MEK tərəfindən “Zərifə Əliyeva - 100” adlı elektron layihə istifadəyə verilib

MEK tərəfindən    “Zərifə Əliyeva - 100”    adlı elektron layihə istifadəyə verilib
  28 Aprel 2023    Oxunub:2089
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən ərsəyə gələn “Zərifə Əliyeva - 100” adlı elektron layihəsinin təqdimatı keçirilib.
Layihənin təqdimatında çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev bildirib ki, 2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. “Yubileyini qeyd etdiyimiz akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermiş mənəvi və insani keyfiyyətləri ilə Azərbaycan qadınının nümunəvi obrazını özündə ehtiva edir. Akademik Zərifə Əliyevanın ömür yolu qazanılan uğurlarla zəngindir. Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə Zərifə Əliyeva bu sahədə ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır. Elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, böyük alim Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin, oftalmoloqların böyük bir nəslini formalaşdırıb.


Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, bu gün dünya liderləri arasında tanınan möhtərəm Prezidentimizin anası Zərifə xanım Əliyeva xalqımız tərəfindən hər zaman ehtiramla yad olunacaq, onun xalq qarşısında, Azərbaycan səhiyyəsi qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə qeyd ediləcək.
Prezident İlham Əliyevin Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən ölkədə silsilə tədbirlər keçirilir. Bu gün Mərkəzi Elmi Kitabxana olaraq görkəmli şəxsiyyətin yubileyinə öz töhfəmizi - “Zərifə Əliyeva - 100” adlı layihəmizi təqdim edirik. Elektron layihə artıq kitabxananın saytında oxucuların istifadəsinə verilib. Bundan əlavə, tezliklə Zərifə Əliyeva biblioqrafiyası da oxuculara təqdim olunacaq”,- deyə baş direktor diqqətə çatdırıb.
Çıxışı zamanı professor Məmməd Əliyev onu da vurğulayıb ki, kitabxanada görkəmli alimin zəngin və çoxşaxəli həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgi də təşkil olunub.
Daha sonra MEK-in Avtomatlaşdırma və proqram təminatı şöbəsinin müdiri Natavan Hacıyeva təqdimatı keçirilən elektron baza haqqında ətraflı məlumat verib. Bildirilib ki, 6 bölmədən ibarət elektron resursda materiallar PDF formatında təqdim edilib. Burada görkəmli oftalmoloqun elmi və ictimai fəaliyyətini əks etdirən yazılar, öz əsərləri, haqqında yazılan əsərlər, eləcə də naliyyətləri təqdim edilib. Həmçinin, elektron resursda dövri mətbuat materialları - 1960- cı ildən başlayaraq respublika və keçmiş SSRİ-nin qəzet və jurnallarında dərc olunan və akademik Zərifə Əliyevanın elmi nailiyyətlərini əks etdirən minə yaxın analitik yazı xronolji ardıcıllıqla verilib. N.Hacıyeva onu da diqqətə çatdırıb ki, elektron resursun Fotoqalereya bölməsində görkəmli akademikin şəkillərdən ibarət videomaterial yerləşdirilib. Əminliklə qeyd olunub ki, “Zərifə Əliyeva - 100” adlı elektron layihə alimlərin, magistr və tələbələrin, eləcə də geniş oxucu kütləsinin müraciət edəcəyi elmi mənbə olacaq.


AzVision.az



Teqlər: MEK  





Xəbər lenti