Sevgi

Sevgi
  14 Fevral 2013    Oxunub:827
Cavidan

Biz hamımız sevilmək istəyirik. İstəyirik gözəllikdən, idrakdan və bütün bu kimi dəyərlərin hamısından daha üstün bir duyğunu yaşadaq kiməsə, kimlərəsə...
Müğənnilər, şairlər, bəstəkarlar, rəssamlar daha öndə gedir bu istəyə doğru.
Siyasi liderlər daha şövqlə can atır buna, daha çox pul xərcləyir, satın belə almaqdan çəkinmirlər sevgini.
Cəngavərlər, biznesmenlər, məmurlar dayanmadan vurnuxmaqda bu saflığı qazanmaqdan ötrü...
Sosial təbəqənin ən aşağı pillələrində belə sevilməkdən daha vacib bir istəyi yox kimsənin...
Yalnız Zahidlər insanlardan ummurlar bunu - onların tək sevgi obyekti Tanrıdır...
Heç bir ehtiyacımız - nə yemək, nə yuxu, nə özünüqoruma, nə seks - sevgiyə, sevilməyə olan ehtiyacımız qədər deyil, ola da bilmir...
Bu hiss bizim əzəli və əbədi mahiyyətimizdən doğur, biz mahiyyətcə sevgidən ibarət varlıqlarıq...
Tanrının surətində yaradılanlar Tanrıdan nəsə də mütləq daşıyırlar cəhətlərində...
Bu - okeanla okean damlasının mahiyyətcə eyni, kəmiyyətcə təsəvvürəgəlməz dərəcədə müxtəlif ölçüyə malik olmalarıdır.
Və təsəvvür edin ki, yer üzündə yaşayan insanların nə qədəri həyatında bircə dəfə belə olsun özünü sevimli hiss etməyib.Onlar hətta bu hissin nə olduğunu belə anlamağa qadir deyillər, baxmayaraq ki, şüurlarının altında da, üstündə də yalnız və yalnız ona can atırlar!
Lakin maddi dünyaya bağlı olan insanın sevgisi də maddidir, fanidir, özünə və dünyasına bənzəyir, ölümə məhkumdur bu sevgi!
Əsl sevgi heç bir halda şəxsi mənafeyə köklənmir. Əksinə, həqiqi sevgi məhz sevənlərin arasında hər şeyin tən bölünməsidir, bütün hisslərin, bütün istəklərin, həyatın da, ölümün də birgə yaşanması, birgə qarşılanmasıdır...
Saf sevgi nəyisə əldə etməyə, mənimsəməyə, almağa qadir ola bilmir, əksinə, daim bəxş edir özünü və hər şeyini...zira onun əsl siması da məhz budur - bəxş etmək!
Bir-birindən daim nəsə istəyən, uman cütlüklərə inanmayın - ən güclü ehtirasları belə sevgidən bir dünya uzaqdır onların.
Sevgi - hiss deyil əslində, duyğu deyil əslində, onu bilərəkdən yaratmaq, heçdən var etmək mümkün ola bilməz!
O, Tanrının Yer üzündəki təcəllisidir!
Mənim ürəyimdə sənin üçün - Sənin ürəyində mənim üçün!
Qarşısında Ölümün belə səcdə etdiyi, qüdrətindən Qorxunun belə dəhşətə gəlib çökdüyü, həzzindən kainatdakı bütün aləmlərin məst olduğu an!
Onun bizdə bir-birimiz üçün təcəlli etdiyi an!
O əbədi, o əzəli, o bitməyən an!
Heç vaxt köhnəlməyəcək bir mövzu, heç vaxt aktuallığını itirməyəcək bir problem, heç vaxt dəyərini dəyişməyəcək bir pay!


Teqlər:





Xəbər lenti