Erməni PUA-larının sirri açıldı: Onları uşaqlar düzəldir – Araşdırma

      Erməni PUA-larının sirri açıldı:    Onları uşaqlar düzəldir –    Araşdırma
  14 May 2023    Oxunub:9421
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər istiqamətində Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı PUA-lardan istifadə etməsi cəmiyyətdə bu vasitələrin təyinatı, imkanları və istehsalçısı barədə bir çox suallar yaradıb. Bu PUA-lar haradan çıxdı? Ermənistan onları necə əldə edib? Gəlin, aydınlaşdırmağa çalışaq.
Fərari ordusunun istifadə etdiyi bu PUA-ların hazırlanması barədə ilk məlumatlara 2021-ci ilin oktyabrın sonundan rast gəlinir. Ermənistanın Qabaqcıl Texnologiya Müəssisələri İttifaqının (UATE) dəvəti ilə Banqladeşdən nümayəndə heyəti ora 5 günlük səfərə gəlmişdi. Səfər çərçivəsində “Armath Engineering Laboratory” -nin (Armath Mühəndislik Laboratoriyası) açılışı və əməkdaşlığın genişləndirilməsi müzakirə olunmuşdu. Laboratoriyanın açılışı DIP (İnkişaf İnnovasiya Platforması) Fondu Dəkkə Hərbi Hava Qüvvələri Məktəbi ilə birgə 2022-ci ilin yazında baş tutmalı idi. Banqladeşin nümayəndə heyəti 10 nəfərdən ibarət idi. Onlardan 7-si İnformasiya Texnologiyaları və Rabitə Nazirliyinin Yüksək Texnologiyalar Parkını, 3-ü isə İnkişaf İnnovasiya Platforması Fondun u təmsil edirdi.

UATE tərəfdaşları İrəvanda və regionlarda yerləşən “Armath laboratoriya”larına, eləcə də Dilicandakı “Armath” PUA laboratoriyasına baş çəkmişdilər. Burada qonaqlar terrorçu Monte Melkonyan adını daşıyan liseyinin şagirdləri ilə görüşmək və onların hazırladıqları dronlar ilə tanış olmaq imkanı əldə etmişdilər. Bu dronlar mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər istiqamətində Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən tətbiq etdiyi həmin vasitələrdir.

Məktəblərə və laboratoriyalara səfər edən qonaqlar “Armath” layihəsinin mülki məqsədləri haqqında ağızdolusu danışmışdılar. Amma indi nə UATE təhsil proqramlarının direktoru Şamam Gevorqyan, nə də onun Banqladeşdən olan qonaqları şagirdlərin hazırladığı mülki təyinatlı PUA-ların döyüşlərdə Azərbaycana qarşı tətbiqini izah edə bilmirlər. UATE artıq Ermənistanın bu qaranlıq təhsil modelinin ixracı prosesinə də başlayıb, əvvəlcə Hindistanda, sonra Banqladeşdə “Armath Mühəndislik Laboratoriya”larını açıb.


2019-cu ildə Ermənistanda keçirilən “DigiTec Expo” günlərində Efiopiya, Əfqanıstan və Mərakeşdən olan qonaqlar Aqarakda yerləşən “Armath Lab”da qonaq olmuşdular. Burada qonaqlar proqramın özəllikləri, qeydə alınan uğurlar və laboratoriya tələbələrinin layihələri ilə tanış olmuşdular.

Ermənistan mediasının verdiyi məlumata görə 2021-ci ildə Ermənistanda, o cümlədən rusların nəzarətində olan ərazilərimizdə , Gürcüstanda və Hindistanda 600-ə yaxın “Armath Mühəndislik Laboratoriyası” fəaliyyət göstərib. Bu laboratoriyalarda ümumilikdə 15000-ə yaxın tələbə pulsuz mühəndislik təhsili alır.

Beləliklə, Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa nail olub. Banqladeşdən gələn qonaqlar “Armath” laboratoriyasının açılmasının gənclərin inkişafına dəstək olacağına ümid ifadə etmişdilər. İndi isə məlum olur ki, Banqladeşə “erməni uşaqlar tərəfindən hazırlanan mülki məqsədli PUA” kimi təqdim edilən vasitələr Azərbaycanın suveren ərazilərində müdafiə olunan şəxsi heyətə qarşı öldürücü silah kimi tətbiq olunub.

Ermənistanın son təxribatlarda geniş istifadə etdiyi bu PUA-lar UATE (Union of Advanced Technology Enterprises) adlı İT Assosiasiyasının dəstəyi ilə kustar üsulla Dilicandakı “Armath” PUA laboratoriyasında, terrorçu Monte Melkonyan adına Liseyinin şagirdləri tərəfindən hazırlanıb. Məncə, burada bizim də üzərində düşünməli olduğumuz məqamlar yox deyil. Ermənistandan fərqli olaraq, Azərbaycanın “İT Assosiasiyaların Beynəlxalq Alyansı”na (WITSA - World Information Technology & Services Alliance ) üzv olmamasına İT üzrə mütəxəssis Osman Gündüz aydınlıq gətirsə, daha məntiqli olar.

Qayıdaq erməni şagirdlərin hazırladığı PUA-lara. Düşmən bu PUA-lardan penoplast korpusuna trotil yerləşdirməklə istifadə edir. “LiPo 14.8V” tipli batareyalardan istifadə edən sadə konstruksiyalı aparatın dəqiqliyi kifayət qədər zəifdir, hədəflərə kilidlənə bilmir və avtopilot rejiminə malik deyil. Ondan yalnız sabit və zirehsiz hədəflərə, xüsusilə də canlı qüvvəyə qarşı istifadə etmək mümkündür.

PUA-nın kamerası, pərləri və bir neçə digər elementi internetdə açıq satışda mövcuddur. Ən bahalı detalı “Raspberry PİCameraModule V2.1” tipli kamerasıdır ki, onun da internet satış platformalarında qiyməti cəmisi 28.50 funt, yəni təxminən 60 manatdır.


PUA üçün bəzi primitiv material və hissələri UATE-nin keçmiş sədri Karen Vardanyanın Fondu təmin edir. Gümrüdəki “FlyLab” dərnəklərin işinin koordinasiyasını həyata keçirir. Torna dəzgahlarını isə Gorusdan “AugmentAr” müəssisəsi çatdırıb.

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər istiqamətində Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı tətbiq etdiyi bu PUA-ların bölmələrimiz tərəfindən vaxtında aşkar edilməsi və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində, həm də hədəfə çatmadan zərərsizləşdirilməsi göstərir ki, Ordumuzun radioelektron mübarizə (REM) vasitələrinin düşmən PUA-larının siqnallarına müdaxilə imkanları var.

Ermənistan tərəfinin təxribatlara davam etməsi Azərbaycanın cavab atəşi açmasını labüd edir. Erməni mövqelərinin, hətta hərbi hissə və silah-sursat anbarlarının Basarkeçər rayon mərkəzində, Zod və digər kəndlərin ərazisində və ya yaxın ətrafında yerləşdirilməsi bu ərazilərdə əhalinin evlərində təhlükəsiz yaşamasını qeyri-mümkün edir. Azərbaycana qarşı müqavimət potensialı olmayan Ermənistan təxribat fəaliyyətlərinin ağır nəticələrinin olacağını, o cümlədən, Azərbaycanın əks-cavab reaksiyasında tərəddüd etməyəcəyini bilərək, qəsdən 2022-cü ilin sentyabrında baş verənlərin Basarkeçərdə təkrarlanmasına şərait yaradır. Bu təxribatlar düşmənin fərari ordusuna daha çox sayda şəxsi heyət, ərazi və texnika itkiləri vəd edir. Çünki düşmənin Əsgərimizin həyat və təhlükəsizliyinə qarşı təhdidlərini aradan qaldırmamaq gələcəkdə daha böyük problemlər yarada bilər.

Ermənistan silahlı qüvvələrinin Zəif imkanlara malik vasitələrlə qalib Azərbaycan Ordusuna təzyiq göstərmək məqsədilə təxribatlar törətməsi tamamilə mənasız və perspektivsiz addımdır. Keçən ilin sentyabrında biz fərari erməni ordusunun bənzər, amma bir qədər geniş təxribatları ilə qarşılaşmışdıq. Bu təxribatların təkrarlanması Azərbaycan tərəfinə bufer və ya təhlükəsizlik zonası yaratmaqdan başqa çıxış yolu qoymur.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: PUA   Ermənistan   Təxribat  





Xəbər lenti