Alimlər evtanaziya etdikləri donuzu həyata qaytardılar

   Alimlər evtanaziya etdikləri donuzu həyata qaytardılar
  03 İyul 2023    Oxunub:1770
Yel Tibb Məktəbinin alimləri ölümdən bir saat sonra donuzların ürəyinə və beyinlərinə qan axınını uğurla bərpa ediblər.
AzVision.az xəbər verir ki, yeni araşdırma “Nature” jurnalında dərc olunub.

"OrganEx" adlı texnologiyadan istifadə edilən yeni tədqiqat həyatı təmin edən üsulların imkanları haqqında maraqlı suallar doğurur. Bununla belə, alimlər bu texnologiyanın insanlara tətbiqinin hələ mümkün olmadığını vurğulayıblar.

Tədqiqatçılar donuzlar süni tənəffüs aparatına qoşulu olan zaman "OrganEx"dən qan və 13 kimyəvi maddə, o cümlədən antikoaqulyant dərmanlar olan qan əvəzedicisini köçürmək üçün istifadə ediblər. Bu müdaxilə heyvanlar anesteziya və evtanaziya edildikdən sonra həyata keçirilib.

Donuzlar tam bərpa olunmasa da, prosedur hüceyrə ölümünün azaldığını və toxuma bütövlüyünün qorunduğunu nümayiş etdirib. Üstəlik, ürək, qaraciyər və böyrəklər kimi həyati vacib orqanlarda molekulyar və hüceyrə prosesləri bərpa edilib. Bu da "OrganEx"in potensialını nümayiş etdirir.

Məqaləda qeyd edilib ki, "OrganEx" bədəndən kənarda qanı oksigenləşdirmək və karbon dioksidi çıxarmaqla həyati dəstək üçün klinik şəraitdə hazırda istifadə olunan alternativ yanaşma olan ekstrakorporeal membran oksigenləşməsindən (ECMO) üstündür.

Yel Universitetinin baş elmi işçisi Stiven Lazam mətbuat konfransı zamanı xəbərdarlıq edib ki, bu texnologiyanın insanlarda istifadəsi hələ mümkün deyil. İlk növbədə aparat orqan funksiyalarını tam bərpa edə bilmir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti