Yer Günəşdən ən uzaq məsafədən keçib

   Yer Günəşdən ən uzaq məsafədən keçib
  07 İyul 2023    Oxunub:1980
Yer Günəşdən ən uzaq məsafədən keçib.
Bu, yay fəslinin başlanmasından təqribən 2 həftə sonra baş verib. Saat 00:06-da afelidən keçib və həmin an Günəşə qədər məsafə 152 093 251 km olub. Afelidə Yer Günəşdən ən yaxın nöqtəsi olan perihelidə olduğundan təqribən 5 milyon km uzaqda olur. Afelidə Günəş diskinin görünən bucaq ölçüsü perihelidə olduğundan kiçikdir. Yer afelidə olduqda Günəşin bucaq diametri minimal - 31'28", perihelidə isə maksimal - 32'32" olub. Günəş diskinin ölçüsündə olan bu fərq gözlə hiss olunmur və təxminən 3% təşkil edib.

Afelidə Yer Günəşdən perihelidə olduğundan təxminən 7% az günəş enerjisi alır. Amma bu, fəsillərin dəyişməsinə təsir etmir. Fəsillərin dəyişməsi Günəşə qədər məsafənin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında dolanması və eyni zamanda onun fırlanma oxunun orbit müstəvisinə meyilli olması ilə bağlıdır. Günəşə qədər məsafənin dəyişməsi şimal və cənub yarımkürələrində qış və yay arasındakı temperatur fərqinə təsir göstərir.

Yerin periheli və ya afelidə olduğu tarixlər sabit deyil. Qısa müddətdə tarixlər ildən-ilə iki günə qədər dəyişə bilər. Lakin uzun dövrdə afeli və perihelidə olma tarixləri kəskin dəyişir. Məsələn, 1246-cı ildə dekabr qış Günəşduruşunda Yer perihelidə olub. O vaxtdan bəri periheli və afeli tarixləri hər 58 ildə bir gün dəyişir. Astronomların hesablamalarına görə, 6430-cu ildə - 4407 ildən sonra Yerin perihelidə olma tarixi 19 mart gecə-gündüz bərabərliyi ilə üst-üstə düşəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti