`Mən kiməm ki, Azərbaycandan küsüm?`- MÜSAHİBƏ

`Mən kiməm ki, Azərbaycandan küsüm?`- MÜSAHİBƏ
  29 May 2014    Oxunub:8534
Cavid Mürtəzaoğlu adı, sənəti təkcə Azərbaycan deyil, Türkiyə sənət cameəsinə də yaxşı tanışdır. Özünəxəmsus fərqli sənət yolu, oxu manerası, hətta zahiri görkəmi ilə də diqqətləri qeyri-ixtiyari olaraq cəlb etmə gücünə sahibdir Cavid bəy. Onunla Türkiyədə - İstanbuldakı studiyasında görüşdük.

- Cavid bəy, istər Cənubi Azərbaycanda, istərsə də Türkiyədə kifayət qədər məşhursunuz. Lakin əslən Şimali Azərbaycandan olduğunuz, hətta bir müddət yaşadığınız halda, məhdud çərçivədə tanınırsınız. Oxuculara Sizi elə öz dilinizdən anladaq. Kimdir Cavid Mürtəzaoğlu?


- 1962-ci ildə Təbrizdə doğulmuşam. Amma əksər iranlılar kimi mənim də əsas kimliyim 1979-dan sonra ortaya çıxdı. Yəni, 1979-a qədər fərqli bir Cavid Mürtəzaoğlu və özünü tam idrak etməktə çətinlik yaşayan bir millətin nümayəndəsi var. İnqilabdan sonra isə qısa zaman üçün də olsa, həm bir millət olaraq türk kimliyimizə, həm də təsəvvüf, ələvilik və batini kimliyimizə dönüb baxmağımıza fürsət yarandı. Məsələn, uşaqlığımda, Bakının 1945-ci il musiqilərini, Bakı radiosunu dinlədiyimizi xatırlayıram. Uşaqlığımdan bir sual beynimdə vardı:

Ey xoş ol məst ki bilməz qəmü aləm nə imiş,
Nə çəkər aləm için qəm, nə bilər qəm nə imiş.


“Bu və digər şeirlərdəki batıni anlam nədir?” deyə düşünürdüm. Çünki, bizim yaşadığımız dönəmdə bu şeirlərə klassik baxış vardı və bu şeirlər muğamlarla birləşincə, çox gözəl bir “məcun” ortaya çıxırdı.

1979-cu ildə İran rejimi dəyişdikdən, İslam adı ilə basqıcı bir rejim hakimiyyətə gəldikdən sonra anladıq ki, musiqi təkcə əylənmək üçün deyil. Musiqi - müqəddəs bir vasitədir. Bu səbəbdən də daha da dərinə gedib bu sahədə mütaliəmi genişləndirirdim, istər məktəbdə, istərsə də dostlar arasında. Özəlliklə Təbrizdə buna çox ehtiyacımız vardı. Bu sahədə özümü kamilləşdirmək məqsədilə Bakıya gəldim. Rəhmətlik İslam Rzayevin dəvətilə gəlmişdim, elə onunla birlikdə də çalışdıq.

İslam Rzayev məni Təbrizdə dinləyib bəyənmişdi. Bakıda ilk dəfə türkcə “Nəva” muğamını trio olaraq oxudum. Elə oradaca “Təbrizim” adlı albomum işıq üzü gördü. Təəssüf ki, həmin dönəmlərdə “Bu kimdir ki, gəlib bizə muğam öyrədir?!”, “Bizim ustalarımız varkən, bu niyə oxuyur?!” kimi iradlarla qarşılaşdım. 20 il öncədən, 1993-cü ildən bəhs edirəm, o zamanlarda yeniliyə açıq deyildik.

Yəni, bir var insanı bağrına basıb “vay bee, yeni bir şeydir, görək necədir” desinlər, bir də “bu da hardan çıxdı?!” zehniyyəti ilə qarşılaşasan. Qınaqlara bacardığım qədər dirəndim. Amma bir insan nə qədər dirənə bilər ki? Kiçik dünyaları ilə böyük işləri əngəllədilər.

- Nə qədər dirəndiniz və bu dirəniş konkret kimlərə qarşı oldu?

- 4 il dirəniş göstərdim. Əslində qarşı çıxanların hamısı qərəzli insanlar deyildi. Sadəcə olaraq yanlış zehniyyətin qurbanı idilər. Bir çoxu gəlib gizlicə “Nəva” muğamını öyrənir, amma dışarıda, başqalarının yanında sanki məni tanımırdılar. Yəni, sənət ictimaiyyətində ikiüzlülük yaranmışdı. Aralarında çox məşhur insanlar vardı. Ad çəkmək istəmirəm, həm etik baxımdan doğru deyil, həm də necə də olsa bizimkidirlər. Dünyanın harasına getsək, yenə azərbaycanlıyıq, bir-birimizi alçaltmamalıyıq.

Amma arxadaşların da qulağına çatsın, görsünlər, bilsinlər ki, tamam, bunu Cavid Mürtəzaoğluna etdilər, bəs, nə qazandılar? Muğama hansı yenilik gəldi, sənətimizə nə oldu? Bunları anlamalarında fayda var. Dediyim kimi, gəlib bizim evdə öyrənirdilər, “elə edəcəyik, belə edəcəyik” deyə vədlər verirdilər. Hətta birinə söylədim ki, sən bunu oxumaq üçün öyrənirdin. Bəs niyə oxumursan? Deyir, “mən bunu oxusam, toylara aparmazlar”. Allah-Allah, sənətlə toy fərqli kateqoriyada olduğu halda bunları necə eyniləşdirirlər, anlamıram. Sənəti sənət xatirinə edərsən, toya da pul üçün gedərsən. Yəni, elə bir məqama varırsan ki, artıq orda çalışamazsın və köçmək məcburiyyətindəsən.

Para üçün edilən iş musiqidir, sənət deyil

- Sənətinizin sırf Cavit Mürtəzaoğluna xas özəlliyi nədədir? Bu istər ifa tərzi olsun, xətt olsun, istər digər fərqləndirici yaradıcı xüsusiyyət.


- Mən içə dönük, batini bir musiqinin nümayəndəsi olduğumu deyə bilərəm. O musiqi ki, dinlədiyimiz zaman sizi xarici yox, daxili dünyaya aparır. Məsələn, bir marş oxuduğun zaman sən insanın xaricindəki olaylarla məşğulsan. Olmalısan da, marş da oxumaq lazımdır. Yeri gələndə eşqdən, sevgidən də oxumaq olar. Amma mənimki o deyil. Mən sual verirəm ki, Nədən öylə sərməstəm ki idrak etməm dünya nədir? İnsan məgər dünyanı idrak etməməsi üçünmü gəlmiş bu dünyaya? Bu paradokslara toxunuram. Bu təzadların içində əcaba haqq harda gizlənib? Zahir və daxil için arasında həqq bir yerdə “oynayır”. Biz həqqin peşindəyik.

Bu millət haqqı dünyaya göstərmək, haqqı kəşf etmək üçün çox qurbanlar vermiş. Çox ariflər var, çox batini insanlar var. Bunların öncülləri – İmadəddin Nəsimi, Şah Fəzlullah Nəimi, Seyid Əzim Şirvani var. Yəni, bunlar millətin Özüdürlər. Bir milləti tanımaq üçün onun idmanına və sənətinə baxmaq yetərlidir. Yəni, sənət sənət üçünmü?! Sənət para üçünmü?! Para üçün edilən iş musiqidir, sənət deyil. Biz, sənət və musiqini bir-birinə çox qarışdırmışıq. “Mən bu mahnını oxusam, əcaba reytinq gazana bilərimmi?” deyən insanın sənətə aidiyyatı yoxdur, işi uğurlu alınsa belə. Zatən bir işi görəndə uğurlu şəkildə etməlisən. Amma bu, sənət üçün görülən iş sayılmır. Siz Van Qoqun tablosunu evinizdə asmağı bəlkə də xoşlamazsınız, amma əsərini almağa paranız yetməz. Bax, sənət bu deməkdir. Onun üçün biz həqiqətən də “sənət” dediyimizdə ciddi düşünməliyik. Bu gün sənət, folklor və mədəniyyətlə çox qarışmış. Yəni, adam Seyid Əzim Şirvanidən oxuyur:

Ey huri vəş əksi rüxin sağərimdədir
Kövsəi zülal badeyi can pərvərimdədir.
Isgəndərimmi zülmete ey Xızr olam revan.....
Abi həyat lali ləb dilbərimdədir


Və bunu oxuduqdan sonra da başlayır (əllərini bir-birinə vuraraq) `dananiy de ay gözəl...` (Təəccüblə) Xalq musiqisi ilə sənət musiqisini necə qarışdırdın bir-birinə?! Bunlar idrak səviyyələri, mahiyyət etibarilə bir-birindən fərqlidir axı.

Bu gün “mənə nə?” deyənin sabah nəyəsə, kiməsə etiraz haqqı olmaz

- Sizcə, idrak səviyyəsinin yetərincə kamil olmaması təhsillə, sosial yaşamla, yoxsa mühitlə bağlıdır?


- Bunları hamısı, eləcə də insanın öz çabası, mühiti, hakim olan siyasi düşüncələri bir bütünə bağlıdır. Biz, bir sənətçini “sən ölkəni məhv etdin” deyə suçlaya bilmərik. Eynilə bir siyasətçini də məhkum edə bilmərik. Əgər ölkəyə sevilən və ya sevilməyən bir partiya hakimdirsə, bunun məsuliyyəti millətdədir. Çünki millət gətirmiş onu hakimiyyətə və ya millət izn verir ki, o hakimiyyət həyatını sürdürsün. Amma bizim hər zaman barmağımız o yandadır. Suçlunu özümüzün dışında axtarırıq. Halbuki, öncə suçu öz içimizdə axtarmalıyıq. Xalq, tərəqqi etmək, inkişaf etmək istəyirsə, özünə sual versin: mən bu inkişaf üçün özüm-özümlə nə edirəm? İnsanlar var ki, “mənə nə?” münasibətilə hər şeyi var axışa buraxır. “Mənə nə?” kateqoriyasından olan kəslər ölkəni məhv edir. Bu gün “mənə nə?” deyənin sabah nəyəsə, kiməsə etiraz haqqı olmaz, nə siyasətdə, nə mədəniyyətdə, nə də digər sahələrdə.
Azərbaycanda olduğum müddətdə bir çox partiya rəhbərləri ilə ünsiyyət qurdum. İndiki vəziyyəti bilmirəm, amma orada yaşadığım dönəmlərdə onların düşüncələri çox dışa dönük idi. Siyasətlə məşğul olmaq peşəkarlıq tələb edir. Tutalım ki, 20 milyon əhalisi bir ölkənin kültür və batini düşüncəsi aşağı səviyyədədirsə, deməli, orada 20 milyon siyasətçi var. Çünki, siyasəti çox ucuz sayırlar. Amma siz gedin inkişaf etmiş ölkələrə baxın. İnsanlar yalnız öz sahələrini icra edirlər. Mühəndis mühəndisliyini, həkim həkimliyini, sənətçi də sənətçiliyini edir. Bizdə isə hər yerindən duran siyasətçidir. Hər sahədə tarazlıq itib. İnsanlara davamlı əyləncə verilişləri, pop-star yarışmaları təklif edirlər. Etirazım yoxdur, bəzən əyləncə də lazımdır, hovuz musiqiləri də.

Təbii ki, Antalyada hovuzda üzərkən Fizulinin qəzəllərini, muğamını, kantatasını dinləməyəcəksən. Sərdar Ortacın hovuz musiqisini dinləyib kefinə baxacaqsan. Amma bir millətə hər şeyi verdiyin zaman “dilimlər” ədalətli bölünməlidir. İnsanlara özləri ilə “görüşmək” imkanları tanımaq lazımdır. “Bir mən var məndən içəri” kəlamında deyildiyi kimi. İllərdir aynaya baxırıq - saçlarımızı daramaq üçün. Amma o aynadakı kimdir? Mən onunla nə dərəcədə dostam? Bu qədər Seyid Əzimlərimiz, Xaqanilərimiz, Nizamilərimiz var. Bunları niyə yazmışlar? Nizami beş dənə “Xəmsə”ni niyə yazmış? Leyli gerçəkdən bir qız imiş? Bir qız üçün insan bu qədər kağız xərcləyərmi?....

- Bəlkə təbliğatda da problem var. İnsanlara yol göstərən bir aqil, bir mürşüd olmalıdır. Bəlkə insanların istəyi var, amma bunlara çıxışı yoxdur?

- Bilirsinizmi, bir ictimaiyyətin yüksəlişi üçün ilk növbədə ruh olmalıdır. Dövlət də artıq idrak etməlidir ki, bir batini hərəkət var. Bunu musiqiçi də, xalq da anlamalıdır. Amma ən əsas piramidanın başında dövlət, dövlət ərkanları və media dayanır. Azərbaycan dünyada təkcə Avroviziya yarışması ilə təmsil olunmamalıdır. Azərbaycanın həqiqi və batini şəxsiyyətlərini kimlər təmsil edir və ya kimlər təmsil etməlidirlər? Bunları da düşünmək lazımdır. Ona görə də Azərbaycan şəxsiyyətlərinə dönüb fərqli nəzərlərlə baxmalıyıq. Dediyim kimi, sənət dünyasında sənətlə xalq musiqisini bir-birindən fərqləndirilməlidir. Sənətçilər üçün daha fərqli kateqoriyaları yaradılmalı, onlara həmin kateqoriyada çalışmaq imkanı tanınmalıdır. Diqqət edirəm, Azərbaycanda muğam sənəti günü-gündən əzbərçiliyə gedir. Bu gün 12 yaşında bir uşaq efirə çıxıb muğam birinciliyini qazanır və bunu iftixar hissilə təqdim edirlər. Heyrət edirəm buna. Muğam 12 yaşında bir uşaq üçün deyil axı. Bu yaşda uşaq vətəndən, güldən-çiçəkdən, arılardan, baldan danışar.

Muğam sənətindən yarış olmaz

- Muğam müsabiqələrində başlıca məqsəd muğamın təbliği, uşaqlara musiqi sənətini sevdirmək, alışdırmaqdır. Eyni zamanda onları həvəsləndirməyə, istedadlarını kəşf etməyə hesablanıb...


- 12 yaşında uşaq “Məndə siğar iki cahan, mən bu cahana sığmazam” şerinin mənasını anlarmı?! Özünü “tanımayan” biri iki cahanı necə tərif edəcək?! Əgər səsini kəşf etmək istəyirsənsə, başqa kateqoriya üzrə qalib et. Muğam sənəti o qədər ucuz deyil ki, uşağın oxumasına verəsən. Təəssüflər olsun ki, “bunu necə sata bilərəm” düşüncəsiylə hər şeyi maqazinləşdiririk. Media da öz növbəsində bu yanlış nöqtələrə xidmətçi olur. Halbuki, makam (muğam-S.B.), musiqinin ən ağır versiyası, sözün və musiqinin ən ağır bölümü ilə birləşimidir. Və bu yükü qaldıran da ağır bir şəxsiyyət olmalıdır.

- Sözlərinizdən doğru anladımsa, Siz, azyaşlı uşaqların muğam oxumasına qarşısınız...

- Sadəcə bu deyil. Yəni, insan, oxuduğunun fərqində olmalıdır. Mən demirəm ki, sabah bunların qarşısını alaq, qadağan edək. Dediyim budur ki, Azərbaycanın ən önəmli dəyərlərindən biri olan muğamı ucuzlaşdırmalıyıq. Muğam sənətindən yarış olmaz. Muğam yarışları başdan sonadək yanlış bir addımdır. Muğamı gözəl icra et ki, səni tanımağa çalışsınlar. Daha özünü satmağa ehtiyac qalmasın. Siz Nüsrət Fatih Əli Xanı tanıyırsınızmı?

- Youtube-da ifasını dinləmişəm.

- Onu dünya tanıyır. Pakistanın fəxridir. “Əli, Əli” və “Məsti-qələndər” kimi bir çox batıni mahnılar oxuyub. O özünü tanıtmağa heç çaba göstərmədi. Əksinə, dünya onu tanımağı özünə minnət olaraq qəbul etdi. Yəni, biz hər hansı bir əsas məsələni gücləndirməkdənsə, onu media vasitəsiylə dünyaya yaymağı tərcih edirik. “Bizim güləşçilərimiz dünyada bir dənədir”, “Bizin rəqslərimizim dünyada tayı-bərabəri yoxdur”, “Biz ən ulu xalqıq” kimi düşüncələrdən vaz keçməliyik. Bunu deyən adamın dünya rəqsinin, idmanının, dünya xalqlarının hamısından xəbərin varmı əcaba?!

- Cavit bəy, müsahibə öncəsi söhbətimizdə dediniz ki, Azərbaycana küskünsünüz və indidəyək heç bir Azərbaycan mediasına müsahibə verməmisiniz. Buna səbəb Azərbaycana pənah gətirən zaman orada qəbul olunmamağınızdır, yoxsa...?

- Xeyr, millət hər hansı bir insanı qəbul etməyə bilər. Sırf bu səbəbdən ölkədən getməzlər. 1993-cü ildən Azərbaycandaydım. Küskünlüyüm isə ölkəyə yox, oradakı bəzi sənətçilərin zehniyyətinədir. Yəni, özlərini həqiqətən də Azərbaycan musiqisinin, muğamın birincisi, dahiləri sayan şəxslərə küskünəm. Çünki, bu düşüncəylə muğama heç bir şey artırmadılar. Əksinə, muğamı maqazin, şou səviyyəsini endirərək həqiqi mahiyyətinə xəyanət etdilər. Bunu edənlərin çoxusu dostum olmasına rəğmən açıq şəkildə, qorxmadan, çəkinmədən deyirəm. Dost acı söylər. Məsələyə bir qədər fundamental yanaşıram. Muğam əsərləri, notları bütün ariflərin qanı ilə yazılmış. Nəsimi qanını ona görə verməyib ki, kimsə çıxıb onun qəzəlini rəqslə oxusun. Ən azından buna hörmətimiz olmalıdır.

`Üç yolun var...`


- Bir müddət sonra İrana döndünüz və ....?


- İrana döndüm və orada sənətçilərin birliyini yaratdım. Sonra “Sənli günlər” və “Susmam” adlı iki musiqi albomu hazırladım, bədii və sənədli filmlərə musiqilər yazdım, “O 3” (“Leyla və Məcnun” – S.B.) adlı müzikala imza atdım. “101 Nəfəs” adlı şer kitabım nəşr olundu. Fəlsəfi yazılarım çap edildi, Avstriyada, Türkiyədə fəlsəfi seminarlar verdim, simpoziumlara qatıldım. “Kimdir bu gələn” adlı ikinci şeir kitabım Azərbaycanda yayınlandı. İstanbulda isə Əhl-İ-Hakk 24 ulu ərənlərdən bəhs edən “Yarizm” kitabım, eləcə də “Virtöüzler ve Cavit Murtezaoğlu”, və “Təbrizdən Torosa” musiqi albomlarına imza atdım.

Mühacirət səbəbim isə İran rejimi oldu. İran hakimiyyəti deyir, “əgər mənim kimi düşünmürsənsə, rədd ol, get”. “Məndən deyilsənsə, deməli düşmənimsən” yanaşması var. Faşist rejimindən başqa nə gözləmək olar axı? “Bəlkə orda səni öyrədib, göndəriblər” deyə mənə qarşı müxtəlif iddialar irəli sürməyə başladılar. Bu cür təqiblər getdiyim digər ölkələrdə də davam elədi. Ümumiyyətlə, onların dünyanı, insanları incələməkdə, analiz etməkdə bir şablonları var. Hansısa partiyaya bağlılığın onları rahatladır. Əksinə heç bir siyasi quruma bağlı olmamağın, şəxsi azadlığın artıq şübhə doğurur və “dəqiq cəsusdur” qənaətinə gəlirlər. Çox klassik töhmət altına alma üsulu vardır. Yəni, adam əgər bizim şablondan çıxmırsa, deməli, mütləq bir yerdən pul alır. Əgər insan hər zaman deyib-gülürsə, deməli, “cibi doludur”. Təəssüf ki, bu cür çox bəsit düçüncələr böyük faciələrə yol açır.

- İranda konkret nə kimi maneələr yaradılırdı Sizə?

- İran rejimi hər kəsi silə-silə, təmizləyə-təmizləyə gəlir. Mənim bir az batini düşüncələrim olduğu üçün sıra mənə də çatdı. Biz İranda əhli-həqlərə aidik, bu, bığlarımdan da bəllidir. Yəni, İran hakimiyyəti batini insanları əngəl olaraq görür. Onun dediyi şərtləri, qaydaları qəbul etmirsənsə, yanında olmursansa, üç yolun var: ya öləcəksən, ya həbsə gedəcəksən, ya da mühacir həyatı yaşayacaqsan. İran rejimi insanları yalnız bu kateqoriyaya görə ayırır. 2002-ci ildə məni İngilab məhkəməsinə verdilər. Bilirsinizmi, mən bu siyasi sıxıntılardan dolayı heç bir zaman qazanc əldə etməyə, şöhrət qazanmağa çalışmamışam. Bunu edənləri ciddiyə almıram. Mənim dünyadakı tək dərdim içimdəki problemlərdir. Mən özümü adam etmədən, necə durub başqasına deyim ki, adam ol?! Mənim içimə baxıcı xüsusiyyətim və bunu şerimdə də, musiqimdə ifadə etməyə çalışıram. Mən öz həqiqətimin peşindəyəm. Allahdan öncə öz həqiqətimi kəşf etməliyəm.

- Öz həqiqətinizi indiyə qədər kəşf edə bilməmisiniz?


- Kim dünyada öz həqiqətini kəşf edibsə, əlini qaldırsın. “Öz həqiqətimi kəşf etmişəm” deyən insan, elə dediyi andan etibarən nə qədər cahil olduğunu göstərir. Ancaq “öz həqiqətimi kəşf etmək üçün yolçuyam” iddiasında buluna bilər. Çünki, həqiqət mütləq deyil. “Həqiqət budur” dediyin zaman sən artıq o düşüncənin şəriətindəsən.

`Az qala casus da olduq`


- Hazırda mühacir həyatı yaşamaqla bahəm, həm də gənc istedadlara musiqi sənətindən təhsil verirsiniz. Sizə hər bir şərait təmin olunmaqla Azərbaycanda tədris imkanı yaradılsa, razılaşarsınızmı?


- Küskünlüyümlə bağlı dediklərim Sizə olan səmimiyyətimdən doğan bir etiraf idi. Ancaq dəyərlərim də, duyğularım da təbii ki, fərqlidir. Bir Azərbaycan dəyəri, Azərbaycan gerçəyi var ki, on min Cavit Mürtəzaoğlular o dəyərlərin yanında sıfırdır. Küskünlüyüm də sırf insani duyğularımdır. Yoxsa, mən kiməm ki, Azərbaycana küskün qalım.
Sadəcə şəraitsizlik, qeyri-ixtiyari olaraq küskünlüyü önə çəkir. “Nəsimi” filmində belə bir dialoq var. Şirvanşah I İbrahim Nəsimiyə “Sən qal, Azərbaycana gərəksən” deyir. Nəsimi isə “Mən bəşəriyyətə gərəyəm” cavabını verir. Biz də çalışmalıyıq ki, dünya, bəşəriyyəti bizi Azərbaycandan qəbul etsin. Millətimiz həqiqətən də bəzi dəyərlərini qoruya bilsə, mənim, Əlixan Səmədovun və ya dünyaya yayılan Güney Azərbaycanlı sənətçilərin qərib ölkələrdə də işi var?! Dəli deyilik ki, köçkün həyatı yaşayaq, sığınaq başqa yerlərə. Türkiyə üçüncü ölkədir ki, sürgün həyatı yaşayıram. Bir insanı bir ölkəyə sığdıra bilmədinizmi?! Bir insanın düşüncələri bu qədərmi təhlükəlidir ki, sən bunu anlamağa çətinlik çəkirsən?! Mən öz dəyərlərimi, öz səviyyəmi gerçəkdən də bilirəm. Sən kiçicik bir səviyyə ilə bacarmrsansa, dünyanın problemlərini necə çözəcəksən?!

- Sizin mühacir olunduğunuz ölkələr İran, Azərbaycan. İndi də Türkiyədəsiniz. Bəs, Azərbaycandan getməyə Sizi nə məcbur etdi?

- Azərbaycandan da getməyə məcbur olduğuma çox təəssüflənirəm. Bakıda Şah Xətai adına bir dərnək qurmuşdum. İstəyimiz məhz şair Xətainin yaradıcılığını təbliğ etmək idi. Lakin haqqımda olmazın şaiyələrini yaydılar, az qala cəsus da olduq. Düşünün, birisi gəlib deyir, “Cavid bəy burda qalsanız, sizə yaxşı olmaz”. Mənim üçün bu fikrin hardan gəldiyi yox, nə qədər insanın bu düşüncədə olması, neçə nəfərin bunu dəstəkləməsi önəmlidir. Bizdə yeniliyi qəbul etmək bir qədər çətindir. Klassisizmi qoruyuruq. Köhnə düşüncələri dəlib keçmək lazımdır. Adam 60 il öncədən bu günədək oxuduğu şeyi eynilə uşağa da öyrədir. Bu heç dəyişməyəcəkmi? Yəni, axışına yaşamaq “mənə nə?”, “mən edəcəyəm bu dəyişikliyi?!” düşüncəsi nə vaxta qədər davam edəcək?! Azərbaycanla bağlı həqiqətləri deyəcəyəm, istəsəniz kəsə də bilərsiniz. Birini yarışa, müsabiqəyə çağırırlar, amma Azərbaycandan gedənlər “onsuz da birinci olmayacağımızı bilirik. Onlar özlərindən başqasını birinciliyə seçməzlər” deyirlər. Zehniyyətə baxın. Azərbaycan dışında bir zehniyyət yaradılıblar.

`Şəxsiyyətimin o qədər “dəlik-deşik” yerləri var ki`

- 10 ildən artıqdır ki, Türkiyədəsiniz. Rahatsınızmı burada?


- Aşiq insana dünyada rahat can yoxdur. Hər şey keçicidir, bir karvan kimi gəlib keçir.

- Bəs, basqılar necə, burada da davam edirmi?

- Burda da basqılar kifayət qədərdir, amma... Bilirsinizmi, biz, bölgə millətiyik. Mən açıq sözlüyəm, həmişə də buna görə başım bəlaya girir. İran, Suriya, Türkiyə, Gürcüstan, Türkmənistan xalqları arasında insanların siyasi anlayışının daha genişlənməsi lazımdır. Yəni, hər zaman dövlətlər suçlu deyil. Bir az da nəzərləri özümüzə yönləndirməliyik. Daim günahkar axtarışındayıq. Öz xətalarımızı başqalarında axtarırıq. Amma əlini belə tutanda (barmaqlarını tapança formasında bükərək – S.B.) barmaqların üçü də əslində səni göstərir.

Hər işdə öndə gedən milliyyətçilərə demək lazımdır ki, Azərbaycanın özünə dönməsində fayda var. Azərbaycanı, milləti dünyada nə təmsil edir və ya nə təmsil edə bilir? Bizim batini sərmayələrimiz var axı. Nizami Gəncəvimiz sadəcə şair deyil, həm də bir düşüncə sahibi, bir dizaynerdir. Əgər bir əttar Nişapuru varsa, Simurq və Qaf dağından bəhs edirsə, bu elə hər kəsin ağzındadır. Amma “Mansur kimi dərimi soysalar”, “Nəsimi kimi filan etsələr” deyənin barmağını kəssən, haqdan dönər. Amma sözdə o qədər güclüyük ki. (gülərək) Azərbaycana ilk gəldiyim zamanlarda sandım ki, 8 milyonluq Nəsimi ilə qarşı-qarşıyam.

- Və zənnü-gümanınız puç oldu?

- Ya göründüyümüz kimi olmalı, ya da olduğumuz kimi görünməliyik. Məsələn, mən, özümü çox iddialı görmürəm. Bu, həqiqətən də belədir, zərrə qədər də təzavökarlıq etmirəm. Şəxsiyyətimin o qədər “dəlik-deşik” yerləri var ki. İnsan şüuru genişləndikcə, çoxaldıqca, sevinirsən ki, inkişaf var. Amma həqiqi şüurun yüksəldikcə, nə qədər cahil olduğunu anlayırsan. Bir az da özümüzlə uğraşaq. Bir az da nəfsimizin istəklərinin qarşısını almağa çalışaq. Bizim başımıza nə gəlirsə, nəfsimizin istəklərindən gəlir. Nəfslə nəfəsin bir fərqinə varsaq, hər şey çözülər.

- Yadımdadır, TRT müzik kanalından “Təbrizdən Torosa” adlı bir verilişiniz yayınlanırdı. Hərdən internetdən seyr edirdim. Amma sonra nədənsə davamı gəlmədi.

- Veriliş dayandırıldı, deyəsən, bir çoxlarına təhlikəli göründü. “Siz niyə bu ölüləri yatdığı yerdən çıxarıb dirildirsiniz, Ümmü Sinan həzrətlərinin şeirlərini oxuyursunuz?”, “Biz Mövlanəni zatən uyuşturucu ilə uyutmuşuq, orda boynunu büküb kimsəsiz vəziyyətdə oturub, siz niyə onu qəhrəman kimi göstərirsiniz millətə?” kimi mənasız fikirlər səsləndi. Sonra da “uyğun deyil” iddiası ilə bağladılar verilişi.

- Uyğunsuz olması çox sayda buraxılış efirə getdikdən sonra anlaşıldı?

- Bilmirəm. Məndə bir xüsusuyyət var ki, görsəm, bir yerdə iş görə bilmirəm, çıxıb gedərəm. Kimin itirdiyini, kimin qazandığını bilmirəm, amma bir sənətçini yerindən oynatmaq gerçəkdən də utancverici deyilmi?! Sənətçi xalqın səsidir. Bir sənətçini susdurmağa çalışan, xalqı susdurmağa çalışır. Çünki sənətçi, xalqın görmədiyi və ya görə bilmədiyi bir çox nöqtələri görə bilir, yazır. Nümunə üçün Əliağa Vahidin yazdığı şerlərdəki həqiqətlərə baxmaq kifayətdir.

- Cavit bəy, söhbətimizdən anladığım qədərilə Türkiyədə də istədiyiniz həyatı, huzuru, azadlığı yaşaya bilmirsiniz. Maraqlıdır, burdan da getmək məcburiyyətilə üzləşsənizniz, pənah aparacağınız növbəti ölkə hansı olacaq?

- (gülərək) Bəzən sonucu düşünməmək gərək. Daim yürüyən kuklalar var ki, hansı tərəfə çevirsən də yürüməyə davam edirlər. Mənim yönümü Haqq təyin edər. Həyatımdan da sıxıntım yoxdur. Mən bu həyatı sıfırdan yüzə qədər yaşadım, maddi və batini həyatın nə olduğunu bilirəm. Necə ki, Həzrəti Məhəmməd, “sağ əlimə günəş versələr, sol əlimə də ayı, yenə də yolumdan dönmərəm” demişdi. Həqiqətən də insan bəzən elə bir nöqtəyə çatır ki, maddiyyatın heç bir önəmi qalmır. İkicə saniyə başınız ağrıyanda dünyanı unudursunuz. Övladınız Allah göstərməsin xəstələnəndə, dünyanı unudursunuz.

Əgər bir şey ki, bir baş ağrısı ilə unudulacaq, mən niyə dörd əllə yapışım bu dünyadan, yahu?! Bu yaxınlarda yazdığım şerin son beytini xatırladım: Pir Sultan asılanda Cavidə dedi ki, “yuxarıdan hər şey kiçik görünür”. Yəni, bir az yuxarıya getdiyində, səni iplə çəksələr, ya da öz meracından onu görə bilsən, əmin olarsan ki, dünya, bu qədər qan udmağa dəyməz. Bir maşın və ya ev üçün dostunu satmağa dəyməz.

Təəssüf ki, bəziləri üçün çox dadlıdır bu dünya. Alın dünya sizin olsun. Mən getsəm, sizin dövlətiniz daha çoxmu yaşayacaq?! Buyurun, yaşadın. Yəni, tək mən sizin canınızı bu qədərmi sıxıram?! Mən gedərəm, siz rahat yaşayın. O gün bir nəfər mənə deyir, “əllərində üzük var. İrandan qızıl çıxarırsan?” Dedim, qızıl budur (ürəyini göstərərək). İstəyirsən bu üzükləri sənə bağışlayım. Nəyin dərdindəsən sən? Sən öz zehniyyətini qorumaq üçün hər kəsi qurban verə bilərsən. Ay, nə bilim “Yox, Cavit bizə baş əyməyəcək”, “O birinin də yazısı çox kəskindir...”. Tamam, bunların hamısını “təmizlə”. Ey gözəl insan! Sənin on milyon zəif zehniyyətli insana hökmranlıq etməyin yaxşıdır, yoxsa on ağıllı insanın qapısında çayçı olmağın?!

- Səvh etmirəmsə, hazırda yaşadığınız Bolu şəhərində yenə musiqi tədrisi ilə məşğulsunuz?

- Yox, tədrislə məşğul olmuram. Bundan sonra da dərs deməyi düşünmürəm.

- Amma bildiyim qədərilə sizin yetirmələrdən ibarət “Brastam Acapella” qrupu var.

- Hə, mən düşündüm ki, hansısa ali məktəbdə dərs deməyi nəzərdə tutursunuz. Bir az əvvəl gördüyünüz uşaqlara muğam dərsi verirəm. Boluda yaşayıram, həftədə 2-3 dəfə İstanbula gəlib uşaqlarla məşğul oluram. Çox istedadlı gənclərdir. Studiyaya keçərik, öz gözünüzlə görərsiniz azərbaycanlı olmadıqları halda “Bayatı-Şirazı”, “Mahuru” akapella şəklində necə oxuyurlar.

Biz, Azərbaycanın səssiz sərdarlarıyıq. Bir umacağımız, gözləntimiz yoxdur. Tək istəyimiz canımıza hopan o müqəddəs ölkənin mədəniyyətini, dəyərlərini tanıtmaq, təbliğ etmək şərəfinə nail olmaqdir.

Sevda Babayeva / İstanbul
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti