Bizə Zərdabi yox, zərdab lazımdır

      Bizə Zərdabi yox, zərdab lazımdır
  22 İyul 2023    Oxunub:3193
Azərbaycanda ən ağır işlərdən biri jurnalistikadır. Heç kim məsələn, stomatoloqa kəlbətini necə tutmağı başa salmır. Proktoloqa imaləni hansı bucaq altında daxil etmək haqqında mühazirə oxumur. Amma jurnalistə qələmi necə tutmaq, nədən və necə yazmaq haqqında dərs keçməyi hamı boynunun borcu bilir.
Nəyə görəsə hər kəsə elə gəlir ki, jurnalistikaya jurnalistdən daha yaxşı bələddir. Ölkədə ikinci belə bədbəxt peşə yoxdur. Mən maşını ustaya aparanda təkəri daha yaxşı yamaya biləcəyim iddiasında olmuram. Olsam, aparmaram, özüm yamayaram. Amma medianı izləyən hər kəs jurnalistdən daha yaxşı yaza biləcəyi qənaətindədir. Dərd ondadır ki, buna görə qınamaq da olmur: Oxucuların 20%-i həqiqətən də jurnalistlərin 80%-dən daha yaxşı yaza bilər. Jurnalistlərin 80%-i əvvəlcə peşəkar oxucu olmağı öyrənməlidir. Yerdə qalan 20% isə onların fonunda parlamır, onların oduna yanır.

Elə yerə gəlib çatmışıq ki, artıq yaxşı jurnalistikanın necə olmalı olduğu haqda danışmaq da çətindir, çünki göstərmək üçün nümunə tapmaq da getdikcə qəlizləşir. Siz tənhalığın nə olduğunu bilmək istəyirsinizsə, bunu ölkədəki savadlı jurnalistlərdən soruşun. Onlar sizə həqiqi tənhalıq haqqında dastanlar danışarlar. Onlar özlərininkilərin (jurnalistlərin) arasında yaddırlar, yadların arasında özgə.

Qınamağa heç kim yoxdur, zira, hamı haqlıdır. Ayrı-ayrılıqda hər şey düzdür, amma ümumilikdə bu cür düzünm özü səhvdir. İndi mediamıza Zərdabi yox, zərdab lazımdır. Vücudundakı zəhəri təmizləmək üçün. Yəqin ki, oxucuların 80, jurnalistərin 20%-i əvvəlki cümləni başa düşmədi, çünki onlar üçün zərdab ancaq rayon adıdır.

Nə etmək olar? Heç nə! İndiki jurnalistlər yarıtmadığı üçün Ömər Faiq Nemanzadəni oxumaqdan başqa çarə qalmır. Özü nəhəngdir, yazdıqları isə bu gün də aktual. Eynilə Sabir kimi, Üzeyir Hacıbəyov kimi, Zərdabinin özü kimi - hamısı bu gün də aktuallıqlarını qoruyub saxlayırlar. Ən azından hamı belə deyir, mənim də inanmamaq üçün heç bir əsasım yoxdur. Bir məsələ qaranlıq qalır: Onların hələ də aktual olmasının səbəbi nədir - yazanların yaxşı, yoxsa oxuyanların pis olması?

Bir tərəfdən, onlar əgər böyük qələm sahibləri idilərsə, yazdıqları bu gün artıq aktual olmamalı idi, toxunduqları problemlər indiyə qədər yüz dəfə həllini tapmalıydı. Amma onlar həqiqətən böyük idilər axı! Deməli, oxuyanlar bir matah olmayıblar ( bu cümlədə "matah" sözünü dilinizə uyğun gələn istənilən başqa kəlmə ilə dəyişə bilərsiniz). Nemanzadənin, Məmmədquluzadənin, Hacıbəyovun düzəldə bilmədiyi cəmiyyət bugünkü jurnalistləri "niyə cəmiyyəti düzəldə bilmirsiniz" deyib, qınayır. Rəhm edin, cənablar, sizi heç nəhənglər düzəldə bilməyib e! Biz kimik ki?!

Bəli, düz başa düşdünüz, mən oxucunu sancmaq istəyirəm. Eybi yox, bu gün olar, bu gün bayramdır. Həmişə siz bizi sancası deyilsiniz ki!
Bayaqkı fikrimə yüngül düzəliş edim: Bəli, bizə həqiqətən Zərdabi yox, zərdab lazımdır. Amma təkcə mediaya yox, hər iki tərəfə. Zərdabi düzəldə bilmədi. Bəlkə, Zərdab düzəldər.

Vüsal Məmmədov

AzVision.az saytının baş redaktoru


Teqlər: Media  





Xəbər lenti