Direktor: “Uşaqlar video çəkmək üçün liseydə kart oynayıblar”

      Direktor:    “Uşaqlar video çəkmək üçün liseydə kart oynayıblar”
  25 Aprel 2023    Oxunub:2011
Sosial şəbəkələrdə Mingəçevir şəhəri Təbiət, riyaziyyat, humanitar təmayüllü liseydə şagirdlərin oyun kartları ilə qumar oynaması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə yuxarı sinif şagirdlərinin dərs saatlarında sinif otağında qumar oynadıqları əks olunub.
Şagirdlərin bu əməli haqqında Oxu.Az-a danışan liseyin direktoru Aidə İsmayılova hadisənin liseydə baş verdiyini təsdiqləyib. Direktor bildirib ki, bu, dərs vaxtı olmayıb: “Onlar 11-ci sinif şagirdləridir. Sonuncu dərs bitəndə uşaqlar, sadəcə, video çəkmək üçün maraq xətrinə 5-10 dəqiqəlik belə bir addım atıblar. Aprelin 13-ü baş verib və çəkdikləri videonu uşaqlardan biri “Instagram” səhifəsində paylaşıb. Beləliklə, yayılıb. Amma videonu görəndə uşaqlar özləri də mat qaldılar. Belə ciddi qınağa səbəb olacağını düşünməyiblər. Onların cəmi iki ayı qalıb, qəbul imtahanına hazırlaşırlar. Çox güman ki, stresdən qısa müddətlik belə bir əyləncə ilə fikir dağıtmaq istəyiblər. And içdilər ki, heç 10 dəqiqə çəkmədi. Tənəffüsdə videonu çəkib, evə gediblər. Polis araşdırması aparıldı, uşaqların dedikləri təsdiqləndi”.

Aidə İsmayılova onu da qeyd edib ki, valideynlər liseyə çağırılıblar, onlarla söhbət aparılıb:

“Amma uşaqların qəbula hazırlaşdıqlarını nəzərə alaraq, töhmət və ya ciddi tədbir görülmədi. Belə bir məqamda onları daha da stresə, üzüntüyə sala bilmərik. Mənə elə gəlir, məsələni çox böyütməyə ehtiyac yoxdur”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun Oxu.Az-a verdiyi açıqlamaya görə, Mingəçevir şəhərində yerləşən məktəbdə şagirdlərin qumar oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb.

Videoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub. Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb. Valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.

AzVision.az



Teqlər: Lisey  





Xəbər lenti