Azərbaycan mətbəxi UNESCO-nun restoranında

Azərbaycan mətbəxi UNESCO-nun restoranında
  04 İyun 2014    Oxunub:2516
İyunun 2-də UNESCO-nun mənzil iqamətgahındakı restoranda Azərbaycan mətbəxi günləri başlayıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, nüfuzlu beynəlxalq təşkilatda zəngin Azərbaycan mətbəxini məşhur “Buta Palace “ restoranının aşpazları təqdim edirlər.

Restoranın baş direktoru Mikayıl Zeynalov açıqlamasında Heydər Əliyev Fondunun ölkəmizin milli dəyərlərini dünyanın ayrı-ayrı ölkələrində təbliğ etmək məqsədilə həyata keçirdiyi müxtəlif layihələrdən söz açıb.

Bildirib ki, hazırda Fondun UNESCO-nun və ölkəmizin bu qurum yanındakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşan Azərbaycan mətbəxi günləri həmin layihələrin tərkib hissələrindən biridir.

Sevindirici haldır ki, xalqımızın mətbəx nümunələrini təqdim etmək məhz “Buta Palace” restoranına etibar edilmişdir. Bu etimadı layiqincə doğrultmaq üçün restoranın baş aşpazı Oqtay Cəfərovun rəhbərliyi altında Alim Daşdəmirov, Anar Qubatov, Aqil Abbasov və Zaur Vazehi kimi təcrübəli aşpazlar əllərindən gələni əsirgəmirlər.

Aşpazlarımız müştərilərə əsasən çoban, manqal və incə salatları, dovğa, düşbərə, doğramac, üzüm və pip yarpağından hazırlanmış dolmalar, lülə kabab və xalqımızın ən sevimli xörəyi hesab edilən şah plovu təqdim edirlər.

Diqqətə çatdırılmışdır ki, müştərilər ilk gündən milli mətbəximizin nümunələrinə böyük maraq göstərirlər. Onların sayının artması isə bunu bir daha təsdiqləyir. Müştərilər, həmçinin ölkəmizə də böyük maraq göstərirlər. Biz onları maraqlandıran suallara ətraflı cavab verir, mətbəximizə dair məlumatların əks olunduğu disklər paylayırıq.

UNESCO-da Azərbaycan mətbəxi günləri iyunun 6-dək davam edəcək.

UNESCO-dakı restoranın müdiri Cyril Ogapfel isə qeyd edib ki, Azərbaycan mətbəx nümunələri ilə ilk tanışlıq, xörəklərin müxtəlifliyi və keyfiyyəti mənim üçün sözün əsl mənasında möcüzədir. Mənə dedilər ki, şah plov azərbaycanlıların süfrəsinin bəzəyidir. Toylarınız plovsuz ötüşə bilməz. Bu, artıq xalqınızın qədim ənənələrinin təcəssümüdür.

Əvvəllər Aralıq dənizi sahillərində yerləşən ölkələrin, xüsusilə İtaliya, Fransa, Livan və digərlərinin milli mətbəxi ilə tanış olduğunu deyən Cyril Ogapfel Azərbaycan yeməklərinin dadına, çeşidinə görə onlardan tamamilə fərqləndiyini xüsusilə vurğulayıb.

Qeyd edib ki, Azərbaycanda olmasam da, ölkənizin strateji resurslarla zənginliyi barədə geniş məlumatım var. Digər tərəfdən isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunan konsertlər və digər tədbirlər ölkəniz haqqında hamıda zəngin təəssürat yaratmağa və məlumat əldə etməyə imkan verir.


Teqlər:





Xəbər lenti