Qarabağ separatçılarının əli iranlı qanına da batıb...

// Amma ali dini rəhbər onların müdafiəsi üçün fətva verir!

   Qarabağ separatçılarının əli    iranlı qanına    da batıb...
  02 İyul 2023    Oxunub:3753
Bəzən həddi aşsa da, əslində İranın Qarabağ erməniləri ilə sərgüzəştləri elə də çox deyil. İran hakimiyyətinin dünyaya baxışı anti-Azərbaycançılıqdan ibarətdir. Onlar reallığı qəbul etməkdən uzaqdırlar. Bəzən öz dövlətlərini məhv etmək dərəcəsində qərarlar qəbul edirlər. Qarabağ ermənilərinin müdafiəsi ilə bağlı ali dini rəhbər S.Ə.Xamneyinin verdiyi fətva da bunlardan biridir.
Ali dini liderin sonuncu fətvası onun Qarabağ mövzusunda yürütdüyü xəttin məntiqi yekunudur. Məntiq isə budur ki, təki Azərbaycan dövləti ziyan çəksin, düşmənləri güclənsin. Azərbaycan vətəndaşı olmuş və olacaq Qarabağ ermənilərinin İslama, Azərbaycana münasibətini öyrənmədən təhlükəsizlikləri ilə bağlı fətva verməsi də bununla bağlıdır. Həmin fətva 2020-ci il, noyabrın 4-də verilib. Ermənistanın kapitulyasiyanı imzalamasına cəmi 4 gün qalmış.

Fətvanın məntiqinə görə, Xocalı soyqırımını törədən, kütləvi məzarlıqlar salan, azərbaycanlılara qarşı vəhşilik edən ermənilərlə yanaşı, İran vətəndaşlarını öldürən ermənilərin də təhlükəsizliyi təmin olunmalıdır. Bəli, Qarabağ ermənilərinin əli dinc iranlıların qanına da batıb.

1994-cü il martın 17-də, atəşkəslə bağlı danışıqlar gedən dövrdə İranın Moskvadakı diplomatları Novruz bayramını keçirmək üçün ölkələrinə uçurdular. Sərnişin təyyarəsi gözlənilmədən marşrutunu dəyişərək, Qarabağ üzərindən uçmalı oldu. Amma separatçıların zenit-raket kompleksindən açdıqları atəşlə sərnişin təyyarəsi vuruldu. İranın 32 vətəndaşının olduğu təyyarə Qarabağ ərazisinə düşdü.

Həmin dövrdə Qarabağ ərazisində azərbaycanlı yox idi, ola da bilməzdi. 1994-cü ilin əvvəlindən atəşkəs müqaviləsinin imzalanması ilə bağlı danışıqlar gedirdi. Danışıqlarda əsas maneə sənədi 2, yoxsa 3 tərəfin imzalaması məsələsi idi.

Dini rəhbər bunları da nəzərə almadan, Qarabağ ermənilərinin təhlükəsizliyinin müdafiəsinin üstündə dayanıb.

Hələ bizi də hədələyirlər. Guya İsveçdə Quranın yandırılmasına bütün dünya reaksiya verib, Azərbaycandan başqa! İran Azərbaycan Respublikasının bu hərəkətindən Türkiyəyə və İslam Konfransı Təşkilatına şikayət etməyə hazırlaşır.

Ali dini rəhbər Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı fətvasını dəyişməyəcəksə, o zaman biz özümüz Azərbaycan və İran müsəlmanları adından İranın dinə zidd hərəkətlərindən İslam Konfransı Təşkilatına müraciət edə bilərik.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: İran   Ermənistan   Qarabağ  





Xəbər lenti