Ayıya panda şapalağı: Çin Rusiyanı niyə “vurdu”? – Moskvadan baxış (Eksklüziv)

      Ayıya panda şapalağı:    Çin Rusiyanı niyə “vurdu”? –    Moskvadan baxış (Eksklüziv)
  08 May 2023    Oxunub:6749
Çin BMT Baş Assambleyasının Rusiyanı “təcavüzkar” adlandıran qətnaməsini ilk dəfə dəstəkləyib. Pekinin mövqeyini dəyişən nə oldu? Kreml buna necə reaksiya verəcək?
Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova AzVision.az -a müsahibəsində bildirib ki, bir həftə əvvəl Çin və Ukrayna liderləri arasında rəsmi telefon danışığı zamanı Si Cinpin Ukraynanı “Çinin mühüm strateji tərəfdaşı” adlandırmışdısa, indi Pekinin Rusiyanı təcavüzkar ölkə kimi tanıyanı BMT qətnaməsinə səs verməsi gözlənilməz sayılmamalıdır.

Si Cinpin Zelenski ilə söhbətində bildirmişdi ki, 31 illik inkişaf ərzində Çin-Ukrayna münasibətləri “strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bu, iki ölkənin inkişafına və yüksəlişinə əlavə təkan verib”. O, həmçinin deyib ki, “suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət Çin-Ukrayna münasibətlərinin siyasi əsasını təşkil edir”.


Bir ay əvvəl Çinin Aİ-dəki səfiri Fu Konqun “The New York Times” qəzetinə verdiyi müsahibə böyük rezonans doğurmuşdu. Məqalədə yazıldığına görə, diplomat bildirib ki, Çin Ukraynada keçirilən xüsusi əməliyyatda Rusiyaya dəstək vermir. Çin rəhbərinin ölkələr arasında “sərhədsiz dostluq” barədə bəyanatı isə ritorikadan başqa bir şey deyil.

- Düzdür, bəziləri deyir ki, səfir bu sözləri özündən uydurub, amma uzun müddət XİN sistemində işləmiş şəxs kimi deyə bilərəm ki, bu cür “uydurmalara” görə səfiri dərhal geri çağırırlar. - Poloskova deyib.- Həm də təkcə Çində deyil. Rəsmi Pekin isə materialın saytdan çıxarılmasına göstəriş verməklə kifayətlənib. Xüsusi hərbi əməliyyatın əvvəlində bitərəfliyini bəyan edən Çin bizə rublla ağrılı zərbə vurdu. Bəli, ticarət gedir, amma biz dempinq etməyə məcburuq. Dmitri Medvedevin dekabrda Pekinə səfəri zamanı apardığı danışıqlar məni çox narahat etdi. Mən onları kimin hazırladığını bilirəm. Çağırdılar və nəylə bağlısa sövdələşmə oldu. Çin liderinin Rusiyaya səfərindən dərhal sonra bir sıra mühüm iqtisadi, o cümlədən, tikinti və kənd təsərrüfatı kompleksləri ilə bağlı müqavilələr bağlandı. Çin vərdiş etdiyi yolla gedir. İnvestisiya hesabına başqalarının resurslarını mənimsəyir.

Ekspert xatırladıb ki, Çində xarici siyasət oyununun, eyni zamanda bir neçə şahmat taxtasında oynamağın çoxəsrlik ənənəsi var. Çin üçün yalnız Çinin maraqları mövcuddur. Çin diasporu rus diasporundan fərqli olaraq, heç vaxt dövlətindən pul dilənməyib, əksinə, Çinin iqtisadi yüksəlişinə töhfəsini verib. Çin lobbisinin imkanları ABŞ da daxil olmaqla, yəhudi və erməni lobbisinin birgə imkanlarından güclü və əhəmiyyətlidir. Məhz bu səbəbdən Çin qoşun yeritmədən və bir güllə belə atmadan demək olar ki, bütün Latın Amerikasını faktiki investisiya nəzarəti altına aldı. ABŞ-ı onların “arxa həyətindən” qovan varsa, bu qətiyyən Rusiya deyil. Sanksiyalara baxmayaraq, Çin ABŞ-nin özündə də pərakəndə ticarətin kralıdır.


- Bir ildən artıqdır ki, Çinlə ekspert layihələri həyata keçirirəm.- Poloskova söhbətinə davam edir.- Hazırda Şanxaydan olan tərəfdaşlarla Moskvada birgə investisiya və konsaltinq mərkəzi yaradırıq. Mən bu ölkədə olmuşam və yaxın gələcəkdə ora getməyi planlaşdırıram. Əmin olmuşam ki, “çinli hər yerdə çinlidir”, yəni onun üçün ölkəsinin, xalqının mənafeyi hər şeydən üstündür. Sun Tszının yazdığı hərbi strategiyaya dair məşhur qədim Çin traktatında deyilir: “Düşməni tələyə salmaq, onun təlim keçmiş qüvvələri ilə toqquşmadan qaçmaq lazımdır. Düşmənin hərəkətləri haqqında məlumat toplamalı, eyni zamanda öz hərəkətlərini gizlətməlisən. Casusların fəaliyyətinə çəkilən xərc ordunun saxlamaqdan ucuz başa gəlir. Odur ki, gərək casuslara pul əsirgəməyəsən”. Şübhə etmirəm ki, Si Cinpinin Rusiyaya səfəri çoxvariantlı oyunun bir hissəsi idi. Aralıq nəticədə Çin hakimiyyəti BMT-də məhz bu şəkildə səs vermək qərarına gəldi. Əgər döyüş meydanında başqa nəticələr olsaydı, Çinin davranışı fərqli olardı. Görək bundan sonra nə olacaq. Çinin böyük geosiyasi şahmat oyunu yenicə başlayıb.

Rusiya mətbuatının “Çin bıçağı kürəyimizə sapladı” ritorikasını şərh edən ekspert bildirib ki, hazırda Rusiya xarici siyasətinin ekspert təminatından müzakirə yoxa çıxıb. “Bizim hakimiyyət orqanları alternativ fikri olanların qərarların qəbuluna təsir edə bilməməsi üçün əllərindən gələni etdilər. Mən heç müxalifəti də nəzərdə tutmuram. Universitetlərimizdə, mediada kifayət qədər adam var ki, Çini Rusiya paytaxtının mərkəzində Pekin ördəyi verən Çin restoranlarına getməklə tanımırlar, amma nədənsə onların fikri Rusiya hakimiyyətini maraqlandırmır”.

Poloskovanın fikrincə, Rusiya cəmiyyəti Çinə və çinlilərə elə də güvənmir. Damansk hadisələri hələ də unudulmayıb. Rus cəmiyyətində türklərə inam daha çoxdur.

Murad Nəcəfov
AzVision.az



Teqlər: Çin   Rusiya  





Xəbər lenti