"Atam mənim üçün demək olar ki, hər şey deməkdir" - Musa Qurbanlı

   "Atam mənim üçün demək olar ki, hər şey deməkdir" -    Musa Qurbanlı
  11 Avqust 2023    Oxunub:1295
"Mən gənc futbolçuyam və bu yaxınlarda peşəkar karyerama başlamışam. Böyük liqalarda oynayan komandalar mənimlə əlaqə saxlayırdı. Amma hiss etdim ki, "Yurqorden" mənim üçün Avropada daha yaxşı ilk addımdır. Mən hiss edirəm ki, Avropaya uyğunlaşmalı və daha çox təcrübə qazanmalıyam".
AzVision.az xəbər verir ki, bu sözləri İsveçin "Expressen" nəşrinə müsahibəsində Azərbaycan millisinin üzvü, bu yay "Qarabağ"dan "Yurqorden"inə keçən Musa Qurbanlı deyib.

"Yurqorden"in heyətində 4 oyunda mydana çıxan 21 yaşlı hücumçu İsveç çempionatının Azərbaycan Premyer Liqasından daha rəqabətli olduğunu bildirib: "Məncə, İsveç liqası kifayət qədər güclüdür. Əvvəllər “Qarabağ”da oynamışam. "Qarabağ" olduqca yaxşı komandadır. Amma liqa olaraq İsveç çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır. Bütün matçlar çətin keçir. Bunu turnir cədvəlinə baxanda da görə bilərsiniz".

Musa “Yurqorden”in baş məşqçiləri Kim Berqstrand və Tomas Laqerlöfün haqqında da danışıb: "Cəmi bir aydır buradayam. Amma artıq deyə bilərəm ki, onlar yaxşı məşqçidirlər və fəlsəfələrini bəyənirəm. Onlar topun komandada olmasını və hücumlarını gücləndirməyimizi istəyirlər və yüksək təzyiq göstərirlər. Bu cür futbol oynamağı xoşlayıram".

Forvard komandanın məşqçilərinin futbolçuların qarşısına qoyduğu tələblərdən danışmaq istəməyib: "Bunların hamısını sizə deyə bilmərəm (gülür). Hüquqi sirlərdir".

Musa Qurbanlı İsveçdə yaşamaqdan həzz aldığını, insanların, təbiətin və komandanın mükəmməl olduğunu qeyd edib.

Həmçinin o, bildirib ki, mükəmməl futbolçu olmaq üçün hər məşqdən sonra meydanda qalaraq əlavə məşqlər edir.

Hücumçu atası, "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanovdan da söz açıb. O, mütəxəssisi özünə nümunə olaraq gördüyünü deyib: "Atam ölkəmiz üçün çox şey edib. O, mənim üçün nümunədir. İlk növbədə insan kimi, həm də futbolçu kimi. Qurban Qurbanov tək mənim üçün yox, ölkəmizdəki digər gənc futbolçular üçün də kumirdir. Bu, yalnız futbol uğurlarına görə deyil. Qurban Qurbanov həm də şəxsiyyətinə, xarakterinə görə nümunədir. O, ölkəmiz və futbolumuz üçün çox şey edib. Uşaqlıqdan mənə hər şeyi öyrədir. Atam mənim üçün demək olar ki, hər şey deməkdir".


Teqlər:





Xəbər lenti