“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı unikal xalçanın təqdimatı oldu - FOTOLAR

   “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı unikal xalçanın təqdimatı oldu -    FOTOLAR
  16 İyun 2023    Oxunub:1447
Azərbaycan Respublikasının vətəndaşları və bütün dünya azərbaycanlıları 2023- cü ili müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü yubiley ili kimi qeyd edir.
Məlum olduğu kimi “Azərxalça” ASC Ümummilli liderin ölməz və əziz xatirəsini “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası – müəllif əsəri ilə anır.

Qurtuluş günü ərəfəsi, iyun ayının 13- cü ADA universiteti tələbələrinin növbəti məzuniyyət günündə və unikal triptix yerli və xarici tələbələrə o cümlədən valideyin, müəllim heyətinə təqdim olundu. Təqdimat zamanı hər kəsə xalça haqqında geniş məlumat verilməklə yanaşı, müxtəlif foto və video materiallar da göstərildi.



Xalçalar və onların yaranma tarixçəsi ilə daha öncədən tanış olan və çox bəyənən diplomat, ADA universitetinin rektoru Hafiz Paşayevin göstərişi ilə məzuniyyət günü tələbə aparıcılar açılış çıxışı zamanı “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçası haqqında da məlumat verərək onun yaranma tarixindən söz açdılar, xalça haqqında müsbət təsüratlarını xüsusilə vurğuladılar. Hafiz Paşayev çıxışı zamanı Heydər Əliyevin əziz xatirəsini bir daha anaraq 100 illik yubileyindən söz açdı. Açılışda ADA tələbə və müəllim heyəti ilə yanaşı “Azərxalça” ASC İdarə Heyəti sədri Emin Məmmədov və onun başçılıq etdiyi yaradıcı komanda da iştirak edib.

Xatırladaq ki, adı çəkilən layihənin müəllifləri Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC İdarə Heyəti sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçılar isə qurumun yaradıcı komandasıdır. 2022-ci ilin may ayından etibarən toxunan triptixin ərsəyə gəlməsində qurumun İsmayıllı emalatxanasında çalışan 11 toxucunun əməyi var. Xatriə xalçasının toxunması bu ilin aprel ayında yekunlaşıb.



Üç hissədən ibarət olan muzey əhəmiyyətli əsər, triptixin hər bir hissəsində Ümummili liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, maraqları, sevdikləri və önəm verdiyi dəyərlər ilk dəfə xalça dilin öz əksini tapıb.

İlk hissədə (1 rəqəmini əks edən) xalçanın kompozisiyasını tamamlayan, onun sərhədlərini müəyyən edən xalqın birliyini və əzəmətini əks etdirən rəmzlər haşiyə motividir. Məhz bu xalça üzərində də Heydər Əliyev və xalq birliyi öz əksini tapıb.Xalçanın kənar haşiyəsinin konturları Heydər Əliyevin ad və soyadının baş hərflərini əks etdirir. Bundan əlavə bu hissədə Heydər Əliyevin ruhumuzun məlhəmi milli musiqiyə olan sevgisi, təhsil, ən sevdiyi gül – zoğalı rəngli qızılgül, mənəvi zənginlik hesab etdiyi kitablar, onun səyləri nəticəsində inşa olunmuş,

Telekommunikasiyanın simvolu- Teleqüllə, milli mədəniyyətimizin stilizə olunmuş simvolları – tar, kaman, qaval, yallı, armudu stəkanda çay, fırça, kino ləvazimatları və s.öz əksini geniş şəkildə tapıb.

Milli Ordu quruculuğunun təməlini qoymuş H. Əliyevin bu əməyi xalçanın ikinci hissəsində öz geniş əksini tapıb. “Qara qızıl”, Ulu öndərin müəllifi olduğu “Əsrin müqaviləsi” də ümummili liderin naliyyətləri kimi ikinci xalça üzərində həkk olundu.

Triptixin sonuncu və ən əsas hissəsi Heydər Əliyevin çağdaş, xətti (cizgili) portreti əks olunmuş“Keçmiş və gələcək – düşüncələr ayrıcında”adlanır.



Burada xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi doğma millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu, böyük öndəri kimi yüksək bir zirvədən xalqının bugünü böyük fəxrlə, parlaq, aydın və işıqlı gələcəyini isə ümidlə seyr edir. Xalçanın sərhədlərini müəyyən edən, “Birlik, qardaşlıq və güc” rəmzi sayılan, əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində altıgüşəli həndəsi elementin daxilində Ulu Öndərin timsalında “İdeal cəmiyyətin simvolu” - ailə görüntüsü verilmişdir. Bu hissədəki alov, ocaq, quşlar – qoruyucu mələklər, bitkilər – bolluq və firavanlıq, qızılgül isə gələcək nəsillərə qayğı və dəstək elementi kimi öz əksini tapıb.

Xalçalar bir neçə gün ADA universiteti ərazisində sərgilənəcək.




AzVision.az


Teqlər:





Xəbər lenti