"İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq" - Qurban Qurbanov

   "İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq" -    Qurban Qurbanov
  09 Aprel 2023    Oxunub:1552
"Futbolçularımı təbrik edirəm. Gərgin oyun alındı, futbolçularda stress var idi. Qələbə üçün əziyyət çəkdik. "Kəpəz" dinamik komandadır, baxımlı və fərqli futbol oynayır. Öz oyun üslublarının əl çəkmir, sürətli hücuma çıxırlar. Vacib üç xal qazandıq. Hər qələbə bizim üçün önəmlidir".
AzVision.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 29-cu turunda bu gün "Kəpəz"ə qalib gəldikləri oyundan (3:1) sonra mətbuat konfransında deyib.

O, komandasının məğlubiyyətsiz irəliləməsi ilə bağlı bunları bildirib: "Belə hallar dünya futbolunda olur. Hələ mövsüm bitməyib. Ötən il də bir məğlubiyyətimiz olub. İstərdim ki, məğlubiyyətsiz çempion olaq. Hələ məqsədimizə çatmamışıq. Qarşıda 7 oyun var. Bu cür çempion olmaq istəyirik deyib, irəliləsək, yanıla bilərik. Hər matç önəmlidir. Məğlubiyyətsiz çempionlar arasında olmaq xoş olardı. Amma bu niyyətlə oyunlara çıxmırıq. Futbolda elə hallar olur ki, düşünmədiyin görüşlərdə məğlub olursan. Məqsədimiz komandanın oyununu yaxşılaşdırmaq, hücumların sayını artırmaqdır.

Q.Qurbanov yeni transferlərin oyunundan da danışıb: "Planlarıma görə daha yaxşı olmalı idilər. Benzia və Diakabi düşünmədiyimiz anda zədə aldı. Hazırlıq prosesləri uzandı. Fikirləşdiklərim yanlış oldu. Getdikcə özlərinə gəlirlər, daha yaxşı performans əldə edəcəklər. Çalışacağıq ki, daha yaxşı səviyyəyə qalxsınlar".

Baş məşqçi komandada fiziki yorğunluğun hiss olunması ilə bağlı deyib: "Bəzən çətin olur. İstər-istəməz komandada yeni futbolçular olanda tam uyğunlaşma üçün vaxt tələb olunur. Ola bilər ki, bura qədər onlar futbola fərqli yanaşıblar. Bizdə də fərqlidir. Belə hallar əvvəl də olub və qarşısını almışıq. İstərdim ki, sona kimi daha istəkli, yaxşı formada olsunlar. Hər halda, yorğunluğun təsiri olacaq. Millidə oynayanlar daha çox yorulur. Çalışırıq ki, onları da əldə saxlayaq. Mövsümün sonuna yaxın istirahət vaxtı gözlənilir. Amma işimiz belədir ki, sona qədər diqqətli olmalıyıq".

Qurbanov "Qarabağ"ın bəzi futbolçularının xarici klubların diqqət mərkəzində olması ilə bağlı xəbərlərə də münasibət bildirib: "Bizə təklif yoxdur. Maraq ola bilər, normaldır. Bəzən bəzi futbolçuları əldə etmək üçün menecerlərdən istifadə edirlər. Bu hallarda futbolçunun fikri yayınır. Lakin bizə hələ təklif yoxdur. Kadi, Vadji üçün təklif gəldi və şərtləri nəzərə alıb, yolları ayırdıq".

Təcrübəli mütəxəssis "Qarabağ"ın futbolçularına gələn təkliflərin onların işinə təsir etdiyini deyib: "Əfsuslar olsun ki, belə hallar qaçılmazdır. Bu, bizim işimizə çox mane olur. 3-5 illik bir komanda qurmağa çalışırıq, lakin görürsən düşünmədən 6 ay, bir ildən sonra kiməsə təklif olur. Futbolçu gedəndə də problem olur, getməyəndə də. Gedəndə düşünürsən ki, o səviyyədə kimisə tapasan. Getməyəndə də, futbolçu düşünür ki, mən orda oynamalıydım, məni buraxmadılar. Oyun modelimizi qoruyub saxlaya bilirik. Bəzən kiməsə uduza, geriyə düşü bilirik. Amma ümumi üslubumuz qalır. Futbolçu, məşqçi problemlərin içində böyüyür. Olduğumuz yeri qoruyub-saxlamağa çalışırıq".

AzVision.az


Teqlər:





Xəbər lenti