“Brakonyerlərə qarşı mübarizə hər bir həvəskar balıqçının borcudur”

“Brakonyerlərə qarşı mübarizə hər bir həvəskar balıqçının borcudur”
  08 Sentyabr 2023    Oxunub:1011
Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Mövzu ilə bağlı müsahibimiz Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun xarici əlaqələr üzrə sədr müavini Çingiz Qəniyevdir.
-Öncə özünüzü təqdim edərdiniz.

-Həvəskar balıqçı, Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun xarici əlaqələr üzrə sədr müavini Çingiz Qəniyev.

-Azərbaycanın hansı bölgələrini balıqçılıq turizmi baxımdan daha əlverişli hesab edirsiniz?

-Məsələn, daxili su hövzələrində Şəmkir su anbarı, Mingəçevir su anbarı kimi hövzələr bu baxımdan əlverişli sayıla bilər. Xəzər dənizi sahillərindən isə Zirə və Türkan sahillərini məqbul sayardım. Ümumiyyətlə isə bu iş üçün investisiya yatırılmasına ehtiyac var.

-Azərbaycanda su resurslarının və onlardakı bioresursların qorunması məsələsi getdikcə aktuallaşır. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

-Öncə qeyd edərdim ki, bu sahədə vəziyyəti kafi qiymətləndirmək olar. Amma bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması üçün cəmiyyət olaraq birlikdə daha yaxşı işlər görmək mümkündür. Bunun üçün bizim klubun üzvləri daim hazırdırlar. Bu sahədə ilk öncə öz klub üzvlərimizi maarifləndirmişik. Maariflənmə davam edən bir prosesdir. Biz klub olaraq digər balıqçıları da müxtəlif üsullarla maarifləndirməyə hazırıq.

-Su resurslarının və onlardakı bioresursların qorunmasında bir həvəskar balıqçı kimi hansı təklifləriniz ola bilər?

-Ölkədə istifadəsi qadağan olunmuş sintetik torlardan istifadənin və suya elektrik verməklə baliqların, digər canlıların məhv edilməsinin qarşısını həm maariflənmə, həm də qanunun tələb etdiyi üsullarla almaq lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi bunun üçün lazımi tədbirlər görür. Amma yenə də bir çox insanlarımız brakonyerliklə məşğul olurlar. Bu, təəssüf doğuran haldır. Bu məqamla bağlı bird aha onu vurğulamaq lazım gəlir ki, öncə biz vətəndaşlarımıza təbiəti sevməyi öyrətməliyik.

-Azad edilmiş ərazilərmizdə su resursları və onlardakı biomüxtəliflik necə qorunmalıdır?

-Hələ ki işğaldan azad edilmiş ərazilərimizin sərvətləri, o cümlədən oradakı su resurslarımız və biomüxtəlifliyi dövlət qurumlarının nəzarətindədir. Həmin ərazilər kütləvi antropogen təsirə məruz qalan vaxtlarda bu barədə də konseptual yanaşma tətbiq etmək olar.
-Brakonyerliyə qarşı mübarizədə hər bir həvəskar balıqçı necə davranmalıdır?

-Brakonyerlərə qarşı mübarizə hər bir həvəskar balıqçının borcudur. Gördükləri vaxt Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi və ya Ekologiya və Tabii Sərvətlər Nazirliyinin qaynar xətlərinə bu barədə xəbər etməlidirlər. Ümumiyyətlə, hər bir insan, vətəndaş bu sahədə üzərinə düşəni məsulyyətlə yerinə yetirməlidir.
AzVision.az



Teqlər:





Xəbər lenti