Diasporumuz növbəti mərhələyə nə vaxt keçəcək – Müsahibə+Video

   Diasporumuz növbəti mərhələyə nə vaxt keçəcək –    Müsahibə+Video
  05 May 2023    Oxunub:12444
Müasir dünyada bir çox ölkələr xarici siyasətlərində diasporlarının təsirindən maksimum istifadə etməyə çalışırlar. Bəzi dövlətlər bu sahədə ciddi uğurlar əldə ediblər. CBC telekanalının “Xarici münasibətlərin aspektləri” verilişinin aparıcısı, siyasi şərhçi Teymur Atayev AzVision.az -a müsahibəsində diasporun formalaşması və onun dünyada mövqeyini gücləndirən amillərlə bağlı fikirlərini bizimlə bölüşüb.
- Diasporun formalaşması üçün ümumi olaraq hansı vasitələr mövcuddur?
- Vasitələrin nədən ibarət olduğunu başa düşmək üçün bu terminin mənşəyini xatırlamaq lazımdır. Mənim subyektiv anlayışımda o dəyişir. Yəni ensiklopedik lüğətləri götürsək, “diaspor” anlayışı yunanca “yayılma” sözündəndir. Deməli, yayılma nəzərdə tutulur və ilk növbədə bunun Qədim Yunanıstan dövründə olduğu göstərilir. O zaman ərazilər artıq genişlənirdi və tacirlər, indiki dillə desək, sahibkarlar xaricə gedir, yəni faktiki olaraq miqrasiya edirdilər. Onlar, təbii ki, həm öz maraqlarını, həm də dövlətlərinin maraqlarını müdafiə ediblər. Sonralar bu ifadə analoji olaraq həm finikiyalilara, həm də yəhudilərə münasibətdə işlənməyə başlayıb.

Az sonra format dəyişdi. Çünki əvvəlcə yəhudi diasporunun ellinləşdiyi deyilirdisə, sonralar, yəni artıq eramızdan əvvəl 6-cı əsrdə Babil altında yəhudilərin güclü miqrasiya dalğası baş qaldıranda onları “diaspor” adlandırmağa başladılar. I əsrdə Yəhudi Krallığı vardısa, sonradan Roma İmperiyasının Yəhudeya əyaləti oldu. Bu, əslində yayılmadır. Yəni əvvəlcə “yəhudilər” deyəndə ellinləşdirilmişlər nəzərdə tutulurdusa, sonra qovulmuş miqrantlar oldular.

Məncə, 20-ci əsrin ikinci yarısı ona gətirib çıxardı ki, diaspor dünya ictimaiyyətinin nəzərində bir qədər fərqli şəkildə qəbul olunmağa başladı. Amma indi gördüyünüz kimi kimsə “icma”, başqası “diaspora” deyir, yəni bu məfhum müxtəlif cür qəbul olunur.

- Bu və ya digər diasporun mövcudluğu onun öz tarixi vətəninə ciddi investisiyalar cəlb edilməsində roluna necə təsir edir?
- Burada yunan, erməni diasporlarını xatırlamaq olar. Yəhudi diasporunu da yada salmaq mümkündür. Yeri gəlmişkən, son vaxtlar Azərbaycan diasporu da bu məsələdə özünü göstərməyə başlayıb. Çünki söhbət təkcə investisiyalardan getmir və burada iki məqam var. Birincisi, dövlətə yardım edirlər. Yardım müxtəlif istiqamətlərə gedə bilər. Götürək elə İkinci Qarabağ müharibəsini. Maddi dəstək var idi. İnsanlar bura əlil arabaları göndərirdilər. Diaspor həkimlərin gətirilməsini təşkil edildi.
İşğaldan azad edilmiş ərazilərin inkişafı necə baş verir? Bəli, Azərbaycanda “Yaşat” fondu var və biz gördük ki, diaspora strukturları bu fond vasitəsilə müəyyən məbləğdə sərmayə qoydular. Amma sırf azərbaycanlılardan ibarət xarici şirkətlər yox idi. Yeri gəlmişkən, coğrafi qonşularımızı, yaxud türkləri götürsək, məhz bu xalqların nümayəndələrindən ibarət xarici şirkətlər də çox azdır. Ən çox kimin yardım etməsindən danışsaq, Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl”u misal göstərmək olar. O, Rusiya şirkətidir, amma rəhbərlik edən azərbaycanlıdır. Yəni necə qəbul olunur: Azərbaycan şirkətidir, yoxsa Rusiya şirkəti? Ancaq Azərbaycan kapitalı, daha doğrusu, azərbaycanlıların kapitalı bir az başqadır. İndiki dövrdə heç zahirən də görünmür ki, bu və ya digər millətin nümayəndələri bir yerə yığışıb, bunu edirlər. Vaxtilə Ermənilərdə bu var idi, Eçmiədzinə də aid idi.

- Bilirik ki, maliyyə vəsaiti sonda siyasi maraqlara transformasiya olunur. Konkret dövlətdəki güclü diaspor öz tarixi vətəninin siyasi maraqlarının təbliğinə də müəyyən mənada töhfə verir. Bunu effektiv etməyin yolları nədir?
- Birinci məqam: sən işləyirsən və özünü necə aparmağından, davranışından, düşüncə səviyyəndən, yaşadığın ölkəyə və onun xalqına münasibətindən asılı olaraq, dövlətə də münasibət formalaşır.
İkinci məqam diaspor təşkilatlarıdır. Onlar tədbirlər keçirir, həmçinin, yerli icmanın nümayəndələrini dəvət edirlər. Əgər bu tədbirlər öz dillərinə, mədəniyyətlərinə və s. aiddirsə, deməli, özlərinə lazımdır. Yox, yerli xalqa aid mühüm tarixlərdə, məsələn, şəhər günü, müstəqillik günü ilə bağlı hər hansı tədbir keçirirsənsə, onda səni özlərininki hesab edəcəklər.


Öz dövlətinin maraqlarını təbliğ etmək (bu hər bir insanın içində var) milli məsələdir, milli kimlik isə çox mühümdür. Burada önəmli olan özünü necə qəbul etməyindir. Həmin millətlə milli identikliyiniz varmı, o ölkənin qanunlarını qəbul edirsinizmi, onların dünyagörüşünə müəyyən qədər əməl edirsinizmi? Ancaq eyni zamanda öz mədəni və mənəvi köklərinizə bağlısınız. Sözünüzün hansısa səviyyədə rol oynaması üçün yaşadığınız ölkəyə hörmət göstərməlisiniz, özünüz və övladlarınız yerli dili bilməlisiniz. Bazar günü məktəblərinə getməyinə, ana dilini, milli mədəniyyəti öyrənməyinə, mahnı oxumağına, rəqs etməyinə, öz dövlətinə dəstək olmağına baxmayaraq, onların dilini də öyrənməli, bu dövlətin tarixini bilməlisən, yoxsa səni olduğun kimi qəbul etməyəcəklər. Əgər səni özlərindən biri kimi qəbul etməsələr, öz dövlətinin mənafeyini qorumaq baxımından da qəbul etməyəcəklər. Xüsusilə də, bu onların dövlətinin maraqlarına toxunursa.
Burada üçüncü aspektə - seçkili orqanlara keçirik. Gərək özünü sübut edəsən ki, mənşəyindən asılı olmayaraq hansısa vəzifələrə namizəd ola biləsən. Təbii ki, mən artıq həmin dövlətin vətəndaşı olanlardan danışıram. Götürün elə Böyük Britaniyanı. Hazırda Böyük Britaniyada bir hindli hökumətin başında, bir hindli isə müxalifətdədir. Şotlandiyanı götürək. Şotlandiya Milli Partiyasına (bəzən ona Millətçi Partiya da deyirlər) bir hindistanlı rəhbərlik edir.
Yeri gəlmişkən, Çin formatına nəzər salaq. Çin məhəllələlərinə toxunmayacağam, onlarda bir növ tarix var. Çinlilər başqa dövlətə daxil olanda ilk növbədə özlərini həmin dövlətin vətəndaşı kimi göstərirlər. Hamısı o xalqın dilində danışmağa başlayır. Amma öz mədəniyyətlərini unutmurlar. Çinli kimi qalaraq yaşadıqları dövlətin qanunlarını qəbul edirlər. Çinlilər bir vaxtlar Azərbaycana da gəlmişdilər, ticarətlə məşğul idilər. Şəhərin müxtəlif yerlərində təmiz Azərbaycan dilində nəsə almağı təklif edirdilər. Çinlilərdə bu qabiliyyət var. Getdikləri ölkələrdə xalqın mentalitetini öyrənirlər.
Bu gün ərəb ölkələrində - Səudiyyə Ərəbistanında, Küveytdə və ya Qətərdə çox maraqlı mənzərə var. Mağazaya girəndə ancaq ingilis nitqi eşidirsən. Yəni mağazalarda işləyən ərəblərin özləri ingilis dilində danışırlar. Niyə? Çünki orada çoxlu filippinli var və onlar ərəb dilini bilmirlər. Ərəb dilini bilməyə ehtiyac da yoxdur. Çünki ərəblərin özləri ingiliscə danışırlar və ərəb dilini öyrətməyə ehtiyac duymurlar. Onlara işçi qüvvəsi lazımdır və bu məqsədlə filippinlilərin xidmətindən istifadə edirlər. Ərəblər üçün onların ərəb dilini bilməsinin, hətta müsəlman olmamalarının əhəmiyyəti yoxdur. Əsas odur ki, işini görür, maaşını alır və heç bir problem yaratmır.

- Son 40-50 ildə hansı diasporlar dünyada öz mövqelərinin formalaşması və möhkəmlənməsi baxımından böyük sıçrayış ediblər?
- Mən hamıdan qabaq İngiltərədə yaşayan hindlilərin adını çəkərdim. ABŞ-ın təcrübəsini götürsək, orada çox ciddi ərəb xətti var. Onların Nyu-Yorkun özündə çox ciddi maliyyə əlaqələri var. Böyük Britaniya və ya Fransanın futbol komandalarına diqqət edin, onların inkişafında ərəb kapitalının ciddi rolu var. Nadir istisnalarla bu məsələ kiminsə şəxsiyyəti ilə bağlı ola bilər, ancaq yerli xalq arasında heç bir etiraza səbəb olmur. Burada söhbət diaspordan getmir, amma orada onların ölkəsindən gələn insanlar işləyir, hətta bəziləri bu dövlətin vətəndaşlarıdır.
Başqa bir çox vacib məqam. Böyük Britaniyada Pakistan xətti, Fransada ərəb xətti çox ciddi təmsil olunurlar. Türklərin Almaniyada ciddi mövqeləri var. Böyük Britaniyada hindistanlıların nazir postlarına qədər yüksəldiyini görürük. Götürək elə futbol üzrə İngiltərə yığmasını. Hələ Fransadan danışmıram. Fransa yığması dünya çempionu, ondan əvvəl isə Avropa çempionu olanda zarafatla deyirdilər ki, Fransanı təmsil edən Afrika yığması Avropa və dünya çempionu olub. Bu, fransızları narahat etmir, çünki onlar da fransızlar kimi, artıq 3-4-cü nəsildir ki, buradadırlar. Onların ancaq dərisinin rəngi fərqlidir, qalan hər şeyləri ilə fransızdırlar.
İndi Almaniyada yaşayan türklərdə də oxşar vəziyyətdir. Niyə idmanı misal çəkirəm? Çünki idman dünya geosiyasətində gedən proseslərin əsas göstəricisidir. Aparıcı futbol çempionatlarını götürsək, buradakı komandalar dünyanın aparıcı ölkələrini təmsil edirlər.
Məşhur alman futbolçu Frans Bekkenbauer “Bavariya” futbol klubunun prezidenti olarkən Mehmet Şoll orada oynayırdı. Futboldan gedəndən sonra Bekkenbauerin müsahibəsini oxudum. “İndi Mehmet Şollu kim əvəz edəcək?” sualına cavab vermişdi ki, onun yerinə başqa türk axtarırıq. “Onun yerinə mütləq başqa bir türk oynamalıdır?” sualını cavab verəndə isə deyir ki, tamaşaçıların 12 faizi türklərdir. Onlar Şollu türk bayraqları ilə qarşılayırlar və biz bunu təşviq edirik. Almaniyanın, İtaliyanın əsas futbol klublarına diqqət yetirin. Əvəzedici kimi meydana çıxsalar da, hər klubda 1-2 türk var.
Bəs türklər niyə orada parlamentdə o qədər də güclü deyillər? Çünki hələ yunanların, ermənilərin, yəhudilərin, hindlilərin keçdiyi mərhələni keçməlidirlər. Hindlilər ora iki nəsil əvvəl gəliblər. Artıq görürük ki, Almaniyada türkləri bir çox birliklərdə, təşkilatlarda və s.-də özlərininki kimi qəbul edirlər. Onlar Almaniyanın maraqlarını təmsil edirlər. Türk soyadları artıq tanınır, xüsusən də jurnalistika sahəsində.

- Azərbaycan diasporunun dünya miqyasında mövqelərini gücləndirmək üçün hansı addımları atmalıyıq?
- Hazırda dünya strukturlarında çox ciddi şəkildə təmsil olunan azərbaycanlılar var. BMT-də, Dünya Bankında, “Google” Korporasiyasında. Bu, görmək istədiyimiz böyük siyahı deyil, amma olacaq. Türklər ötən əsrin 60-cı illərində köçməyə başlayıblar, azərbaycanlıların köçü isə ötən əsrin 90-cı illərinin ikinci yarısından başlayıb, ancaq sayları çox az olub. Buradan daha çox yəhudilər gedib və lobbi yaradıblar. Yəhudilər bizim də lobbimiz və diasporumuzdur, həm də İsraildə. Dünyanın bir çox ölkələrində yəhudilər praktik olaraq Azərbaycan diasporunun nümayəndələridirlər. İndi xaricdə çoxlu “Azərbaycan evləri” var. Elə 2-3 gün əvvəl Kanadada daha bir “Azərbaycan evi” yaradıldı.

Onlar niyə “azərbaycanlıların evi” deyil, “Azərbaycan evi” adlanırlar? “Azərbaycan evi” sadəcə şirniyyat, rəqslər, yaradıcılıq axşamları demək deyil. Həm də orada olan insanların ümumi evidir. Onlar ora gələ və müəyyən tədbirlər keçirə bilərlər. Hər şey tədbirlərin xarakterindən asılı olacaq.
Burada yenə də ona qayıdırıq ki, hər bir ölkədə müstəqillik günü, şəhər günü və ya bəzi tarixi hadisələrin, doğum günlərinin qeyd olunduğu günlər var. Məsələn, Avstriyada Motsartın, Almaniyada digər bəstəkarların doğum günləri qeyd edilir.
Mövqeləri sərgilənən davranış gücləndirə bilər. Yəni o dövlətin qanunlarını, dilini və tarixini necə, hansı səviyyədə bilib, qəbul etməyiniz. Sizin yüksək səviyyəli mütəxəssis olduğunuzu görməlidirlər. Yeri gəlmişkən, siz Estoniyada və başqa ölkələrdə nazir olan soydaşlarımızı görmüsünüz. Bu proses pilləkənləri qalxmağa bənzəyir və asan məsələ deyil. Onlar səni özlərininki saymalıdır. Xarici və daxili siyasətdə sizə özlərininki kimi etibar etməyə başlayanda etnik mənşəli bir insan kimi dinləyəcəklər. Milli kimliyiniz qeyri-müəyyənlikdən çıxar və sizi dinləyib, arxanızca gedərlər. Titul xalqın nümayəndələrinin maraqlarını təmsil edərkən ağlın, intellektin, bu insanlara münasibətinlə seçilməlisən. Dil bilmək, təbii ki, arzuolunandır, ancaq övladlarınız öz məktəblərinizə də getməli və doğma dili öyrənməlidirlər.

Almaniyada çox ciddi həkim kontingentimiz var. Hətta bütöv bir həkim təşkilatımız, almanların da işlədiyi elə klinikalar var ki, onlara azərbaycanlılar rəhbərlik edir. Rusiyadan xəbərimiz var, ona görə də Almaniyanı misal çəkirəm. Avstriya və Danimarkada da çox güclü həkimlərimiz çalışırlar. Ancaq konkret ad çəkmək istəmirəm, çünki kimisə inciyə bilər. Bu yaxınlarda bura həkimlər gəlmişdilər, onlar hətta Zəngilan rayonunda olublar və öz yeni ideyalarını təklif ediblər. Ancaq bu ideyalar sırf “yaşıl enerji” deyil, süni intellekt və ya dərmanlarla da bağlı ola bilər. Əvvəllər bu səviyyədə mütəxəssis olmadığı üçün xaricdən həkimlər dəvət olunurdusa, indi xaricdən azərbaycanlılar gəlir. Eyni şey təhsilə də aiddir. Bu insanlar artıq orada - Pentaqonda və ya ciddi bir Avropa nazirliyində hansısa vəzifəyə necə gəlmələri ilə bağlı təcrübələrini bölüşürlər.
Azərbaycanlıların böyük təbəqəsi Avstriyada konservatoriya bitirib. Onlar indi xaricdə işləyirlər, qastrol səfərlərinə gedirlər və bir çox ölkələrdə yaxşı tanınırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti