Azərbaycan xalçaları Latviyada sərgisində - FOTOLAR

Azərbaycan xalçaları Latviyada sərgisində -    FOTOLAR
  01 İyun 2023    Oxunub:1715
Azərbaycan xalçaları 2027-ci il üçün Avropanın mədəniyyət paytaxtı seçilən Liepaya şəhərində (Latviya) və ümumiyyətlə, Şimali Avropada ilk dəfə sərgisi təşkil olunub.
AzVision.az “Azərxalça” ASC-yə istinadən xəbər verir ki, mayın 31- də açılışı baş tutan sərgidə xalçalarla yanaşı Azərbaycanın xalçaçılıq sənətinə həsr olunmuş foto sərgi və video çarxlar da təqdim olunub.

Məlumata görə, xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.



Liepaya şəhərinin meri Qunars Ansinş bu hadisənin Liepaya şəhəri üçün əlamətdar hadisə olduğunu qeyd edərək, Azərbaycanın Liepayanın 2027-ci il üçün Avropa Mədəniyyət Paytaxtı namizədliyinə ilk dəstək verən xarici ölkə və tərəfdaş olduğunu xatırlatmış və bu kontekstdə Azərbaycan xalçalarının sərgisinin keçirilməsinin ilk tədbir olaraq böyük rəmzi məna daşıdığını vurğulayıb.



Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov sərginin yerli ictimaiyyət üçün Azərbaycanın qədim mədəniyyəti və xalçaçılıq sənəti ilə yaxından tanış olmaq imkan yaratdığını və ikitərəfli əməkdaşlığa dəyərli töhfə verdiyini bildirib.

"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. “Azərxalça” ASC -nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. O, Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb.


Liepaya Muzeyinin direktoru Datse Karkla xalça sərgisinin Liepaya şəhərinin mədəni həyatında vacib hadisə olduğunu və Azərbaycan xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini qeyd edərək, nümayiş olunan xalçaların yerli ictimaiyyətdə və şəhərin qonaqlarında böyük maraq doğuracağının əminliyini bildrib.

Muzeydən verilən məlumata görə, sərginin açılışında rekord sayda ziyarətçilər iştirak edib.

Liepaya Muzeyində təşkil olunan sərginin qapıları bir ay ərzində xalçasevərlər üçün açıq olacaq.






AzVision.az


Teqlər:





Xəbər lenti