"Yazırlar, Arif ölüb, qoymayın apardılar"

   "Yazırlar, Arif ölüb, qoymayın apardılar"
  07 Sentyabr 2023    Oxunub:1863
Xəbər verdiyimiz kimi, xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub. Onun yerinə xanəndə Mənsum İbrahimov təyin olunub.
Bununla bağlı AzVision.az -a danışan sənətkar bildirib ki, belə bir qərar onun səhhətinə görə verilib.

“Mənim indi dincələn vaxtımdır. Səhhətim yol vermir, hər dəfə gedib gələ bilmirəm. Bundan sonra konservatoriyada fəaliyyətimi professor kimi davam etdirəcəyəm. Sentyabrda işə başlayacağıq.

Mən o yeri Mənsuma ürəklə verdim. Mənim qədər yaşlı deyil, cavandır. Qoy gedib işləsin. Ona dedim:” Mənsum, bu bayraq sənindir, bundan sonra onu sən daşıyacaqsan”. Çox yaxşı insandır. Əminəm ki, layiqincə işini görəcək”.

Xanəndə səhhətindən də söz açıb: “Yayda Qaxda dincəldim. Orada 4 otaqlı evimiz var. Çalışdım ki, fiziki çox yorulmayım. Yaşlı adamam, çox yüklənə bilmirəm.

Səhhətimlə bağlı sən Allah, ayrı şey yazmayın. Bir də görürsən ki, yazırlar, Arif ölüb, qoymayın apardılar. Mənimlə hər şey qaydasındadır”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Mənsumİbrahimov  





Xəbər lenti