Ermənistanla saziş nələri nəzərdə tutmalıdır – Ədalət Verdiyevin yazısı

   Ermənistanla saziş nələri nəzərdə tutmalıdır –    Ədalət Verdiyevin yazısı
  29 May 2023    Oxunub:4756
Paşinyan son bəyanatları ilə faktiki olaraq “Qarabağ – Azərbaycandır!” deyir. Qarabağ artıq hamı tərəfindən Azərbaycanın daxili məsələsi kimi qəbul edilir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, 86.600 kv.km Azərbaycan ərazisinə Qarabağ və Şərqi Zəngəzurdan başqa, həm də hələ erməni işğalı altında olan səkkiz kəndimiz də daxildir. Başqa sözlə desək, Ermənistan dolayısı ilə Azərbaycanın işğal altında saxladığı səkkiz kəndinin də qaytarılması öhdəliyini götürür.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsi zamanı Ordumuzun əldə etdiyi möhtəşəm zəfərin Nikol Paşinyan tərəfindən təsdiqlənməsi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanıması deməkdir. Özünü “ermənidən çox erməni” kimi aparan, revanş haqqında düşünən qüvvələrə hərbi və siyasi dəstək verərək, regionu yeni müharibəyə təhrik edən Fransa və digər ölkələr bu proseslərdən nəticə çıxarmalıdırlar. Ermənistan hazırda Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşmağa məcbur qalıb. Onu dəstəkləyən qüvvələr də bunu nəzərə almalıdırlar. Paris anlamalıdır ki, İrəvana verdiyi dəstək regionda sülh və təhlükəsizliyə xidmət etməyib, etmir və etməyəcək. Əksinə, bu dəstək bölgədə nəticəsi əvvəlcədən məlum olan yeni münaqişə və toqquşmaların yaranmasına şərait yaradır. Əgər Fransa uçurumun dibində olan Ermənistanı birdəfəlik dəfn etmək istəyirsə, o zaman silah vermək cəhdlərinə davam etsin.

Ərazi bütövlüyünün qarşılıqlı tanınması həqiqətən də nailiyyətdir. Nikol Paşinyan son açıqlaması ilə özünü hansısa "tarixi nailiyyətə imza atan lider" kimi təqdim etməyə çalışır. Amma bu "tarixi nailiyyətin" işğalda saxladığı ən azı 10 min.kv. km ərazini, 5 milyard manatlıq silah və texnikanı, 18 min hərbçini ölü və yaralı olaraq itirən Ermənistana nə aidiyyəti var? Bu nailiyyətin aid ola biləcəyi yeganə ünvan varsa, o da Azərbaycandır!

Paşinyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması yönündə danışıqları "irəliyə doğru addım" kimi dəyərləndirsə də, bu, erməni ictimaiyyətində ciddi müzakirələrə və haqlı narazılıqlara səbəb oldu. Azərbaycan Prezidenti İlham Əliyev Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbənin verdiyi üstünlüklərdən tam həcmdə istifadə edərək, Paşinyanı "sıxıb, suyunu çıxarır”. O, bizim xəyal etdiyimizdən də artığını bacardı. Onun tələb etdiyi "Qarabağ Azərbaycandır" çümləsini dilə gətirməyə məcbur olan Nikol indi bütün öhdəliklərinin paket şəklində icrasını nəzərdə tutan çərçivə sazişinə imza atmalıdır. Bu saziş
• Ermənistandan Qarabağa, xüsusilə də oradakı erməni silahlılarına ayrılan maliyyə yardımının dayandırılmasını
• Onların ən qısa müddətdə tərkisilah edilərək, ərazidən çıxarılmasını
• Sərhədlərin delimitasiyasını
• 33 ildən bəri işğal altında qalan kəndlərimizin Azərbaycana qaytarılmasını
• Minalanmış ərazilərin dəqiq xəritələrinin verilməsini
• Zəngəzur dəhlizinin açılmasını
vaxt göstərilmək şərti ilə mütləq nəzərdə tutmalıdır.

Bu şərtlər Ermənistanın 31 ay əvvəl üzərinə götürdüyü öhdəliklərdən irəli gəlir. Onların yerinə yetirilməməsi Azərbaycanın təqdim etdiyi sülh təkliflərinin masadan qaldırması ilə nəticələnə bilər.

Ermənistan son iki əsrdə saxta miflər yaratmaqla, Azərbaycan torpaqlarına daim iddialar irəli sürmüş, ərazilərimizi işğal edərək, dağırtmışdı. İndi isə Ermənistanın saxta mifləri ilə bərabər Azərbaycana qarşı ərazi iddiaları da gorbagor olub. Artıq dünyada heç kim "Böyük Ermənistan" ifadəsindən istifadə etmir, çünki bu ideyanı Prezident İlham Əliyev və onun komandanlıq etdiyi qəhrəman Silahlı Qüvvələrimiz birdəflik "dəfn" ediblər. Ermənistan davranışında ciddi korrektələr etməzsə, "dəfn" mərasimlərinin sayında artım müşahidə edilə bilər.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün



Teqlər: Sülh-sazişi  





Xəbər lenti