Rüşvətxor Rasmussen və qərəzli BBC - Qərb dəyərlərinin üz qaraları - ŞƏRH

      Rüşvətxor Rasmussen və qərəzli BBC    - Qərb dəyərlərinin üz qaraları -    ŞƏRH
  04 Sentyabr 2023    Oxunub:1035
Bir zamanlar Azərbaycanın Dövlət Bayrağında qırmız rəng “avropalaşmaq” kimi təbliğ edilirdi. Vətənsevərliyin ideoloqu Əli bəy Hüseynzadə isə “Avropanın beynini həzm edək, mədəsində həzm olunmayaq” vəsiyyətini etmişdi. Bunu el arasında deyilən “mollanın oxuduğuna əməl edin, etdiyinə yox” misalı da təsdiqləyir.
Doğrudan da, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, eləcə də ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Əli bəy Hüseynzadənin vəsiyyəti özünü təsdiqləyib.

Azərbaycana və Ermənistana münasibətdə tutduğu tərəfli mövqedə Qərb özünü daha çox ifşa edir. Qərbin bir sıra təşkilatları, siyasiləri və KİV-in davranışındakı qərəzliliyə dair yeni-yeni faktlar üzə çıxır. Azərbaycan ictimaiyyəti Avropa İttifaqı Şurasının sədr müavini Eva Kaylin törətdiyi cinayət əməlini unutmayıb. Onun da üzv olduğu “Ermənistanla dostluq qrupu” adı uzun müddət “çirkli pulların yuyulmasında” hallanan erməniəsilli milyarderlər tərəfindən maliyyələşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiya ilə məşğul olan qrup da fəaliyyət göstərib. Yaxud “Vaşinqton Post” qəzetinin aparıcı müxbiri sayılan Devid İqnatiusun anti-Azərbaycan, anti-Türkiyə fəaliyyətini yada salmaq olar.

Bu siyahıya NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen və BBC də qoşulub.

Bu ilin yazında o, İrəvana səfəri zamanı Azərbaycana qarşı açıqlaması ilə yadda qalmışdı. ABŞ Respublikaçılar Partiyası Milli Komitəsinin üzvü Saul Anuzis “Euronews” üçün yazdığı məqalədə Alyansın keçmiş baş katibinin Azərbaycana münasibətini tənqid edərək onu yalan məlumat yaymaqda ittiham etmişdi. Müəllif bildirib ki, Ermənistan hökumətinin “ödəniş” elədiyi Foq Rasmussen Azərbaycanın guya Laçın-Xankəndi yolunu blokadaya aldığını da iddia edib. Foq Rasmussenin korrupsiyaya bulaşması vaxtilə rəhbərlik etdiyi NATO-nun nüfuzuna da xələl gətirir. Bu baxımdan, onun Alyansa baş katib olduğu dövrün araşdırılmasına da ehtiyac yaranıb.

Qeyd edək ki, Rasmussen həm də anti-müsəlman fəaliyyəti ilə seçilən hökumət başçısı olub. Danimarkada Baş nazir olanda yerli “Jyllands-Posten” qəzeti Məhəmməd peyğəmbər haqqında təhqiredici material yaymışdı. Hökumətə başcılıq edən Rasmussen hadisəyə görə üzr istəməmişdi. Onun bu laqeyd davranışı müsəlmanların etirazı ilə qarşılanmışdı. 2009-cu ildə Rasmussenin NATO-da Baş katib postuna namizədliyinə Məhəmməd peyğəmbərin karikaturası ətrafında yaranmış qalmaqala görə Türkiyə etiraz etmişdi. 2009-cu ilin aprelində onu bu postda həmsoyadlısı Lars Lekke Rasmussen əvəzləyib. Çox maraqlıdır, Anders Foqun yerinə baş nazir olan Lars da rüşvətxorluqda ittiham olunub.

Bu, başqalarını korrupsiyada və “çirkli pulların yuyulmasında” ittiham edənlərin vəziyyətidir. Belə görünür ki, Avropada rüşvətxorları və ya bu cinayətə laqeyd olmayanları vəzifəyə gətirirlər. Yaxud onları ifşa etmək üçün hökumət başçısı təyin edirlər. Rasmussen Ermənistan hökumətindən rüşvət, yaxud “ödəniş” almaqla mənsub olduğu Qərb cəmiyyətinə ləkə vurub.

Keçmiş baş katib bununla NATO kimi nüfuzlu bir təşkilatın fəaliyyətinə, Danimarka kimi demokratik imici olan bir dövlətdəki Avropa dəyərlərinə kölgə salır.

Söz, mətbuat azadlığı, obyektiv, qərəzsiz xəbərlərin yayılmasının müasir əsasları Avropada qoyulub. Bu kimi prinsipləri qoruyub saxlayanlardan biri, heç şübhəsiz, BBC sayılır. Ancaq görünür, bu media qurumu da yalan və qərəzli informasiya yaymaq xəstəliyinə tutulub.

BBC-nin müxbiri Ermənistanın Azərbaycanla sərhədyanı bölgəsində oturub Azərbaycanın Qarabağ iqtisadi rayonundakı ermənilərin vəziyyətinə dair məlumat yayıb. Həmin xəbərlər yalnız ermənilərin söylədikləri yalanlar əsasında hazırlanıb. Bu materiala baxanda elə təəssürat yaranır ki, məşhur BBC-ni deyil, Ermənistan KİV-i oxuyursan.

Azərbaycan tərəfinin fikirlərinə ötəri yer verən müəllif daha çox ermənilərin vəziyyətindən bəhs edib. Həmin reportajda təklif olunan Ağdam-Xankəndi yolundan söz açılmayıb. Bundan başqa, Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinin qaçaqmalçılıq etdiyi, Rusiya sülhməramlılarının qanunsuz erməni silahlı dəstələrinə silah-sursat daşıdığı da qeyd edilməyib.
NATO-nun keçmiş baş katibi və BBC-nin hərəkətlərini aşağıdakı nümunə ilə tamamlamaq istərdik.

İtaliyanın mərhum baş naziri Silvio Berluskoni Hindistana helikopter satışı ilə bağlı razılığa görə rəsmi Nyu-Dehlidən rüşvət almaqda şübhəli bilinərək saxlanılmışdı. Müstəntiqlərin məlumatına görə, Hindistan rəsmiləri onda Silvionun başçılıq etdiyi hökumətdən 51 milyon avro rüşvət alıb. Berluskoni bu əməlini 3-cü dünya ölkələri üçün keçərli saymış və aldığı rüşvəti “komissiya haqqı” adlandırmışdı. Berluskoninin media şirkəti 1994-1999-cu illərdə isə törətdiyi maliyyə fırıldaqları nəticəsində dövlətə 73 milyon dollar az vergi ödəyib.

Odur ki, Qərbə, yaxud demokratik dəyələrə rasmussenlər və BBC-nin davranışlarından baxsaq, ikiüzlülük, qərəzlilik görərik. Anders Foqsayağı siyasilər və BBC-də qərəzli material yayan jurnalistlər münasibətlərin qurulmasına, normallaşmasına, sülhə ən başlıca maneələrdir. Belələrinin çıxışı və yaydıqları informasiyalar problemləri daha da dərinləşdirir. Çünki qarşı tərəf - Ermənistan bu kimi “havadarlarının əməlləri” ilə özünü haqlı sayır. Bir də Azərbaycan ictimaiyyəti 30 il boyunca rasmussenlərin, BBC-lərin çoxsaylı qərəzinin şahidi olub. Təəssüf ki, onlar Cənubi Qafqazda sülhü təhdid edənlərin yanında olmaqla bölgədə təhlükəsizliyə və əməkdaşlığa qarşıdırlar.

Odur ki, Rasmussen rüşvətxorluğu, BBC isə öz qərəzli materialları ilə "məşhur" Qərb dəyərlərinin üz qarasıdır.
Sədrəddin Soltan
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti