"Qələmimi çərtirəm" - Elza Seyidcahan

 "Qələmimi çərtirəm" -    Elza Seyidcahan
  04 İyul 2023    Oxunub:4755
Xəbər verdiyimiz kimi, əməkdar artist, müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Bu gün ona üzvlük bileti təqdim edilib.
AzVision.az bununla bağlı bəstəkarla söhbətləşib.
Elza Seyidcahan Yazıçılar Birliyinin üzvü oldu - FOTOLAR


- Elza xanım, sizi təbrik edirik. Necə oldu ki, üzvlüklə bağlı müraciət etmək qərarına gəldiniz?
- Yazıçılar Birliyinə niyə üzv olmamağımla bağlı həmişə mənə sual ünvanlayırdılar. Eyni zamanda belə bir sualla birliyin sədrinə müraciət edirdilər. Yazıçı Anar isə həmişə bildirirdi ki, “Elza xanım bizə bununla bağlı rəsmi müraciət etməyib, müraciət olarsa, bu məsələyə baxarıq”. Ötən il sənədlərimi yığıb birliyə təqdim etdim. İyunun 25-i Anar müəllim mənə zəng etdi və üzvlüyə qəbul olunmağımla bağlı təbrikini çatdırdı. Dedi, buyurun, gəlib vəsiqənizi götürün. Çox kövrəldim, eyni zamanda özümü o qədər xoşbəxt hiss etdim ki. Dahi şəxsiyyət Anar müəllimin zəngi mənə dəyər, hörmət və dəstək idi.

Bu gün isə Xalq yazıçısı Çingiz Abdullayev məni hörmətlə qarşıladı. Öz məsləhət və tövsiyyələrini verdi. Səməd Vurğun haqqında xatirələrini bölüşdü. O mənə dedi: "çox xoşbəxt adamsınız ki, Səməd Vurğun kimi şairin iş otağında vəsiqəni qəbul edirsiniz". Mən Çingiz müəllimin heyranıyam. O, İkinci Qarabağ müharibəsi zamanı bizi dünyada, Rusiyada dəfələrlə təbliğ etdi, bədnamların cavablarını verdi. Biz belə ziyalılarımızla hər zaman fəxr edirik.

Mən də öz növbəmdə onların görüşünə çiçəklər və tortla getmişdim. Çox unudulmaz gün idi. "Ailəmizə xoş gəldiniz” dedilər. Anar bəyin qızı Günel xanımla da görüşdüm. Rəsul Rzadan və Nigar Rəfibəylidən söz açdıq.



- Üzvlük vəsiqəsi sizin üçün nəyisə dəyişəcəkmi?
-Bundan sonra yazılarımda daha ciddi, daha məsuliyyətli olacağam.

- Bu işdə ən çox hansı yazardan dəstək gördünüz?
- Tənqidçi Cahangir Əsəd həmişə məni müdafiə edir. Qəşəm Nəcəfoğlu, Xəyal Rza, Seyran Səxavət, Rəşad Məcid, Sayman Aruz, Səlim Babullaoğlu üzvlük məsələsində çox kömək oldular. Ancaq son sözü Anar müəllim deməli idi. Fikrət Qoca sağlığında üzv seçilməyimi çox istəyirdi, ancaq pandemiya oldu deyə bu iş ləngidi. Onlar mənə qarşı müzakirələrdə haqsızlığı da görürüdülər. Buna baxmayaraq, məni müdafiə edirdilər.

- Üzvlüyə görə sosial şəbəkələrdə sizi tənqid edənlər də az deyil. Bəziləri düşünür ki, belə bir statusa layiq deyilsiniz. Bu haqda nə deyə bilərsiniz?
-Elə insanların şərhini oxumamışam. Mən sözümü şeirlərimdə, yazılarımda deyirəm. İndi də böyük məsuliyyətlə qələmimi çərtirəm. Həmçinin böyüklər olan yerdə mən susuram. Bundan sonra qələmə güc verəcəyəm.

Telli Borçalı yuxusunda görüb ki, iki qələmi var və Zəlimxan Yaqub ona deyir ki, qələmin birini Elza Seyidcahana ver. Bəlkə, elə bu yuxu üzvlüyümə işarə idi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   ElzaSeyidcahan  





Xəbər lenti