Özbəkistan: Növbədənkənar seçki nə vəd edir – TƏHLİL

      Özbəkistan:    Növbədənkənar seçki nə vəd edir –    TƏHLİL
  22 İyun 2023    Oxunub:6135
Özbəkistan prezident seçkisinə hazırlaşır. 2023-cü il, aprelin 30-da baş tutan referendumdan sonra prezident Şavkat Mirziyoyev növbədənkənar seçkinin iyulun 9-da keçiriləcəyini elan etmişdi. İyunun 7-dən ölkədə seçkiqabağı təşviqat başlayıb. Artıq seçki dairə və məntəqələri, həmçinin, seçicilərin vahid elektron siyahısı yaradılıb.
Aprel referendumunun nəticəsində 90%-dən çox səslə Konstitusiyada islahat aparılaraq, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıdı; nəticədə cənab Mirziyoyev daha iki yeddillik müddətə prezident postuna seçilə və 2037-ci ilə qədər ölkəni idarə edə bilər.

"Yeni Özbəkistanın bünövrəsi"

Geniş islahat paketi nəticəsində Konstitusiyanın maddələrinin yarısından çoxuna dəyişiklik edilmişdi. Senat üzvlərinin sayı 100-dən 65-ə endirildi. Ölüm cəzası ləğv edildi. Konstitusiyanın yeni mətnində qeyd olunur ki, dövlət kasıblıqla mübarizə aparmalı və yoxsullara yardım etməlidir. Sahibkarlara “ədalətli vergilər”, gənclərə pulsuz təhsilin əlçatanlığı, həmçinin söz azadlığı və bütün digər fundamental hüquqlar təmin olunmalıdır.


Aprelin 30-da keçirilən konstitusiya islahatı “yeni Özbəkistanın bünövrəsini qoymaq” şəklində təqdim olunurdu. “Hakimiyyətin bütün qollarında dəyişiklik edilir, onların arasındakı münasibətlər və balans yenilənir. Yenilənmiş Konstitusiya prezidentin, parlamentin, nazirlərin, hakimlərin qarşısında yen vəzifələr qoyur. Xalqımız bütün sahələrdə bizdən vacib və aktual islahatlar gözləyir”,- deyə Şavkat Mirziyoyev bildirmişdi.

Kim şanslıdır?

9 iyul seçkilərində 4 əsas namizəd mübarizə aparacaq:

• Uluğbəy İnoyatov (Xalq Demokrat Partiyası, keçmiş təhsil nazırı)
• Şavkat Mirziyoyev (Sahibkarlar və İş Adamları Hərəkatı – Liberal-Demokrat Partiyası)
• Robahon Mahmudova (“Ədalət” Partiyası, Ali Məhkəmə Sədrinin keçmiş müavini)
• Abduşükür Həmzəyev (Ekologiya Partiyası)

Namizədlərin arasında şəksiz favorit hazırkı prezident Şavkat Miromonoviç Mirziyoyevdir. Mayın 13-də Özbəkistanın sosial-demokrat “Milli Tikləniş” (Milli Dirçəliş) partiyası da öz namizədindən imtina edərək, dövlət başçısını dəstəkləyəcəyini bildirib.


O, seçki proqramında “insanların həyatlarından məmnun qalmaları üçün” dayanıqlı iqtisadi artıma nail olacağını vəd edir. Konkretləşdirsək, adambaşına düşən ÜDM-in və ixracın iki dəfə artacağını, bütün yaşayış məntəqələrinin təmiz içməli su ilə təmin olunacağını, internetin sürətinin 10 dəfə yüksələcəyini, əmək miqrasiyası sistemində ciddi islahatların aparılacağını bildirir.

Yeni proqramda təhsilə xüsusi diqqət yetirilərək, hər il 500.000 şagird yerinin yaradılması vəd olunur. 2030-cu ilə qədər orta təhsil problemi tam şəkildə həllini tapmalıdır. Səhiyyə sahəsində dövlət “Hepatit C” xəstəliyinin müalicəsini tam üzərinə götürəcək.

Digər namizədlərə gəlincə, keçmiş təhsil naziri Uluğbəy İnoyatov əsas vurğunu sosial ədalətin üzərinə salır, varlılara “dəbdəbə vergisi”nin tətbiq olunacağını vəd edir.
Robahon Mahmudova sosial-demokrat təmayülünə uyğun olaraq, sahibkarlara hərtərəfli geniş dəstək söz verir.
Abduşükür Həmzəyev platformasına uyğun olaraq, ətraf mühitin mühafizəsinə böyük diqqət yetirir. Onun sözlərinə görə yüklər avtomobil yox, dəmiryolu nəqliyyatı ilə daha çox daşınmalıdır.

Əsas suallar

Seçkilərin sakit və qalmaqalsız keçəcəyi gözlənilir. Hazırkı dövlət başçısının reytinqi kifayət qədər yüksək olduğundan, gərgin mübarizə proqnozlaşdırılmır. Seçkidə gözlənilən intriqa başqa suallarla bağlıdır:
• Əhalinin iştirakı əvvəlki seçki ilə müqayisədə az, yoxsa çox olacaq?
• Miziyoyevin yığdığı səslərin faizi hansı istiqamətdə dəyişəcək?

Hazırkı prezidentin qələbəsi nə qədər inamlı olarsa, o, özünün həm daxili, həm də xarici siyasətini bir o qədər əminliklə davam etdirə biləcək.

Özbəkistanı dəyişən lider

66 yaşlı Şavkat Mirziyoyev mərhum İslam Kərimovun vaxtında 2003-2016-cı illərdə ölkənin baş naziri olub. O, prezident seçkisində üçüncü dəfə iştirak edəcək. 2016-cı il, dekabrın 4-də 88%-dən çox, 2021-ci ilin 24 oktyabrında 80,12% səs yığaraq qalib gəlmişdi.

Şavkat Miromonoviçin ölkəyə rəhbərlik etdiyi dövrdə böyük dəyişikliklər baş verib. Köklü islahatlar və cəsarətli addımlar onu göstərir ki, prezident İnkişaf Strategiyasında deyildiyi kimi, Yeni Özbəkistan qurmağa çalışır. Daxili siyasət və iqtisadiyyat xeyli liberallaşıb. Maliyyə sistemi müasirləşib, sərbəst dönərli valyutaya keçilib. Sahibkarlıq subyektlərində yoxlamalara moratorium qoyulub. Biznesə lisenziyaların verilməsi şərtləri yumşaldılıb. Dövlətin iqtisadiyyata müdaxiləsi məhdudlaşdırılıb.


İslahatlar nəticəsində Özbəkistanda iş adamlarının sayı artaraq iki milyona çatıb. Kəndli (dehqan) təsərrüfatlarına 200 min hektar torpaq ayrılıb. Nəticədə regionlarda 700 mindən çox insan sahibkarlıqla məşğul olmaq şansı qazanıb. Dövlət ailə biznesini fəal şəkildə dəstəkləyir, qadınların və gənclərin arasında məşğulluğun artmasına çalışır.

Cənab Mirziyoyev hakimiyyətə gələndən sonra Özbəkistan daha açıq xarici siyasət yeritməyə və regional tərəfdaşlığı inkişaf etdirməyə başladı. Yeni proqramda Özbəkistanın “sülh və əmin-amanlıq dövlətinə çevrilməsi” üçün həmin xəttin davam etdiriləcəyi vəd olunur.

Əlbəttə, Azərbaycan-Özbəkistan əlaqələrinin də dostluq, daha sonra qardaşlıq həddinə qədər sıxlaşmasında cənab Mirziyoyevin rolu çox böyükdür. Bu siyasət iyul seçkilərindən sonra daha əzmli şəkildə davam etməlidir.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Özbəkistan  





Xəbər lenti