İnfarkt keçirən azərbaycanlı aktrisa: “Dərmanlarımı aptekdən nisyə alıram”

  İnfarkt keçirən azərbaycanlı aktrisa:  “Dərmanlarımı aptekdən nisyə alıram”
  04 Avqust 2023    Oxunub:2067
“Aylar əvvəl infarkt keçirdim. Buna görə isə ürəyimdən əməliyyat olunmalı idim. Amma biləndə ki, bu əməliyyat sinə hissədən yarılıb oradan olacaq, razılıq vermədim. Həkimlə qərara gəldim ki, müalicələrlə ürəyimi sağaldım. Müayinə zamanı isə ürəyimdən keçən iki damarın tutulduğunu və cəmi bir damarın işlədiyini bildim. Uzun zamandır ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəlik isə ürəyimin iki damarının fəaliyyətini dayandırıb”.
AzVision.az xəbər verir ki, bu sözləri Bizim.media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qocaman və məşhur aktrisası Məsumə Babayeva deyib. Səhhətindən söz açan 71 yaşlı sənətkar aprel ayında ayağından ağır əməliyyat keçirdiyini açıqlayıb:

“Ayaqlarımda problem var idi. Gəzə bilmirdim. Çox ağrılarım olurdu. Əməliyyata qərar verdim. Aprelin 8-də klinikaların birində ayağımdan əməliyyat olundum. Ayağımda stendlər dəyişdirildi. Düzdür, müəyyən qədər indi hərəkət edə bilsəm də, amma yenə də ağrılarım olur”.

Müalicələrin effektivliyini artırmaq üçün çox sayda dərmanlar qəbul etdiyini söyləyən aktrisa maddi vəziyyətinin aşağı olmasına görə preparatları aptekdən nisyə aldığını bildirib:

“Xəstəliyim nə birdir, nə də iki. Bununla bağlı isə çox sayda dərmanlar qəbul edirəm. İstər səhhətim, istərsə də maddi vəziyyətim yaxşı deyil. Həddən artıq müalicələrimə və dərmanlarıma pul gedir. Hətta dərmanlarımı apteklərdən nisyə alıram. Sonra da pensiya aldıqdan sonra həmin nisyələrin ödənişini edirəm”.
M.Babayeva əməliyyat və müalicələrini yalnız öz hesabına etdiyini vurğulayıb:

“Mədəniyyət Nazirliyi mənə diqqət ayırır. Sağ olsunlar. Bu yaxınlarda isə pensiyam 420 manat olub. Düzdür, bu pul çox azdır. Belə ki, indi hər bir şeyin qiyməti qalxıb. Eləcə də dərmanların. Məni də ayaqda saxlayan müalicələr və dərmanlardır. İndiyə kimi əməliyyatlarıma gəlincə isə, onların hamısını hissə-hissə özüm ödəmişəm. Amma istər əməliyyat, istərsə də müalicələrdə klinikalar ödənişi yarıya endiriblər. Mənə beləcə yardım ediblər. Sizin vasitənizlə isə onların bu xeyirxah addımlarına görə dərin təşəkkürümü bildirirəm”.

Havaların isti keçməsi aktrisanın səhhətinə mənfi təsir edib. Onun sözlərinə görə, bu günlərdə vəziyyəti ağırlaşdığı üçün ard-arda təcili yardıma müraciət edib:

“Ayağımdan əməliyyat olunduğum zamanda “Hozu” filminin çəkilişləri başlamışdı. Mənə də o filmdə çəkilməyə təklif gəldi. Amma əfsuslar olsun ki, o filmə çəkilməyə səhhətim imkan vermədi. Evdən küçəyə yalnız həkimə gedəndə çıxıram. Zamanımın əksər hissəsi evdə keçir. Havalar da çox isti keçdiyi üçün ürəyim az qala dayansın, səhhətim daha da ağırlaşır. Elə bu günlərdə üstümə neçə dəfə təcili yardım gəlib. Bir təhər yaxınlarımın və yaxşı insanların sayəsində yaşamağa davam edirəm”.

Qeyd edək ki, ötən il Məsumə Babayevanın sinəsində şiş aşkarlandığı üçün əməliyyat olunub. Əməliyyat zamanı isə onun sinəsi kəsilərək götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti