"Lada"nın yeni "İskra"sı Azərbaycana sıçrayacaqmı?

  "Lada"nın yeni "İskra"sı  Azərbaycana sıçrayacaqmı?
  17 İyun 2023    Oxunub:3094
Rusiya avtomobil sənayesi yeni minik avtomobillərinin istehsalına hazırlaşır. “AvtoVAZ” "Renault"dan miras qalan "CMF-B" platformasında yığılacaq yeni avtomobili "Lada İskra" adlandıracaq. Sedan, universal və universal yolsuzluq modelləri olacaq avtomobil 2025-ci ildə bazara daxil olmalı və 2027-ci ilə qədər hazırkı “Lada Granta”nı əvəz etməlidir.
“AvtoVAZ”ın rəhbəri Maksim Sokolov bildirib ki, qərar şura tərəfindən təsdiqlənib və “Lada İskra"nın təqdimatı gələn ilin sonunda baş tutacaq. Yeni modeldə 1,8 litrlik benzin mühərriki və avtomatlaşdırılmış sürət ötürmə qutusu olacaq. Hələlik “Lada Granta” yeni modellə paralel olaraq istehsalda qalacaq və 2026-2027-ci ilə qədər satılacaq.

Ukrayna müharibəsi və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar nəticəsində Avropadan Rusiyaya ehtiyat hissələrinin ixracı dayandırılıb. Bu dövrdə Rusiyadan Azərbaycana ixrac edilən maşınların da sayında azalma müşahidə olunur. Ötən il Azərbaycanda 698 ədəd yeni “Lada” modeli satılıb. Bu isə 2021-ci illə müqayisədə 59,4% və ya 1021 avtomobil azdır. Belə ki, “AvtoVAZ” 2021-ci ildə Azərbaycanda 1719 ədəd yeni avtomobil sata bilmişdi.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov AzVision.az -a bildirib ki, sanksiyalardan sonra Rusiyanın minik avtomobili sənayesi çöküb. Vaxtilə Azərbaycan Rusiya avtomobillərini ilk alan 5 ölkədən biri idi. “Lada” bizim avtomobil bazarında ilk üçlükdə olub. Bu, Rusiya avtomobillərinin qiymətinin münasib olması və ehtiyat hissələlərinin, təmirinin ucuz başa gəlməsi ilə əlaqədar idi. Buna görə bölgələrdəki əhali daha çox Rusiya avtomobillərindən istifadə edirdi. Hazırda idxal azalsa da, daxili bazarda Rusiya avtomobillərinin alınıb-satılması aktivdir.


E.Cəfərov vurğulayıb ki, Ukrayna müharibəsi başlayana qədər hər il Rusiyadan Azərbaycana yeni avtomobillər ixrac olunurdu. Rusiya istehsalçılarının ölkəmizdə rəsmi distributorları da var.
- Hazırda üzləşdiyi çətinliyin öhdəsindən gələ bilmək üçün Rusiya Çin avtomobil sənayesini ölkəsinə dəvət edib. Bu gün o proses gedir. Lakin düşünmürəm ki, Çin ölkəsinin ziyanına Rusiya avtomobil sənayesini inkişaf etdirsin,- ekspert vurğulayıb.

E.Cəfərov əlavə edib ki, Rusiya istehsalı maşınların ölkəmizə idxalının azalması bazarda Çin avtomobillərinin üstünlüyü ələ keçirməsinə səbəb olub. Çin avtomobil sənayesi Rusiyanın özündə də mövqelərini möhkəmləndirir. Hətta Rusiya markaları ilə artıq Çin avtomobilləri istehsal olunmağa başlayıb.

Yeni avtomobillərinin - məsələn, "Lada İskra"nın Azərbaycan bazarına təsirinə gəlincə, E.Cəfərov bildirib ki, qiymət münasib olarsa, Rusiya minik avtomobilləri bazarında mövqeyini yenidən qaytara bilər.

Aytən Zəhra

AzVision.az


Teqlər:





Xəbər lenti