Azərbaycanda ilk dəfə Hava Şarları Festivalı keçiriləcək

   Azərbaycanda ilk dəfə Hava Şarları Festivalı keçiriləcək
  25 May 2023    Oxunub:2761
İyunun 17-18-də Azərbaycanda ilk Hava şarları Festivalı (Balloon Festival) keçiriləcək. Festivalın Təşkilat Komitəsindən verilən məlumata görə, Şamaxı şəhərində keçiriləcək tədbirin ilk günü-iyunun 17-də layihənin iştirakçılar üçün təqdimatı olacaq, hava şarları, uçuş barədə məlumat veriləcək, əyləncə proqramı olacaq.
İyunun 18-də isə Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanmış hava şarları qalxacaq. Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edəcək. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edəcək.

Bu, bölgəmizin turizm imkanlarının təbliği baxımından mühüm əhəmiyyətə malik bir layihə olacaq. Festival turistlər üçün yeni, yerli əhali üçün isə tanış məkanları yüksəklikdən görmək, heyrətamiz peyzajdan zövq almaq üçün unikal imkandır. İştirakçılar Şamaxının əsrarəngiz mənzərəsini quş uçuşu hündürlüyündən izləyə biləcəklər.

Unudulmaz xatirəyə çevriləcək aerostatdakı uçuş inanılmaz sərbəstlik hissi, isti küləyin qoxusu, sevinc və xoş emosiyalar bağışlayacaq.

Hava şarlarında uçuş – unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarlarının festivalları keçirilir və turistlər məhz bu uçuşların keçirildiyi yerə səfər edir. Bu ildən etibarən isə belə imkan Azərbaycanda da yaradılır. Bunun üçün sadəcə Şamaxıya gəlməyiniz kifayət edəcək.

Hava şarları festivalları Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Nyu Meksikonın Albukerke, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya və digər şəhərlərdə keçirilir.

Ənənəvi keçirilməsi nəzərdə tutulan hava şarları festivalının birinci ilinə giriş dəvətnamə ilə olacaq. Festivalın sonunda iştirakçılara uçuşdan xatirə olaraq sertifikatlar veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti