“Mançester Siti” İngiltərə Kubokunu qazandı

“Mançester Siti” İngiltərə Kubokunu qazandı
  03 İyun 2023    Oxunub:1187
Londondakı “Uembli” stadionunda “Mançester Siti” və “Mançester Yunayted” komandaları arasında İngiltərə kubokunun finalı başa çatıb
AzVision.az xəbər verir ki, 3 qolla yadda qalan final matçı "şəhərlilər"in qələbəsi ilə bitib.

İlk hissə 1:1 hesablı heç-heçə ilə başa çatıb. Artıq 14-cü saniyədə yarımmüdafiəçi İlkay Gündoğan İngiltərə Kuboku finalları tarixinin ən sürətli qolunu vuraraq “Mançester Siti”ni önə keçirib. Oyunun 33-cü dəqiqəsində “qırmızı şeytanlar” tabloda tarazlığı bərpa edib. Belə ki, hakim Pol Tirni Cek Qrilişin əllə oynadığı oyuna görə penalti təyin edib, Bruno Fernandeş isə penaltini dəqiq yerinə yetirib.

İkinci hissənin əvvəlində Gündoğan David de Xeanın qapısına cərimə meydançası xaricindən zərbə endirərək “şəhərlilər”i görüşdə ikinci dəfə irəli çıxarıb və yekun hesabı müəyyənləşdirib – 2:1.

Qeyd edək ki, “Mançester Siti” tarixində yeddinci dəfə İngiltərə Kubokunun qalibi olub. Bu mövsüm İngiltərə Premyer Liqasını da qazanan “şəhərlilər” qızıl dubl edib. İyunun 10-da Xosep Qvardiolanın yetirmələri Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacaq.

AzVision.az



Teqlər: İngiltərə-Kuboku  





Xəbər lenti