1,45 milyon il əvvəl bir-birimizin ətini yesək də, sümüyünü atmışıq - FOTO

      1,45 milyon il əvvəl    bir-birimizin ətini yesək də, sümüyünü atmışıq    - FOTO
  27 İyun 2023    Oxunub:3316
1,45 milyon illik yaşı olan hominidin ayaq qalıqlarını araşdıran elm adamları maraqlı detallar aşkarlayıblar. ABŞ alimlərinin fosil üzərində apardıqları araşdırmalar ən qədim və təkamül dövrü keçən əcdadlarımızın bir-birini öldürməsi, hətta yeməsinə dair əvvəllər məlum olmayan sübutları ortaya qoyub.
Bu fikirlər Sciencenews-də dərc olunan məqalədəndir.

Quraqlıq 113 milyon illik dinozavr izini üzə çıxardı - FOTOLAR
Bu qədim insan əcdadının aşağı ətrafında - ayaq və dizində 11 kəsik yeri olub ki, bunlardan 9-u daş alətin nişanəsi sayılır. Kəsiklər daşlaşmış vəziyyətdə günümüzə qədər gəlib çatıb. Bu tapıntının 3D modellərinin təhlili isə göstərib ki, izlər iri yırtıcıların dişinin və ya hansısa heyvan dırnaqlarının deyil, daş alətlərin vurduğu zədələrə bənzəyir.

Vaşinqtondakı "Smithsonian" institutunda çalışan paleoantropoloq Briana Pobiner deyib ki, bu kəsik izləri qədim homininlər arasında qətllərin, hətta hannibalizmin ən qədim sübutudur.

Pobiner Keniyadakı Nayrobi Milli Muzeyində saxlanılan fosilləri araşdırarkən əvvəlcə zədələnmiş ayaq sümüyünü analiz edib. O, qədim hominidlərin nə yeməsi və necə davranmalarını müəyyən etmək istəyirmiş. Amma ayaq sümüklərindəki sensasiyalı izlər ortaya maraqlı faktlar çıxarıb. Bu xəsarət izləri məhz bədəndən ət kəsimi kimi görünüb.

Briana, fosillər üzərində olan 11 kəsikdən ibarət izləri Fort Kollinzdəki Kolorado Dövlət Universitetinin paleoantropoloqu Maykl Panteyə və İndiana ştatının Uest Lafayette şəhərindəki "Purdue" Universitetinin əməkdaşı Trevor Kivilə göndərib. Alimlər izlərin üçölçülü təsvirlərini yaradıblar. Təsvirləri daş kəsən alətlər, timsahların, şirlərin və digər yırtıcıların dişləri, iri ot yeyən heyvanların dırnaqlarının qoyduğu 898 sümük izləri ilə müqayisə ediblər.

Pobinerin sözlərinə görə, sümükdəki 9 kəsik daş alətlə kəsilmiş izlərlə üst-üstə düşüb. İki iz isə böyük bir pişiyin, ehtimal ki, qədim nəhəng dişli pələngin dişləməsinin nəticəsinə bənzəyib.

Qədim ayaq sümüyünün növ mənsubiyyəti ilə bağlı isə konsensus olmayıb. Pobiner və onun həmkarları bunun "Homo erectus", "H. habilis" və ya "Paranthropus boisei" ola biləcəyini deyirlər. Daş alətlə hücum etmiş hominidin qurbanla eyni cinsdən olub-olmadığını müəyyən etmək də mümkün olmayıb.

Elm adamları onu da vurğulayıblar ki, fosildəki kəsiklər baldır əzələsinin sümüyə bağlandığı yerin ətrafında yerləşir. Belə bir qədim dövrdə, bu cür davranışın səbəbləri isə hələlik qeyri-müəyyən olaraq qalır. Mütəxəssislərin ixtiyarında yalnız balaca bir sümüyün olması da işləri çətinləşdirib.

"Biz güman edirik ki, ayaqda kəsiklərin yaranmasına hominid səbəb olub. Ona aclıq hissi güc gəlib və hücumda məqsəd qida əldə etmək olub. Bu səbəbdən o, əti kəsərək sümükdən ayırıb" - Pobiner qeyd edib.

Yohannesburqdakı "Wits" universitetinin zooarxeoloqu Rafael Hanon da bu fərziyə ilə razılaşıb. Pobinerin araşdırma komandasında olmayan Hanonun sözlərinə görə, bu, bir növ ritual hərəkəti deyil, yeməyə olan ehtiyacdan yaranıb.

Amma əks-fikirdə olan alimlər də var. Məsələn, İspaniyanın Tarraqona şəhərindəki Kataloniya İnsan Paleoekologiyası və Sosial Təkamülü İnstitutunun zooarxeoloqu Palmira Saladier deyir ki, əllərində daha tutarlı faktlar olmalıdır. Çünki sümükdəki daş alət kəsiklər aclıq səbəbindən əti ayaqdan ayırmaq üçün atılmış addım olub-olmadığını müəyyən etmək üçün kifayət qədər sübut təqdim etmir.

Cənubi Afrikadakı Keyptaun Universitetinin arxeoloqu Conatan Sahle də bu iddianın mübahisəli olması ilə razılaşıb. Daş dövründə hannibalizmin baş verməsi ehtimal olunsa da, "bizə gəlib çıxan mövcud əşyalar belə bir nəticə çıxarmaq üçün kifayət etmir".

Məsələnin dərindən araşdırılmasını daha da çətinləşdirən ayaq fosilinin ilkin məkanı dəqiq bilinmir. Çünki o, Keniyanın şimalında güclü yağışlardan sonra eroziya nəticəsində tapılıb.

Xatırladaq ki, 2000-ci ildə öldürülmüş hominid sümüyünün tapılması da geniş mübahisə və müzakirələrə səbəb olmuşdu. Cənubi Afrikada aşkarlanan və yaşı 1,5-lə 2,6 milyon il arasında olduğu təxmin edilən sümüyün bir hissəsindəki kəsiklər şübhələr yaratmışdı. Tədqiqatçılar izləri çənənin çıxarılması üçün əzələnin kəsilməsi kimi qiymətləndirdilər. Lakin Hanon və onun həmkarları iddia etdilər ki, heyvan dırnaq izləri və ya fosilin təsadüfən kələ-kötür qayalara sürtünməsi də kəsiklərə səbəb ola bilərdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sümük   Alim   Fosil   Hannibalizm  





Xəbər lenti