Səfərbərlik olmayacaq – Ədalət Verdiyev dezinformasiyalara aydınlıq gətirir

      Səfərbərlik olmayacaq    – Ədalət Verdiyev dezinformasiyalara aydınlıq gətirir
  12 Aprel 2023    Oxunub:5419
Son günlər Azərbaycan-Ermənistan şərti sərhədindəki gərginlik və erməni silahlılarının törətdiyi təxribatlar fonunda Azərbaycanın düşməni cəzalandırma əməliyyatı keçirməsinin vacibliyi ilə bağlı fikirlər daha intensiv səslənir. Sosial şəbəkələrdə bu vəziyyətdən istifadə edən bəzi şəxslər məqsədli şəkildə yenidən səfərbərliyin elan ediləcəyi ilə bağlı xəbərlər paylaşırlar.
İlk növbədə nəzərə almalıyıq ki, ölkəmizdə səfərbərlik və ya qismən səfərbərlik elan edilməsi hüququ Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müstəsna səlahiyyətlərinə aiddir. Son dəfə qismən səfərbərlik 2020-ci ilin 28 sentyabrında Azərbaycan Prezidenti tərəfindən erməni təxribatlarının qarşısını almaq üçün elan edilib. Bundan əvvəl də Azərbaycan gəncləri səfərbərliyə cəlb olunmaq üçün könüllü növbəyə yazılmışdılar. On minlərlə insan, o cümlədən mən və oğlum cəbhəyə getmək üçün müraciət etmişdik. Mənə bu şərəfli vəzifə qismət olmadı.

Azərbaycan gənclərinin könüllü müraciətləri Ordumuz üçün ehtiyat qüvvənin yaradılmasında və onun uğurlu əks hücumlarının təmin olunmasında müstəsna rol oynadı. Nəticədə Azərbaycan 10 min kv.km ərazini düşməndən təmizləyərək, Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Hazırda Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu ərazisində yaşanan gərginlik və erməni silahlılarının törətdiyi təxribatlar fonunda səfərbərlik və ya qismən səfərbərlik elan olunmasına heç bir zərurət yoxdur. Hətta düşmən tərəf də etiraf edir ki, Azərbaycanın qüdrətli Silahlı Qüvvələri mövcuddur. Son zamanlar quru qoşunları yaradılıb, ordu birliklərinin tərkibində komando hərbi hissələri, sərhəd qoşunlarında isə çevik hərəkət birləşmələri formalaşdırılıb. Xüsusi Təyinatlı Qüvvələrin tərkibi 2 dəfəyə qədər artırılıb. Türk ordu modelinə uyğun olaraq yeni strukturlar formalaşdırılıb. Yeni yaradılan komando hərbi hissələrinin çoxu artıq döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Keçirilən təlimlər nəticəsində Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyəyə çatdırılıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələri özünün ən yüksək mənəvi-psixoloji və döyüş hazırlığı vəziyyətində olmaqla bərabər, kifayət qədər ümumqoşun ehtiyatlarına malikdir. Silahlanma və maddi-texniki təminatla bağlı problemlər yox dərəcəsindədir. Odur ki, Silahlı Qüvvələrimiz qarşısında duran bütün tapşırıqları, o cümlədən, istənilən düşmən təxribatlarının qarşısının alınması və ya cəzalandırma əməliyyatlarını uğurla yerinə yetirmək imkanlarına malikdir.

Təbii ki, yerləşdiyimiz coğrafiya və real hərbi-siyasi vəziyyət Azərbaycanın daim döyüşə hazır Silahlı Qüvvələrə malik olmasını tələb edir. Bunun üçün səfərbərlik resurslarının döyüş vəzifələrini yerinə yetirməyə hər zaman hazır vəziyyətdə olması vacibdir.

Sənaye inkişaf etdikcə silahlar və texnikalar da daim yenilənir. Hər müharibədə yeni silahlı mübarizə metodları tətbiq edilir. Bu yeni metodlardan, silahlardan və texnikadan ehtiyatda olan qüvvələrin optimal istifadəsi üçün əvvəlcədən təsdiqlənən plana uyğun olaraq vaxtaşırı təlim toplanışlarının keçirilməsi vacibdir. Beləliklə, ehtiyatda olan hərbi mükəlləfiyyətli şəxslər ordu ilə birlikdə təlimlərdə iştirak edir, bilik və bacarıqlarını artırırlar. Təlim toplanışları əvvəlcədən planlaşdırılır və bu planlar yuxarı komandanlıq tərəfindən əvvəlki ilin sonunda təsdiq olunur. Təlim toplanışları səfərbərlik və ya qismən səfərbərlik demək deyil.

Ordunun güclü olması üçün sülh və ya müharibə dövrü olmasından asılı olmayaraq, təlim toplanışları daim keçirilir. Onların hansısa gərginlik və eskalasiya ilə əlaqəsi yoxdur. Sonuncu erməni təxribatlarından sonra bəzi şəxslərin səfərbərlik olacağı ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Sadəcə, keçirilən təlimlərin düşmən təxribatları ilə üst-üstə düşməsi bəzi vətəndaşlarımız tərəfindən yanlış formada şərh edilir. Hər lokal təxribata görə səfərbərlik və ya qismən səfərbərlik elan olunması sağlam məntiqə sığan addım deyil.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: Səfərbərlik  





Xəbər lenti