"Nəvələrimin şəkillərini gündə 10 dəfə öpürəm" - Novruz Məmmədov

 "Nəvələrimin şəkillərini gündə 10 dəfə öpürəm" -  Novruz Məmmədov
  04 Sentyabr 2023    Oxunub:4592
Keçmiş Baş nazir Novruz Məmmədov 11 yaşlı nəvəsi Kamal Novruzun Bakıda keçirilən rəsm sərgisində iştirak edib. Tədbirə qatılan AzVision.az -ın əməkdaşı sabiq siyasətçi ilə qısa vaxt aralığında söhbət edə bilib.
-Novruz müəllim, nəvələriniz haqqında sərgidə iştirak edən hər kəsə heyranlıqla danışırsınız. Görünür, onlara xüsusi bağlılığınız var.
- Biz azərbaycanlıların belə bir sözü var: “Ən çox sevdiyim övlad nəvəmdir”. Valideyin nəvəni qızından və ya oğlundan da çox sevir. Mən də bu nöqteyi-nəzərdən nəvələrimi çox istəyirəm. Bu gün sərgisini keçirdiyimiz Kamal qızım Leylanın övladıdır. Onlar Amerikada yaşayırlar. Kamal rəssamlıqla məşğul olur. Cizgi filmlərinin qəhrəmanlarının rəsmlərini çəkir. Çox ağıllı və hissiyatlı uşaqdır.



Onun bacısı Zərifə isə mənim ən böyük nəvəmdir. Hamıdan çox onu istəyirəm. Doğrusunu desək, bunu Kamalın yanında hiss etdirmirəm. Bilsə, məndən inciyər. Ancaq Zərifəyə xüsusi bağlılığım var. O, savadı, məqsədyönlülüyü ilə qəlbimdə taxt qurub. İngilis dilində iki bəndlik şeir yazıb. Amerikada həmin şeir kitaba salınıb. Zərifə o kitabı mənə göndərəndə onunla bir daha qürur duydum.



-Neçə nəvəniz var?
- Beş nəvəm var. Kamalla Zərifə mənim ilklərimdir. Onlara məhəbbətim bir ayrıdır. Təəssüf ki, ABŞ-da yaşadıqları üçün bu iki nəvəmi çox az görürəm. Qızım orada işləyir deyə Azərbaycana tez-tez gələ bilmirlər. Kamal və Zərifə üçün çox darıxıram. Gün ərzində nəvələrimin şəkillərini bəlkə də 10 dəfə öpürəm. Bu həyatda onları hamıdan daha çox sevirəm.

Zərifə fransız dilini öyrənmək üçün imtahan verdi. Ona etiraz etdim, dedim: “getmə, nəyə lazımdır, sonra öyrənərsən”. Dedi:“axı bu sənin dilindir, öyrənəcəyəm”. Beləliklə, fransız dili üzrə imtahan verdi. Bir müddət sonra isə zəng edib dedi: ”Baba, məni təbrik edə bilərsən, mən qəbul olundum”. Hər iki nəvəm ingilis və rus dillərində mükəmməl bilirlər. Azərbaycan və türk dillərini isə öyrənirlər. Öz dilimizi hələlik yaxşı bilmirlər. Çünki ABŞ-da yaşayırlar, ünsiyyət az olur.



-Novruz müəllim, bir az da sizdən danışaq. Hazırda nə işlə məşğul olursunuz?
-İşlərim çoxdur. Səhərdən axşama kimi məşğul oluram.

- Konkret olaraq bu işlər nədən ibarətdir?
- Xüsusi işlərim var. Qədim Yunanıstanın, Romanın, İngiltərənin, bütövlükdə dünyanın tarixini oxuyuram, araşdırıram. Beynəlxalq arenada baş verənlərlə maraqlanıram. Nəyin düz, nəyin səhv olduğunu analiz edirəm. Mən siyasəti, ümumiyyətlə, bu işləri çox yaxşı bilirəm. Baş verənləri kənardan izləyirəm.



-Güclü siyasi keçmişiniz var. Fransız dilini mükəmməl bilirsiniz. Zamanında Azərbaycan-Fransa münasibətlərini daha yaxından izləmisiniz. Hazırda Fransanın Qarabağ mövzusunda Azərbaycana qarşı hərəkətlərini necə qiymətləndirirsiniz?
-İndi təqaüddəyəm, bu məsələlərə qarışıb konkret fikir bildirmək düzgün olmaz. Fransanın hərəkətləri mənə nə cür lazımdırsa, elə də təsir edir. Amma müəyyən strukturlarımız, nazirliyimiz, administrasiyamız var. Bu işlərlə onlar məşğul olur.








Şahanə Rəhimli
AzVision.az


Teqlər: NovruzMəmmədov   Siyasətçi   Başnazir  





Xəbər lenti