Xalq artisti səhnəyə robotla çıxdı

  Xalq artisti səhnəyə robotla çıxdı
  02 Sentyabr 2023    Oxunub:2322
Xalq artisti Röya Ayxanın üç günlük konsertinin birinci günü ötən gecə “KEvenets Group” və “Peachline”nın təşkilatçılığı ilə baş tutub.
AzVision.az xəbər verir ki, Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edən sənətçi dinləyicilərinə unudulmaz anlar yaşadıb.

Azərbaycanda yeniliyə imza atan Röya Ayxan bu dəfə konsertində səhnəyə “Kuka” adlı robotla çıxıb. Qeyd edək ki, nəinki Bakıda, dünyada çox nadir hallarda sözügedən robot ve texnikalardan istifadə edilir.


Sənətçi səhnəsindən öncə jurnalistlərlə görüşüb və sualları cavablandırıb:

"Bu günkü konsertdə robot və texniki məsələlər var. Sizə oxumağımı sübut etməyə ehtiyac yoxdur. Çünki məni yuxudan qaldırsalar da və səsim işləməsə də heç zaman notdan o tərəfə çıxıb oxumaram. Hətta mən studiyadan daha yaxşı canlıda oxuya bilirəm.

Konsertə hazırlaşan zaman o qədər stress keçirmişik ki, musiqi məşqindən çox günümüz robotlarla məşqdə keçib. Yenə də qeyd edirəm ki, mən orkestrla da sevənlərin qarşısına çıxa bilərdim. Amma şou üçün çox darıxmışdım. Mən 2005-ci ildən səhnəyə şou ildə gələn adamam. Belə eksperimentlər aparmağı sevirəm. Əminəm ki, hər kəsin xoşuna gələcək. Çünki mən bu işə böyük həvəslə hazırlaşmışam. Adam başqa ölkəyə gedəndə sadəcə musiqisini təqdim edir. Amma öz ölkəmdə konsert verərəkən məsuliyyət daha da artır”.

Röya konsert hazırlığından da söz açıb:

“Konsert zamanı sizi həyəcanladıran məqamlar olacaq. Musiqiçilərimizin hər biri ulduzdur. Çox əziyyət çəkərək hazırlaşmışıq. Konsertin quruluşçu rejissoru yenə də Ranar Musayevdir. Məşq prosesində köməkçim ayağını, videoqrafımız isə qolunu sındırdı. “KEvents” qrupuna təşəkkür edirəm. Artıq 17 ildir ki, onlarla çalışıram. Bütün komandama, dostlarıma təşəkkür edirəm”.

İfaçı açıqlaması zamanı onu da qeyd edib ki, oğlu Hüseyn də konsertdə iştirak edir:

“Oğlum Hüseyn mənimlədir. Çünki, onun yaxın günlərdə dərsi başlayır və bundan sonra o, yanımda olmayacaq. Ona görə Hüseyn köməkçi rolunda arxada olacaq. O, konserti görməyəcək. Çünki onun üçün bilet və yer yoxdur”.

Media nümayəndələrinə təşəkkür edən sənətçi daha sonra azərbaycanlı rəqqasların müşayiəti ilə səhnəyə çıxıb. Üç saat ərzində lirik və hərəkətli hitlərini səsləndirən sənətçi “Səninəm”, “Bəlkə də”, “Sənə görə”, “Dəniz” kimi mahnılarını ifa edib. Röyanı konsertdə 3 bek-vokal müşayiət edib.

Həmçinin, aparıcı Nəsib Nur da səhnəyə çıxaraq fasilələrdə konserti təqdim edib. Gecədə 24 mahnı səsləndirilib və sözügedən ifalara özəl libaslar hazırlanıb. Hər bir çıxış üçün fərqli səhnəcik qurulub. 

Qeyd edək ki, tamaşaçıların uzun müddət unutmayacağı, mükəmməl və qüsursuz qeyri-adi konsert proqramı bu gün və sabah da davam edəcək.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti