Azərbaycanlı çempion: “Qızıl medal qazanacağımı gözləmirdim”

   Azərbaycanlı çempion:    “Qızıl medal qazanacağımı gözləmirdim”
  24 Avqust 2023    Oxunub:1332
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə mərkəzə tapançadan atəşaçma növündə qızıl medal qazanan Azərbaycan təmsilçisi Nigar Nəsirova jurnalistlərin suallarını cavablandırıb.
AzVision.az xəbər verir ki, 35 yaşlı idmançı müsahibəsində bundan sonrakı hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq olacağını bildirib.

- Dünya çempionu oldunuz. Təəssüratlarınız necədir?

- Qızıl medal qazanacağımı gözləmirdim. Bütün diqqətimi yarışa və işimə yönəltmişdim. Fikrim ancaq bu idi. Nəticə barədə heç nə düşünmürdüm.

- Dünya çempionatının ölkəmizdə keçirilməsi sizə necə təsir edir?

- Yarışın Bakıda təşkili bizim üçün çətinlik yaradır. Çünki hamı istəyir ki, qələbə qazanaq. Belədə gərginlik olur. Həm özümüz birinci olmağı hədəfləyirik, həm də insanları sevindirmək istəyirik.

- Bu medalı kimə həsr edirsiniz?

- Ötən il nənəm vəfat etmişdi. Demişdim ki, bu yarışı qazansam, medalı ona həsr edəcəyəm.

- 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansınız var?

- Ötən il dünya çempionatında 10 metrdən atəşaçmada lisenziya qazanmaq istəyirdim. Təəssüf ki, alınmadı. Gələn il Macarıstanda təşkil olunacaq Avropa çempionatında məhz Paris-2024-ə lisenziya qazanmaq uğrunda mübarizə aparacağam. İnşallah, buna nail olaram. Həmişə 1-2 xalım çatmır. Ötən il Xorvatiyada təsnifatda 3-cü olub finala vəsiqə qazanmışdım. Düşünürdüm ki, medal cibimdədir. Həyəcanlandım, dəqiq atışlar edə bilmədim. Həm medal, həm də lisenziya əlimdən çıxdı. İnanıram ki, bu dəfə yaxşı olar.

- İdmana gəlişiniz necə olub?

- 2004-cü ildə İradə Aşumova Afina Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra bu idman növünə gəlmişəm. Üç il sonra zədə ilə üzləşdim. Uzun müddət idmandan uzaq qaldım. 2016-cı ildə yenidən məşqlərə başladım. 2017-ci ildə Sloveniyada keçirilən Avropa çempionatında qarışıq komanda yarışında bürünc medal əldə etdim. İslam Həmrəyliyi Oyunlarında fərdi yarışda eyni uğura imza atdım. Bundan sonra beynəlxalq yarışlarda iştirak etməyə davam etdim. Həm Ruslan Lunyovla, həm də fərdi olaraq medallar qazanırdım. Ötən il Misirdə keçirilən dünya çempionatında 50 metr məsafəyə atəşaçmada bürünc medal qazandım. Bakıdakı yarışda isə qızıl medala sahib çıxa bildim.

AzVision.az



Teqlər:





Xəbər lenti