Ermənilər onu "xalq qəhrəmanı" elan etdi, Pakistanlı kəşfiyyatçı öldürmək istədi

 Ermənilər onu "xalq qəhrəmanı" elan etdi,  Pakistanlı kəşfiyyatçı öldürmək istədi
  07 İyun 2023    Oxunub:3288
Bu gün Azərbaycanın teatr və kino aktyoru, xalq artisti Məlik Dadaşovun doğum günüdür. O, yaşasaydı, 99 yaşını qeyd edəcəkdi.
AzVision.az xəbər verir ki, Məlik Dadaşov 1924-cü ilin 7 iyununda Bakıda doğulub. Ailənin sonbeşiyi olan aktyorun adını atası Şöklü Məliyin şərəfinə qoymuşdu. Ailənin böyük oğlu Salman Dadaşov aktyor olub. “Onun böyük ürəyi” filmində Oqtay rolunu canlandırıb. Sonralar Sumqayıt teatrının rəhbəri olub. İkinci qardaş Süleyman Dadaşov - Brilyant Dadaşovanın atası riyaziyyat müəllimi idi. Universitetdə dərs deyirdi. Məlik Dadaşov isə uşaqlıqdan incəsənətə bağlı olub. Musiqiyə gedər, kontrabasda çalarmış.

Onun səhnəyə gəlişi 1946-cı ilə təsadüf edir. Səhnə fəaliyyətinə Zaqatalada yenicə açılmış teatrda başlayıb. 23 yaşlı gənc aktyor Zaqatala teatrında əsas rolların ifaçısı idi, əsas qadın obrazlarını isə Sofiya Hüseynova adlı gənc aktrisa oynayırdı. Bu tərəf-müqabilliyi bir gün bir ailənin əsasının qoyulması ilə nəticələnir. Məlik Dadaşov gənc Sofiya ilə ailə qurur. Bu izdivacdan 1946-cı ildə gələcəyin daha bir aktyoru Rafael Dadaşov dünyaya gəlir. Ancaq cütlüyün izdivacı çox çəkməyib, onlar bir müddət sonra ayrılıblar. Və Məlik Dadaşov Bakıya qayıdaraq "Azdrama"da işə düzəlib və ikinci dəfə ailə qurub. Onun ikinci evliliyindən iki qız övladı doğulub. Onlardan biri xərçəngdən vəfat edib, digəri isə ABŞ-a köçüb. İllər sonra isə o, 3-cü dəfə özündən 13 yaş kiçik qadınla evlənib. Onların Gülnarə adında daha bir qız övladı doğulub.



Aktyor 100-dən çox tamaşada oynayıb, 50-dən çox filmə çəkilib. Çəkildiyi filmlərlə bağlı maraqlı xatirələr hələ də insanların dilində dolaşır. Belə filmlərdən biri də "Fəryad" idi.

Filmdən sonra erməni diasporu Məlik Dadaşova “Ermənistanın xalq qəhrəmanı” adını vermişdi. Aktyor isə Azərbaycan efirinə çıxaraq bəyan etmişdi ki, o, bu titulu qəbul etmir. Bu hadisədən sonra Məlik Dadaşov özünü çox pis hiss edirdi. Bəlkə də peşmançılıq çəkirdi:
“Axı mən demişdim bu rolu oynamamalıyam. Bununla bütün xalqın sevgisini itirə bilərəm”, deyirmiş. Oynadığı erməni obrazı insanlar arasında nifrət yaradırmış. Bir çoxları elə bilirmişlər ki, M. Dadaşov həqiqətən də ermənidir. Bir dəfə instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır:

- “Ay camaat, bu adam ermənidi” - deyib camaatı yığır başına. Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi: “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”. Axırda aktyor əsgərə deyir: “Bala mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni səhv salıb”.



Fəryad filmində bir səhnə var - Xaçaturyan üzünü yuya-yuya erməni mahnısı oxuyur. Bu mahnını Məlik Dadaşov uşaqlıqda məhəllələrində yaşayan ermənilərdən eşitmişdi. Həmin mahnının filmə salınması da onun öz ideyası idi. Bu səhnə kinoteatrda göstəriləndə M.Dadaşovun qızı Gülnarə xanımın arxasında əyləşən qadın qeyri-ixtiyarı “zəhrimar canına, zəhər canına” - deyib hirslənir. Gülnarə arxaya çevrilib qadına, sonra atasına baxır. Atası isə ona əli ilə “əla” işarəsini göstərir.

Film başa çatandan sonra təəccüblə atasına deyir: “Ata, sən necə də alçaq bir insan obrazı yaratmısan”. O, doğrudan da təəccüblənmişdi. Təəccüblənmişdi ki, gözəl atası birdən-birə necə əclaf insana çevrilə bilib, bu rolu necə yaradıb. Məlik Dadaşov isə qızına belə cavab verir: “Əgər zalda belə reaksiya göstərirlərsə, əgər mənim öz doğma qızım mənə belə söz deyirsə, deməli, bu rolun öhdəsindən gələ bilmişəm”.

1985-ci ildə Məlik Dadaşov “Azərbaycanfilm” və “Belorusfilm”in birgə istehsal etdiyi “Müsahibə götürən adam” filminə çəkilib. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə Məlik Dadaşov bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyib. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınıb. Məlik Dadaşovu da Pakistana qoymayıblar. Filmin çəkilişləri İçərişəhərdə aparılıb.

Aktyor 1996-cı ildə 72 yaşında dünyasını dəyişib. Tədris Teatrında tələbələrlə “Arşın mal alan”ı məşq edirmiş. Bu zaman tələbəsinə epizodu başa salan zaman müvazinətini itirib yıxılır. Gicgahı yaxınlıqdakı stolun küncünə dəyir. Onu xəstəxanaya çatdırsalar M. Dadaşov 6 gün yaşayır.
AzVision.az


Teqlər: MəlikDadaşov   Aktyor  





Xəbər lenti