Kukla teatrları bir səhnədə

Kukla teatrları bir səhnədə
  12 İyun 2023    Oxunub:2185
Xəbər verdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Kukla Teatrı silsilə tədbirlər həyata keçirir.
Bunlardan biri də Mədəniyyət Nazirliyinin dəstəyi ilə 13-17 iyun tarixlərində Azərbaycan Dövlət Kukla Teatrında baş tutacaq “Kukla teatrları həftəsi”dir.

Ölkəmizdə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etmək məramlı teatr tədbiri ölkənin bütün kukla teatrlarını bir səhnəyə toplayacaq.

Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində “açıq qapı” formatında reallaşacaq. Məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır.

Tamaşa nümayişləri ilə yanaşı, həftə çərçivəsində müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müzakirələr də təşkil olunacaq.

Xatırladaq ki, teatr görüşündə ölkəmizlə yanaşı, xarici ölkələrdən də teatr təmsilçiləri iştirak edəcəklər. Onların arasında Beynəlxalq Teatr İnstitutunun Səudiyyə Ərəbistanındakı ofisinin rəhbəri, Birləşmiş Ərəb Əmirliklərində Fuceyra Beynəlxalq Monodram Festivalının baş koordinatoru da var. İyunun 13-ü saat 12:00-da təntənəli açılış mərasimi ilə öz işinə başlayacaq “Kukla teatrları həftəsi”nin qrafikinə əsasən, ev sahibi sənət ocağı ilə yanaşı, Naxçıvan, Gəncə, Salyan və Qax dövlət kukla teatrları səhnə işlərini təqdim edəcəklər.
Açılış günündə tamaşaları dəvətnamə ilə izləmək mümkün olacaq. 14-17 iyun tarixlərində nümayiş olunacaq səhnə əsərləri üçün isə ödəniş tələb edilməyəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: teatr  





Xəbər lenti