Qarabağda ağıllı və əbədi suverenlik tikilir

          Qarabağda ağıllı və əbədi suverenlik tikilir
  05 May 2023    Oxunub:2582
Beləliklə, Vaşinqton, daha dəqiqi Arlinqton danışıqları başa çatdı. Düşünüldüyü kimi də oldu. ABŞ təmsilçiləri onun uğurlu keçdiyini desə də, ortada bunu göstərən heç nə yoxdur. Azərbaycanın Xarici İşlər Nazirliyi də “bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını” bildirir.
Dünən də yazmışdım, danışıqların gedişindən hər kəsdən daha çox xəbərdar olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransdakı açıqlamasından bəlli idi ki, orada böyük irəliləyişin olacağı gözlənilmir. Səbəb də Ermənistanın, ən əsası isə ona geosiyasi alət kimi yanaşanların Azərbaycanın Qarabağ üzərində suverenliyini hələ də həzm etmək istəməmələri ilə bağlıdır.
Prezidentimizin də vurğuladığı kimi Ermənistan özü indi bizim ərazi bütövlüyümüzü tanımağa hətta “Qərbdəki bəzi dostlarından” daha meylli görünür. Ona görə də həmən “dostları” hayları reallığa uyğun hərəkət etməyə səsləməkdənsə, İran sayağı revanşizmə həvəsləndirirlər. ABŞ-yə gəldikdə, rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində, ən əsası isə Türkiyə ilə əlaqələrin tam da olmasa, normallaşmasında maraqlıdır. İlk növbədə ona görə maraqlıdır ki, belədə Rusiaynın Ermənistanda hərbi baza saxlaması zərurəti aradan qalxmış olur.
Amma eyni əminliklə söyləmək olmaz ki, ABŞ-ın indiki administrasiyası da Qarabağda gərginliyin tam aradan qalxmasını istəyir. Əgər istəsə idi, yeni Təhlükəsizlik Strategiyasında Ukrayna və Gürcüstanla yanaşı Azərbaycanın da ərazi bütövlüyünün təşviqi əksini tapardı. Bu isə yoxdur.
Fikrimcə, səbəblərdən biri budur ki, qərbdə Qarabağda hərbi kontingenti olan Rusiya ilə Azərbaycan və Türkiyəni üz-üzə gətirmək niyyəti hələ də qalmaqdadır. Məhz ona görə də Ermənistan ordusunun Azərbaycan torpağındakı tör-töküntüsünün orada hayların təhlükəsizliyini təmin etməkdən daha çox Rusiyanın proksisi funksiyasını yerinə yetirdiyini bildikləri halda belə bunun əleyhinə çıxmırlar.
Ən əsas səbəb isə odur ki, onlar haçansa Xankəndində öz qüvvələrini yerləşdirərək bundan Azərbaycana qarşı davamlı təzyiq aləti olaraq istifadə etməyi planlaşdırırlar. Yəni Ermənistan baş nazirinin Laçın yoluna və Qarabağa beynəlxalq missiyanın gətirilməsi haqda çağırışları onun öz istehsalı deyil, qərbdən idxal edilib.
Beləlikə, əgər Ermənistanla danışıqlarda indi əsas məqsədin bütün torpaqlarımız üzərində suverenliyimizi ona təsdiqlətmək, “dostları”na isə həzm etdirmək olduğunu nəzərə alsaq, fikrimcə, bu yöndə ən önəmli addmlar danışıqların getdiyi Arlinqtonda deyil, Qarabağla Şərqi Zəngəzurda atıldı.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd, Füzuliyə səfərləri zamanı həmən rayonlarda bir neçə yeni kəndin, yaşayış məhəlləsinin, müxtəlif təyinatlı obyektlərin təməlinin qoyulması torpaqlarımızın hər qarışı üzərində suverenliyimizi daha da möhkəmləndirir. İndi Qarabağla Şərqi Zəngəzurda təkcə yeni ağıllı şəhər və kəndlər yox, həm də belə demək mümkünsə, ağıllı və əbədi suverenlik tikilir. Onun təməlini ikinci Qarabağ savaşında dəmir yumruğa dönən əllər özü atır. Şükürlər olsun ki, burada bizim heç bir “moderator”a, yaxud da “məramlı”ya, ehtiyacımız yoxdur və ona görə də məqsədimizə doğru əzmlə irəliləyirik.

Sahib Alıyev, MM-in deputatı

AzVision.az


Teqlər:





Xəbər lenti