Neftin baharı: “OPEC+”un qərarı qiyməti qaldıracaq – TƏHLİL

      Neftin baharı:    “OPEC+”un qərarı qiyməti qaldıracaq –    TƏHLİL
  09 May 2023    Oxunub:5265
“OPEC+”a daxil olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və digər ölkələrin hasilatın azaldılması haqda qərarı bu ölkələrin neftin dünya bazar qiymətlərinin enişində maraqlı olmadıqlarını bir daha üzə çıxartdı. Çünki, ortada heç də kəskin eniş yox idi. Qiymətlər sadəcə olaraq, 80 ABŞ dollarının altında qalxıb-düşürdü. Ancaq görünür, sözügedən ölkələrin bazarda qiymətlərin yaxında daha çox düşəcəyi haqda bilgisi varmış.
OPEC+ ölkələri 2016-cı ildən bəri qiymətləri yaxşı tənzimləyirlər. Həmin ildən bəri ABŞ neftin qiymətlərinə istədiyi kimi təsir göstərə bilmir. Başqa sözlə desəm, bu sahədə dünya bazarlarında əvvəlkitək "at oynatmağa" gücü çatmır. Bu isə qiymətləri sabit saxlamağa imkan yaradır. “OPEC+” ölkələrinin sonuncu qərarı da əslində, qurumun keçən ilin oktyabr ayında qəbul etdiyi qərardakı kvotaya əlavə sayılır.

Xatırladım ki, qurumun üzvləri 2020-ci ilin mayında pandemiya ilə əlaqədar neftə tələbatın kəskin enməsini əsas götürərək, hasilatı sutkada 9,7 milyon barrel azaltmaq barədə qərar qəbul etmişdilər. Bu qərar dünya iqtisadiyyatının çox dadına çatdı. Yoxsa, pandemiya ilə əlaqədar qlobal iqtisadi sistemin onurğa sütunu az qala qırılacaqdı.

2020-ci ilin aprelində neftin qiyməti 20 ABŞ dollarınadək enmişdi. Həmin vaxtdan sonra keçən ilin avqust ayında təşkilat üzvləri hasilatı cüzi olaraq, yəni 400 min barel həcmində artırmaq haqda qərar qəbul etdilər. Lakin çox keçmədi, yuxarıda qeyd etdiyim kimi, oktyabrda qəbul edilən qərarla noyabrdan hasilatı yenə gündəlik olaraq 2 milyon barel azaltmaq barədə razılığa gəlindi.

Sonuncu qərara əsasən isə Səudiyyə Ərəbistanının maydan başlayaraq gündəlik hasilatı 500 min barel, Birləşmiş Ərəb Əmirliklərinin 144 min barel, İraqın 211 min barel, Küveytin 128 min barel, Omanın 40 min barel, Qazaxıstanın isə 78 min barel azaldacaqları 2022-ci ilin oktyabrında qəbul edilən kvotaya əlavə sayılır.
May ayından həyata keçiriləcək bu əlavə azaldılma 2023-ci ilin sonunadək davam etdiriləcək. Bu isə onu deməyə əsas verir ki, ilin sonunadək qlobal iqtisadiyyat üzrə xam neftə tələbat az olacaq. Demək, dünya üzrə ümumi iqtisadi artım zəif gedəcək. Bunun da bəlli səbəbləri var.

Bəs OPEC+ ölkələrinin qərarı bizim üçün nə dərəcədə əhəmiyyətlidir?! Ölkəmiz üçün neft hansı qiymətdə olsa sərfəli sayılır və hansı həddə stabilləşməsi məqsədəuyğundur?


2023-cü ilin dövlət büdcəmizin 53%-ni neft-qaz sektoruna aid gəlirlər təşkil edəcək. Büdcənin ÜDM-in 29%-ni təşkil edəcək 30 milyard 720 milyon 700 min manat mədaxilinin 16 milyard 297 milyon manatını, yəni 53%-ni neft-qazdan, yerdə qalan 14 milyard 423 milyon 700 min manatını - 47% hissəsini isə qeyri-neft-qaz sektorundan daxilolmalar təmin edəcək.
Neft-qaz sektorundan daxilolmaların 11 milyard 280 milyon manatını - 69,2%-ni Dövlət Neft Fondundan transfert, 5 milyard 17 milyon manatını - 30,8%-ni isə vergi orqanları tərəfindən sözügedən sektorda çalışan şirkətlərin öhdəliklərindən əldə olunacaq mədaxil təşkil edəcək.

Göründüyü kimi, dövlət gəlirlərimizin neft və qazdan asılılığı davam edir. Və bu, uzun müddət belə olacaq. Ümumiyyətlə, neftin dünya bazar qiymətləri bizim üçün əsas və təsiredici faktor rolunda çıxış edir ki, hər il ərzində gəlir və xərclərimiz məhz bunun əsasında təşəkkül tapır. Təsadüfi deyil, hər dəfə növbəti il üçün təqdim edilən dövlət büdcəsi layihəsində ümumi gəlir məbləği yazılmamışdan öncə, beynəlxalq bazarlarda neftin 1 barelinin orta illik ixrac qiymətinə dair proqnoz əsas götürülür.

Bu ilin dövlət büdcəsində xam neftin 1 barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülüb. Əsas suallardan biri həmin rəqəmin nə dərəcədə əsaslı olub-olmadığı barədədir. Hesab edirəm ki, kifayət qədər əsaslıdır. Yeri gəlmişkən, neftin orta illik ixrac qiyməti keçən ilin dövlət büdcəsində də 50 ABŞ dolları səviyyəsində götürülmüşdü. Lakin iyunda büdcə proqnozlarının dürüstləşdirilməsi zamanı 85 dollara qaldırıldı. Bu, çox ciddi riskli addım idi.

Ümumiyyətlə, dövlət büdcəmizin neft-qaz sektorundan asılılığının azaldılması gedişatına və tendensiyasına uyğun olaraq, neftin orta illik ixrac qiymətinin qarşıdakı 3 il ərzində 50 ABŞ dolları səviyyəsində götürülməsi ən uyğun variantdır.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün




Teqlər: Neft   OPEC+  





Xəbər lenti