaxtlarda Binyamin Netanyahunu Vaşinqtona dəvət etməyəcəyinə eyham vurub.


Əslində artıq 3 aydan çoxdur ki, İsrailin baş naziri kreslosunu tutan BiBi-nin hələ indiyədək Vaşinqtona dəvət olunmaması ilk baxışdan təəccüblü görünsə də, onun demokratlarla həmişə gərgin münasibətləri buna aydınlıq gətirir. Məhz demokratlar Ağ evə sahiblik edəndə ABŞ Netanyahunu iki dəfə İsraildə hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərib. Belə cəhd ilk dəfə Bill Klintonun hakimiyyəti dövründə baş verib. İkinci dəfə Barak Obamanın prezidentliyi zamanı belə təşəbbüs göstərilib. İndi isə, görünür, “atalar üçdən deyib” prinsipindən çıxış edən Vaşinqton BiBi-ni, ümumiyyətlə, böyük siyasətdən tamamilə uzaqlaşdırmağa çalışır.

ABŞ-ın İsraildəki səfiri Tom Neydsin məhkəmə sisteminin dəyişdirilməsi planının dayandırılması üçün Co Bayden administrasiyasının BiBi-yə təzyiq gösərdiyini açıq şəkildə etiraf etməsi də bunu təsdiqləyir. Bütün sağçı mühafizəkar siyasətçilərin “Putinin casusu” kimi qələmə verildiyi hazırkı dövrdə Binyamin Netanyahunun da həmin “qara siyahı”ya salındığı istisna deyil.

BiBi-nin oğlu Yair Netanyahunun paylaşdığı videoda respublikaçı-senator Tom Kotton ABŞ Dövlət Departamentini İsraildə hökuməti devirməyə cəhddə günahlandırır. Senator iddia edir ki, Dövlət Departamenti məhkəmə islahatlarına qarşı protestləri maliyyələşdrimək üçün İsraildəki “Hökumətin keyfiyyəti naminə” adlı hərəkata vəsait ayırıb. Çünki Ali Məhkəmənin özlərini ömürlük təyin edən hakimlərinin hamısının “təsadüfən” liberallar cəbhəsinin təmsilçiləri olması və Vaşinqtonun istəklərini yerinə yetirmələrindən narazı qalan BiBi islahatları həyata keçirməklə ABŞ-ın İsrail hökumətinə və şəxsən özünə təzyiq cəhdlərini neytrallaşdıra bilərdi. Vaşinqtonun isə Netanyahu hökumətinin xarici siyasət kursundan narahat olmağa ciddi əsasları var.

Birləşmiş şübhələr

Birincisi,
İsrailə isti münasibət bəsləyən respublikaçılardan fərqli olaraq, Ağ Evin indiki demokrat administrasiyası BiBi-nin Qərbin Rusiyaya qarşı sərt siyasətini tam şəkildə dəstəkləməməsindən, xüsusilə də Ukraynaya silah satmaqdan imtina etməsindən çox narazıdır.


İkincisi, Vaşinqtonun bütün səylərinə baxmayaraq, Təl-Əviv Tehranın strateji müttəfiqi olan Moskva ilə münasibətlərini gərginləşdirməyə razılaşmır. Hətta İranın Suriyadakı iştirakından narazı olsa da, vaxtaşırı Suriyadakı hərbi molla birləşmələrinə hava zərbələri endirsə də, Rusiyanın bu məsələdə bir növ neytral qalmasını təmin edə bilir. Bu isə birmənalı şəkildə Ağ Ev administrasiyasını qıcıqlandırır.

Üçüncüsü və ən əsası Pekinin vasitəçiliyi ilə İsrailin İranla kofidensial danışıqlara başlamasıdır. Bir müddət əvvəl açıqlanan məlumata görə bu danışıqların birinci raundu martın 23-də Honkonqda baş tutub, ikinci raundunun isə Şanxayda keçiriləcəyi bildirilir.

Maraqlıdır ki, hələ martın 13-də İsrailin “Haaretz” qəzetində dərc olunmuş məqalədə “Mossad”ın keçmiş rəhbəri Efraim Qalevi İranla münasibətlərin normallaşdırılmasının mümkünlüyü barədə zəmin axtarılmasının vaxtının çatdığını qeyd etmişdi. Bundan 8 gün sonra isə Amerikadakı “Responsible Statecraft” onlayn analitik jurnalında gedən materialda İsrail-İran münasibətlərinə yenidən baxılması məsələsinin ilk baxışdan göründüyü kimi, o qədər də inanılmaz olmadığı qeyd edilib. Bu iddia həqiqətən də İsraillə İran münasibətlərində nə isə çox vacib, sensasiyalı, amma olduqca konfidensial prosesin getdiyinə siqnal idi.

“Əjdaha” ilə oyun

İsrail-İran münasibətlərində yeni səhifənin açılması böyük ehtimalla, Vaşinqtonu şoka salmasa da, prosesin məhz Pekinin vasitəçiliyi ilə Honkonqda başlaması ABŞ üçün “soyuq duş” effektini yaratdı. Moskvaya səfəri ilə açıq-aşkar Rusiyaya dəstək nümayiş etdirən və İranı Səudiyyə Ərəbistanı ilə barışdıran Çinin sədri Si Cinpinin bu məsələdə də təşəbbüsə yiyələnməsinə imkan yaratmasını Vaşinqton özünün Yaxın Şərqdəki strateji müttəfiqinə, daha doğrusu həmin dövlətin baş nazirinə heç cür bağışlaya bilmədi. Məhkəmə islahatlarına qarşı etiraz aksiyalarının məhz konfedensial İsrail-İran danışıqları barədə məlumatın açıqlanmasından sonra kritik həddə çatması bunun sübutudur.

Pekinin Yaxın Şərqdə əsas moderatora çevrilməsi ABŞ-ın dünya hegemonluğunu sarsıda biləcək ən güclü zərbələrdən biridir. Öz siyasəti ilə buna imkan yaradanlar isə mütləq cəzalandırılmalıdırlar. Məsələn, İsrailin baş naziri Binyamin Netanyahu kimi.


Ona görə də, illərdir Fransada preizdent Emmanuel Makronun səbatsız siyasətinə qarşı milyonlarla insanın ardı-arası kəsilməyən sərt etiraz aksiyalarına tutulan divanlara rəğmən, Vaşinqton ondan geri addım armasını və ya istefa verməsini tələb emir. Çünki ABŞ-ın marioneti olan və Vaşinqtonun əli ilə hakimiyyətə gətirilən Makron ilə müstəqil siyasət aparan Netanyahu arasında yerlə göy qədər fərq var.

Əyilməz BiBi

Bunu İsrailin baş nazirinin məhkəmə islahatları ilə bağlı ABŞ prezidenti Co Baydenin bəyanatına cavabı da təsdiqləyir.
- Mən prezident Baydenlə 40 ildir tanışam və onun İsraillə çoxillik dostluğunu qiymətləndirirəm. İsraillə Ştatlar arasında ittifaq möhkəmdir, bu ittifaq həmişə bəzi fikir ixtilaflarına qalib gəlir. Mənim rəhbərlik etdiyim hökumət xalqın geniş konsensusu əsasında hakimiyyətin 3 qanadı arasında tələb olunan tarazlığı yaratmaqla demokratiyanı gücləndirməyi öhdəsinə götürür. İsrail, hətta dostlarımızın belə göstərdiyi xarici təzyiqlər yox, xalqın iradəsinə uyğun şəkildə qərarlar qəbul edən suveren ölkədir,- Binyamin Netanyahu vurğulayıb.

BiBi-nin sərt ritorikası onun xarici təzyiqlərə boyun əymək niyyətində olmadığını göstərir. Amma bunun nə dərəcədə real olacağını götürülən taym-aut ərzində məhkəmə islahataları ilə bağlı müxalifətlə aparılan müzakirələrin nəticəsi və cəmiyyətdə yaşanan proseslər göstərəcək.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti