Məktəb direktoru təyin olunan şəxslərin sayı

 Məktəb direktoru təyin olunan şəxslərin  sayı
  05 İyul 2023    Oxunub:1820
“İndiyədək 10 minə yaxın namizəd direktorların işə qəbulu imtahanında iştirak edib. Onlardan 2000-ə yaxını bu vəzifəyə təyin olunub”.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O xatırladıb ki, sabah – iyulun 6-da şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbulu üzrə test imtahanı mərhələsi keçiriləcək: “Bu mərhələdən uğurla keçən namizədlər müsahibəyə buraxılacaq. Proses yeni tədris ilinin əvvəlinə kimi yekunlaşacaq”.

Şöbə müdiri söyləyib ki, şagird sayı 500-dən az olan məktəblərə direktorlar təyinatı üçün namizədlərin test imtahanı mərhələsi artıq yekunlaşıb: “Keçid balları müəyyən olunub, növbəti həftələrdə yerli idarəetmə orqanları tərəfindən müsahibə mərhələsi həyata keçiriləcək”.

E.Bağırov qeyd edib ki, hazırda Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur. O bildirib ki, vakant yerlərin yaranması əsasən həmin məktəblərdə direktorların yaş həddinə çatması ilə bağlıdır: “Daha bir səbəb isə nazirlik tərəfindən mütəmadi şəkildə keçirilən monitorinqlər zamanı yol verdikləri nöqsanlara görə bəzi direktorların əmək müqavilələrinə xitam verilməsidir”.

Şöbə müdiri xatırladıb ki, 2021-ci ildə pandemiya səbəbindən məktəblərdə vakant direktor yerlərinin sayı çoxalmışdı: “Bu say təxminən 900-ə yaxınlaşırdı. Son illər keçirilən müsabiqələr zamanı bu yerlərin sayı kəskin aşağı düşmüşdü”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti