Fərid Qayıbov: "Güləş komandamızda qızların sayı çoxalıb"

   Fərid Qayıbov:    "Güləş komandamızda qızların sayı çoxalıb"
  27 İyun 2023    Oxunub:1350
“Cəmiyyətimizin sağlam olması çox vacibdir”.
Bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən MINEPS VII Konfransı çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.

Nazir bildirib ki, tədbirlərin əksəriyyəti kütləviliyə yönəlib. Bu baxımdan regionlarda müəyyən tədbirlər həyata keçirilir:

“Qeyd edim ki, sabah Mingəçevirdə “Fit for life” layihəsinin digər ölkələr üçün təqdimatı olacaq. Təbii ki, belə kütləvi layihələrin sayı daha çox olmalıdır. Biz uşaqdan böyüyə hər kəsi düşünüb tədbirlərimizi o istiqamətdə təşkil etməliyik”.

F.Qayıbov Azərbaycanda gender bərabərliyi ilə bağlı mövcud vəziyyəti şərh edib:

“Ölkəmizdə gender bərabərliyinin yüksək dərəcədə pozulduğunu düşünmürəm. Amma daim bu istiqamətdə işləməyə davam etməliyik. Federasiyalarla gender bərabərliyini müzakirə edirik”.

“Bildiyiniz kimi, bir çox rayonlarda yalnız eyni idman növləri inkişaf edir. Bizim əsas işlərimizdən biri regionlarda fərqli idman növlərini təbliğ etməkdir. Amma regionlarımızda da kifayət qədər peşəkar şəkildə idmanla məşğul olan qızlarımız var. Diqqət etsək, hazırda güləş komandamızda bir çox çəkilərdə qızların sayının çoxaldığını görərik. Əlbəttə ki, bu təbliğatdan çox asılıdır. Biz gərək bu işi daha da gücləndirək”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, iyunun 29-dək davam edəcək konfransın yekununda YUNESKO-nun idman təşəbbüsü olan “Fit for Life” layihəsindən irəli gələn “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. “Fit for Life” layihəsinin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVID-19 pandemiyasının yaratdığı negativ təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.

AzVision.az



Teqlər:





Xəbər lenti