Dəvə ilə dovşanların arasında qalan Ermənistan - Ədalət Verdiyevin yazısı

   Dəvə ilə dovşanların arasında qalan Ermənistan -    Ədalət Verdiyevin yazısı
  10 Aprel 2023    Oxunub:5654
Azərbaycan martın 25-dən başlayaraq Ermənistana qarşı hərbi, siyasi və diplomatik təzyiqlərini haqlı olaraq artırıb. Bu həm Ermənistanın, həm də rus kontingentinin Birgə Bəyanatın şərtlərini yerinə yetirməməsi ilə bağlıdır. Azərbaycanın artan təzyiqləri fonunda Ermənistan siyasi elitasında yeni trendlər müşahidə olunur.
Baş nazir Nikol Paşinyan bir qədər absurd açıqlamalar ilə, onun həyat yoldaşı Anna Akopyan isə əvvəlcə plagiat videoları, sonra 11 min fərari erməni əsgərləri barədə verdiyi açıqlamalarla gündəmə gəldi. Əsas trendi isə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan yaratdı. Alen onu tənqid edən istənilən erməninin üzünə tüpürməyə başlayıb.

Dəvə ilə bir çox oxşar cəhətləri olan Simonyanın ilk tüpürcək "atəşinə" Ermənistanda olan kanadalı Karen Mkrtçyan tuş gəldi. Karen Milli Assambleyanın sədri Simonyanı “satqın” adlandırdıqdan sonra Alen cangüdənlərinə onu tutmağı əmr edib. Bundan sonra əli-qolu bağlı Karenin üzünə tüpürüb. Şahidlər Karenin dəvə tüpürcəyindən qatı olan selikdə boğulmadığına mat qalıblar. Sosial şəbəkədəki izləyicilərimdən biri hadisəni belə şərh etmişdi: "Alen Kareni dəqiq tüpürcək atəşi ilə susdurub".

Bundan bir gün sonra İrəvanda bir qadın Simonyanı "satqın" adlandırıb, Alen ağzının quru vaxtına düşdüyündən, qadına "satqın atandır" deməklə kifayətlənib. Bu səviyyədə adam Ermənistanda parlamentin spikeri ola bilirsə, deməli, bu ölkə həqiqətən süqut etmək üzrədir.

Əslində bu qədər səviyyəsiz şəxs olan Alen Simonyanın son günlərdə ermənilər tərəfindən intensiv şəkildə "satqın" tituluna layiq görülməsi təsadüfi deyil. Ola bilər ki, Paşinyan Simonyan ilə yollarını ayırmaq istəyir. Parlamentin spikeri olaraq Alen təkcə Karenin deyil, onun simasında bütün ermənilərin üzünə tüpürüb, çünki bu gün Ermənistanda hakimiyyəti "satqın" adlandırmayanları barmaqla saymaq olar.
Digər tərəfdən, Alen Simonyan ABŞ-ın “Demokratiya sammiti”nə dəvət alan Ermənistanın Milli Assambleyasının sədridir. Di gəl, nəinki insan hüquqlarına hörməti təşviq etmir, əksinə, öz vətəndaşlarının haqlı tənqidlərinə dözümsüzlük göstərir, onları təhqir edir, azadlığını məhdudlaşdırır və sonda "tüpürcək atəşi"nə tutur.

Bu biri tərəfdə Azərbaycan həkimləri Ermənistanın 30 illik işğal dövründə törətdiyi vəhşiliklərə rəğmən, erməni xəstələrə tibbi yardım göstərir, Xankəndinə qədər aparıb tibb müəssisəsinə çatdırır. ABŞ isə “Demokratiya sammiti”nə dəvəti Ermənistana göndərir. Görünür, belə tədbirlərə dəvət almaq üçün vətəndaşın əl-qolunu bağlayıb, üzünə tüpürmək lazımdır. Yeri gəlmişkən, sual verirəm: 30 il Ermənistanın blokadada saxladığı Naxçıvandan olan azərbaycanlı xəstəni erməni həkimləri Ordubada çatdırmağa hazırdırlarmı? Ümumiyyətlə, erməni siyasi elitasında kimsə bunu ağıldan keçirərmi?

Xankəndinə gedən həkimlərimiz dünyaya insanlıq nümunəsi göstərdilər. Bizi Xankəndinə aparacaq amillərdən biri də budur. Doğma torpaqlarımıza qayıtmağımıza kimsə mane ola bilmir və bilməyəcək də. Buna cəhd edənlər qarşılarında Əsgərimizi və “Dəmir Yumruğ”umuzu görəcək. İnanmayanlar yoxlaya bilər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin planlı siyasətinə qarşı Ermənistanın heç bir cavab tədbiri yoxdur. Tək ümidləri kənar qüvvələrədir ki, onlar da fərari ordusunun əvəzinə Azərbaycana qarşı döyüşməyəcəklərini dəfələrlə bəyan ediblər. Ermənistan ordusu müharibə zamanı müdafiə etdiyi əraziləri, şəxsi heyətini, texnikasını, hərbi təşəbbüsü, strateji və hakim yüksəklikləri itirib. Müharibədən sonrakı dövrdə də bu proses davam edir. Ermənistan ordusu Cəbrayılda darmadağın ediləndə 1500 nəfər olan fərari sayı müharibənin sonunda 10 min nəfərə çatdı. Keçən ilin sentyabr ayında 10 saatlıq toqquşmalarda 600 nəfəri ölü, yaralı, itkin və əsir olaraq itirən Ermənistan ordusundakı fərarilərin sayı daha 10 faiz artaraq 11 min nəfər oldu. Bunu Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan da etiraf etdi. Amma Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda 11000 fərarinin olduğunu daha əvvəl bəyan etmişdi. Görünür, Anna izləmək üçün kifayət qədər etibarlı mənbə tapıb. Olsun, buna qarşı deyilik.

Ardınca isə "qədim unitazlar" ölkəsinin parlamentində müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri vəzifəsini daşıyan, Ermənistanın hakim "Mülki müqavilə" fraksiyasının deputatı Andranik Köçəryan baş nazirin həyat yoldaşı Anna Akopyanı dəstəkləmək qərarına gələrək, fərarilərin 11000-dən çox ola biləcəyini dedi. Mən isə öz növbəmdə həm Akopyan, həm Köçəryan ilə razıyam. Anna bugünün rəqəmlərini səsləndirir, Köçəryan baş verənləri nəzərə alaraq erməni ordusunun yaxın perspektivlərinə nəzər salır.

Rusların müvəqqəti nəzarət etdikləri torpaqlarımızda 10 min nəfərə qədər silahlı mövcuddur. Onların əksəriyyəti Ermənistan ordusunda xidmətdədirlər. Bu 10 min nəfərdən son 1 ildə cəmi 18 nəfəri Azərbaycan Əsgərinin fəaliyyətinə mane olmağa çalışıb, deməli, yerdə qalan 9982 nəfəri də potensial fərari hesab etmək olar (Əsgərimizin yüksəkliklərə yerləşməsinə mane olmaq cəhdi ilə son dəfə Fərruxda rastlaşmışdıq, o zaman 3 nəfər erməni silahlısı məhv edildi, 15 nəfəri yaralandı).
Son bir ildə Qarabağın bütün perimetri boyunca Əsgərimiz bir çox nailiyyətlərə imza atıb. Allahqulular və Zamanpəyəsi kəndlərinə yerləşərkən erməni silahlılarının müdaxiləsi ilə qarşılaşmadıq. Odur ki, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, A.Köçəryan "erməni fərarilərin sayının 11000-dən daha çox ola biləcəyi" ifadəsini məndən qidalanaraq səsləndirib. Olsun, etiraz etmirəm.

Başqa sözlə desək, A.Köçəryan Qarabağdakı erməni silahlılarının tam heyətlə fərarilər siyahısına əlavə edilməsini indidən gözə alıb. Beləliklə, hazırda 25 faizi fərari olan "qədim unitazlar" ölkəsinin 11 minlik fərari kontingentinin ilin sonuna kimi 15 minə, gələn ilin yayına qədər isə 20 minə çata biləcəyi realdır. Mənim tək istəyim bu fərarilərin siyahısının dərc olunması və onların Ermənistan qanunları əsasında həbs edilməsidir.

Fərari sayını 15 faiz artırmaq imkanına malik Ermənistan ordusunun Azərbaycan ilə sərhəddə də vəziyyəti qənaətbəxş deyil. Son 8 ayda Azərbaycan Ordusunun həm Laçın rayonu, həm Zabux və Sus, həm də Zabux və Çağavuz kəndləri arasındakı yüksəkliklərdəki uğurlu əməliyyatlarına qarşı heç bir addım ata bilməyən "boynu büküklər” hazırda dərin sarsıntı keçirirlər. İrəvanda və Xankəndidə azacıq ağlı başında olan hər bir kəs yaxşı anlayır ki, Ermənistanın məğlub olduğu əməliyyat və döyüşlərin sayı artıq bütün mümkün və qeyri-mümkün miqyasları keçib. Yaxın gələcəkdə Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq. Buna nə İrəvanda, nə də Xankəndidə mane ola biləcək hərbi-siyasi güc yoxdur. Belə bir planlı ssenarinin həyata keçirilməsi yalnız zaman məsələsidir. Xankəndinə və ya Xocalıya yerləşmədən Göyçə gölündən 3 km aralıda, yaxud Qarakilsənin başı üstündə mövqe qura biliriksə, deməli, rusların müvəqqəti nəzarətində olan ərazilərdə planlarımız fərqlidir. Bu planlarımıza Qarabağdakı ermənilərin reinteqrasiyası, mülki erməni əhalinin və rus qonaqların təhlükəsizliyi, erməni silahlılarının tərkisilah edilməsi və ərazidən çıxarılması (təmizlənməsi) və azərbaycanlıların doğma yurd-yuvalarına təhlükəsiz qayıtmaları aiddir. Ermənistandakı siyasi liderlər isə sadalanan və sadalanmayan reallıqları qəbul edib, qərarlar vermək əvəzinə, hələlik erməni xalqını "tüpürcək lopası" ilə mükafatlandırırlar.

Ermənistanla sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə dair ilkin siqnallar daxil olmaqdadır. Böyük ehtimalla bu proses tezliklə yekunlaşacaq. Digər tərəfdən isə Ermənistanın 847 yaşayış məntəqəsindən 400-ə qədəri Azərbaycanla həmsərhəddir, onların da təxminən 70 faizi Azərbaycan Əsgərinin vizual nəzarəti altındadır.

Belə bir vəziyyətdə Ermənistanın revanşdan danışması, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınması, yeni silah və sursatlar əldə etməsi, sərhəd zonasında texnika və canlı qüvvə konsentrasiyasını həyata keçirməsi eskalasiya riskini artırmağa xidmət edir. Ermənistan hakimiyyəti anlamalıdır ki, bu gün nə İrəvanın, nə Parisin, nə Tehranın, nə də digərlərinin Azərbaycana qarşı real təzyiq mexanizmləri mövcuddur. Odur ki, vaxtı uzatmaqla revanşa hazırlaşacaqsa, daha çox “sürpriz”lərlə qarşılaşması qaçılmaz olacaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti