`Gələcəyin hüdudları` Bakıda - VİDEO

`Gələcəyin hüdudları` Bakıda  - VİDEO
  05 İyun 2014    Oxunub:1248
“Gələcəyi bilən düşmən məğlub ola bilməz” ©

Elmi-fantastik film olan “Gələcəyin hüdudları” filmi Yaponiyalı yazıçı Hirosi Sakuradzukinin “Sənə lazım olan - öldürməkdir” kitabı əsasında çəkilib. Filmin rejissoru Daq Laymandır. Bu rejissor hətta şablon, standart layihələri ilə belə tamaşaşınını diqqətini cəlb edə bilir. Onun rejissoru olduğu “Bornun identifikasiyası” və `Mr. və Mrs. Smith” filmləri hamımıza tanışdır.

Keçək “Gələcəyin hüdudları” filminə

Uzaq olmayan gələcək. Bütün dünyada yadplanetlilərə - mimiklərə qarşı müharibə gedir. Mimiklər yer planetinə meteor yağışları ilə birgə düşən yadplanenlilərdir. Birləşmiş müdafiə qüvvələri yadplanetli işğalçılara qarşı mübarizə aparır və onların gücləri tükənmək üzrədir. Bu an meydana bu vaxta qədər heç vaxt döyüşdə iştirak etməyən, lakin müharibənin gedişatını dəyişə biləcək zabit çıxır.

Mayor Uilyam Keydc müharibəyə qoşulmaqla özünü ölümə məhkum edir. Bu zaman filmin ssenaristləri döyüş filminin birinci qanunu – “baş qəhramanı öldürməmək” qanununu pozur. Lakin gözlənilməz hadisə baş verir. Tom Kruzun qəhrəmanı döyüşlərdən birində mimikin qanına yoluxur və “yaşanan günü” yenidən başlamaq qabiliyyətini əldə edərək, döyüşdən əvvəlki günə qayıdır.

Film öz aktyor heyətinə görə bir çox Hollivud filmlərini üstələyir. Tom Kruz və Emili Blant rollarını mükəmməl ifa edirlər. Mayor Keyc rolunda Tom Kruz olduqca inandırıcı görünürdü. O, hər dəfə keçmişə gələcəkdə əldə etdiyi bilgilərlə qayıdır. Bununla biz film boyu onun tədricən necə qəhrəmana çevrildiyinin şahidi oluruq.

Emili Blant isə qadın əsgər rolunu ideal şəkildə canlandırır. Emilinin əvəzinə bu rolda başqa qadın aktrisanı təsəvvür etmək mümkün deyil. Onda qadın gözəlliyi və kişi gücü birləşir.

Filmin əsas xüsusiyyətlərindən biri də onun vizual effektləridir. Yadplanetlilərlə döyüş olduqca real görünür. Tamaşaçılar hər səhnədə yadplanetlilər və əsgərlər arasında təkrarolunmaz döyüşün şahidi olurlar. Filmdə sonuncu döyüş isə Parisdə baş verir. Hər anı tamaşaçını gərginlikdə saxlayan “Gələcəyin həddi” filmi gözlənilməz sonluqla bitir.

“Gələcəyin həddi” filmi fantastik film həvəskarları üçün hədiyyədir. Layman, Kruz və Blant triosu əla süjetə və heyrətləndirici vizual effektlərə malik film ərsəyə gətirib. Film bu gündən etibarən kinoteatrlarda nümayiş ediləcək.

Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər:





Xəbər lenti