Rusiya Kinosu Günləri Azərbaycana qayıdır

Rusiya Kinosu Günləri Azərbaycana qayıdır
  16 May 2023    Oxunub:2087
Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Roskino” tərəfindən təşkil olunmuş Rusiya Kinosu Günləri “CinemaPlus Azerbaijan Cinema” kinoteatrında keçiriləcək. Russian Film Festival (RFF) brendi ilə keçirilən tədbir Azərbaycanda artıq üçüncü dəfədir ki, baş tutur. 2021-ci ildə festival onlayn formatda keçirilib, ötən ildə isə Rusiya filmlərinin nümayişi hibrid formatda – onlayn və oflayn keçirilib.
Bu barədə AzVision.az -a “Roskino”nun mətbuat xidmətindən bildirilib.

Azərbaycan paytaxtında mayın 19-dan 21-nə qədər keçiriləcək festival çərçivəsində beş film pulsuz nümayiş olunacaq. Tamaşaçılar fantastika janrında olan “Qırmızı papaq” adlı ailə filmini, “Dalğalar” dramını, “Libereya: Xəzinə Ovçuları” macəra hekayəsini, həmçinin Rusiya prokatında uğur qazanan və gənc tamaşaçılar tərəfindən sevilən cizgi filmlərini: “Qar Kraliçası: Donun əriməsi” və “Gəlin qaçıran. Koşşey”i seyr edəcəklər.

Dram janrında “Dalğa” filminin prodüseri qismində Avropa Kino Akademiyasının üzvü, Bakıda anadan olmuş Səbinə Yeremeyeva çıxış edib. Filmin premyerası 2022-ci ilin avqust ayında “Avropaya pəncərə” kinofestivalı çərçivəsində olub.

“Film mürəkkəbdir – yaxınlarının itirilməsi, həyatda yeni mənanın axtarışı barədə bəhs edir, ona görə güman edirəm ki, tamaşaçıların emosional qavrayışı da sadə olmayacaq. Lakin filmin hekayəsi və məkanının maraqlı və bədii kino dilində həll olunduğuna, finalda isə qəhrəmanlarda ümid yarandığına görə mən filmin nümayişindən sonra ekran əsərinin estetik cəhətdən qəbul olunacağına və ondan düzgün zövq alınacağına ümid edirəm. Bu, şübhəsiz ki, ümumilikdə dünya kinematoqrafını və xüsusən, festival art-meynstrimini izləyən hazırlıqlı tamaşaçılardır. Hərçənd trillerlərə baxan gənclər də demək olar ki, hədəf auditoriyamız ola bilər”, – deyə Səbinə Yeremeyeva qeyd edir.

Prodüser deyib ki, Azərbaycan dilində film çəkməyi planlaşdırır: “Mən yarı azərbaycanlıyam, ailəm qismən Bakıda yaşayır, mən bura mütəmadi olaraq gəlirəm. Uzun müddətdir ki, yerli kinematoqrafçılar ilə əməkdaşlıqda Azərbaycan dilində film çəkmək istəyirəm. Güman edirəm ki, bu işdə faydam ola bilər, söhbət Avropa təcrübəsi və beynəlxalq festival inteqrasiyasından gedir”. Onun sözlərinə görə, film üçün artıq ideya və maraqlı - “elçilik və ya Azərbaycanda evlənmək” mövzusu var.

Azərbaycanda Rusiya Kinosu Günlərinin birinci günündə “Libereya: Xəzinə Ovçuları” macəra-aksion filmi nümayiş olunacaq. Film əfsanəvi Libereyaya, İvan Qroznı kitabxanasına apara biləcək əsrarəngiz artefaktı miras alan müasir oğlan İlyanın hekayəsindən bəhs edir.

İkinci gün proqram gənc tamaşaçıları rus xalq nağıllarının məşhur personajı Ölməz Koşşey obrazı əsasında çəkilmiş “Gəlin qaçıran. Koşşey” macəra animasiyası və Şarl Perronun məşhur nağılının baş qəhrəmanının mənşəyindən bəhs edən “Qırmızı papaq” ailə fantastik filmi ilə sevindirəcək.

Son gün tamaşaçıların diqqətinə “Qar kraliçasının qızı, nadinc və cəsur sehrbaz Ayladan bəhs edən “Qar kraliçası: Donun əriməsi” adlı ailə cizgi filmi təqdim olunacaq.

Festivalın son günündə “Dalğalar” dramı nümayiş olunacaq.

“Russian Film” festival brendi ilə Rusiya Kinosu Günləri 2020-ci ildən Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Roskino” tərəfindən keçirilir. Festivalın əsas məqsədi xarici tamaşaçıları müxtəlif janrlı bədii filmlərdən və seriallardan tutmuş animasiya və sənədli filmlərə qədər müasir Rusiya kinosunun müxtəlifliyi ilə tanış etməkdir. 2020-2022-ci illərdə festival 6,5 milyondan çox tamaşaçı toplayaraq 30 ölkədə keçirilib. RFF brendi ilə keçirilən Rusiya Kinosu Günlərinin formatına həm onlayn nümayiş, həm də oflayn tədbirlər daxildir.

AzVision.az



Teqlər:





Xəbər lenti