"Özbək xalqı böyük həyəcanla seçkinin nəticəsini gözləyir" - Türkiyəli deputat

   "Özbək xalqı böyük həyəcanla seçkinin nəticəsini gözləyir" -    Türkiyəli deputat
  09 İyul 2023    Oxunub:1728
"Seçki demokratiyanın onurğasıdır. Özbək xalqı ürəklə bu seçkiyə qatılır və həyəcanla nəticələri gözləyir".
AzVision.az xəbər verir ki, bunu TÜRKPA-nın müşahidəçisi, Türkiyənin Kocaeli vilayətindən olan millət vəkili Özgür Harun Yıldızlı Özbəkistanda keçirilən prezident seçkilərindən danışarkən deyib.
"İnsanlar verdikləri səsin xeyrini görəcək" - Filiz Kılıç


"Həmkarlarımla birlikdə səhər saatlarından məntəqələri gəzirik. Seçki demokratiyanın onurğasıdır. Bu mənada Özbəkistanda baş tutan seçki çox qiymətlidir. Hər kəs böyük istəklə məntəqələrə gəlir və sərbəstcəsinə səsini verir. Müşahidələrimə əsasən deyə bilərəm ki, özbək xalqı həyəcanla nəticələri gözləyir. Türkiyə ilə Özbəkistan arasında səsvermə prosedurunda bir az fərq var. Ancaq mahiyyət eynidir. Bütün seçkilər demokratiyaya xidmət etməlidir", - türkiyəli millət vəkili bildirib.

Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.

Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparır.

Yerli vaxtla saat 8:00-da Özbəkistandan kənarda 39 ölkədə 56 seçki məntəqəsi də daxil olmaqla 10 784 seçki məntəqəsi açılıb. Vətəndaşlara yerli vaxtla saat 20:00-a qədər səs vermək imkanı verilir.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:   Özbəkistan   seçki  





Xəbər lenti