İran məhkəməsinin inzibati müəmmaları

İran məhkəməsinin inzibati müəmmaları
  07 Avqust 2023    Oxunub:1648
Hələ iki ay əvvəl Ali Məhkəmə üç dəfə edam cəzasına məhkum olunmuş etirazçı Cavad Ruhinin ölüm hökmünü təsdiqləməsə də, onun barəsində “məhkəmə qərarından xəbərsizlik” siyasəti davam edir və bu iş “müəmmalı inzibati raundda dolaşır”.
AzVision.az Cavad Ruhinin vəkili Məcid Kaveyə istinadən xəbər verir ki, Ali Məhkəmənin qərarından iki ay keçməsinə baxmayaraq, bu işin statusu hələ də bəlli deyil.

“Mazandaran vilayətinin mərkəzi İnqilab məhkəməsində bu cinayətlərlə məşğul olan xüsusi şöbənin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar iyun ayında bu iş baxılmaq üçün Tənkabun İnqilab məhkəməsinə verildi. Nəhayət, səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün iş Mazandaran vilayətinin Apellyasiya məhkəməsinin 8 saylı şöbəsinə göndərilsə də, hələlik heç bir qərar çıxarılmayıb. Tənkabun İnqilab məhkəməsi işi Amül İnqilab məhkəməsinin birinci şöbəsinə, Amül İnqilab məhkəməsi isə Sari İnqilab məhkəməsinin birinci şöbəsinə göndərib”, - Kave deyib.

Keçən il sentyabrın 21-də Növşəhrdə keçirilən ümummilli etirazlar zamanı həbs olunan Amül şəhərinin 35 yaşlı sakini Cavad Ruhi İran məhkəməsi tərəfindən “üç edam” cəzasına məhkum edilib.

Apellyasiya şikayəti əsasında Ali Məhkəmənin 9-cu şöbəsi bu il may ayının sonlarında onun işinə baxaraq, bu hökmləri təsdiqləməyib.
AzVision.az



Teqlər: İran   məhkəmə  





Xəbər lenti