"Barbie" filmini qadağan edən ölkələrin sayı artır

 "Barbie" filmini qadağan edən ölkələrin sayı artır
  11 Avqust 2023    Oxunub:1778
Dünyada blokbaster olan və gündəmdən düşməyən "Barbie" filmini qadağan edən ölkələrin sayı artmaqda davam edir.
AzVision.az xəbər verir ki, Marqo Robbi və Rayan Qoslinqin rol aldığı film iyulun 21-də nümayiş olunduqdan sonra bütün dünyada 1 milyard dollardan çox gəlir əldə edib.

Oyuncaq "Barbie" kuklası və dostu Kenin real dünyada kimliklərini kəşf etməsindən bəhs edən film yayımlanmamışdan öncə müzakirələrin mərkəzində idi. İyulun əvvəlində Vyetnam səhnələrin birində Çinin Cənubi Çin dənizindəki iddia etdiyi torpaqları göstərən "doqquz tire" xəritəsindən istifadə edilməsini əsas gətirərək filmi qadağan edib.

"Barbie" filmi Livanda da nümayiş olunmayacaq. Livanın Mədəniyyət naziri Məhəmməd Mortada verdiyi yazılı açıqlamada "Barbie" filminin "homoseksuallığı təbliğ etdiyi" və dini dəyərlərə zidd olduğu səbəbi ilə kinoteatrlarda nümayiş olunmayacağını açıqlayıb.

Livandan sonra filmin nümayişini Küveyt də qadağan edib. Küveyt mətbuatında çıxan xəbərlərdə Küveytin "ictimai etika"nı qorumaq üçün yuxarıda adı çəkilən qərarı aldığı qeyd edilib. Qeyd edək ki, Livan 2017-ci ildə homoseksual yürüşlərinə icazə verən ilk ərəb ölkəsi olub.

Pakistanın Pəncab əyalətində “uyğun olmayan məzmun” səbəbilə filmin nümayişi təxirə salınıb. Keçən ay açıqlama verən Pakistan rəsmiləri etiraz edilən məzmunun nə olduğu deməyiblər.

Filmin nümayişi uzun müddət müzakirə edilən ölkələrdən biri də Filippin olub. Ada ölkəsi filmə qadağa qoymaq əvəzinə, filmdə yer aldığı iddia edilən Cənubi Çin dənizində Çinin iddia etdiyi torpaqları göstərən “doqquz tireli” xəritəni kəsmək qərarına gəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti