Azad olunmuş ərazilərdə ən çox Tərtər çayını qorumalıyıq

Azad olunmuş ərazilərdə ən çox Tərtər çayını qorumalıyıq
  26 Sentyabr 2023    Oxunub:954
Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir.

Mövzu ilə bağlı müsahibimiz Dünya Mühafizə olunan Təbiət Əraziləri Komissiyasının işçi qrupunun üzvü, "Həyəcan" qeyri-müxtəlifliyin qorunması və mühafizəsi təşəbbüs qrupunun rəhbəri, “Azərbaycanda PRTR/ Çirkləndiricilərin Atılması və Transferi Reyestri” layihəsinin M&Q eksperti, Azərbaycan Heyvanları Mühafizə Cəmiyyətinin İdarə Heyətinin üzvü Əliheydər Məmmədovdur.

-Əliheydər bəy, Azərbaycanın ekoturizm imkanları barədə fikirlərinizi bilmək istərdik.

-Hazırda ölkəmizdə turizm sahəsində çox böyük işlər görülür. Amma təəssüf ki, bu sahədə bir çox ölkələrdən, məsələn, qonşu Gürcüstandan geri qalırıq. Xüsusən də ekoturizm sahəsində vəziyyət belədir.Hər halda, bu, əsasən, yolların bağlı olması ilə əlaqədardır. Quru yollar bağlı olduğu üçün turistlər ucuz qiymətə Gürcüstana gəlir və Gürcüstanın bir çox dövlət qoruqları öz ərazisinə onları buraxır. Gələn ekoturistlər Gürcüstanın milli parklarında və bir çox təbiət mənzərələri olan yerlərdə, landşaftlarda istirahət etmək imkanı qazanırlar.

-Ekoturizmə dair hansı məkanları nümunə çəkmək olar?

-Azərbaycanda ekoturizmə aid cəmi 2 görkəmli ərazi var: Şirvan və Şahdağ milli parkları. Şahdağ Milli Parkı dəbdəbəli otel və restoranlardan ibarətdir. Nəzərə almaq lazımdır ki, bu, öz yerində çox gözəl, əla və müasir dünyaya uyğun təşəbbüsdür. Bir çox ölkələrdən turistlər gəlir və orada istirahət edirlər. Ancaq demək lazımdır ki,turistlər müxtəlif olur. Ekoturistlər üçün Azərbaycanda şərait azdır. Məsələn, Şahdağ Milli Parkında dəbdəbəli otelimiz, restoranımız, xizək sürmək üçün və sair imkanlar var. Düzdür, bunların qiyməti özlərinə görə bəzi turistlərin ciblərinə uyğun olur, bəzilərinə isə yox. Ekoturizmə aid olan ən vacib şeylərdən biri çadır düşərgəcikləridir. Dünyanın hər yerində milli parklarda, şəlalənin kənarında, meşənin,çayın kənarında çadır düşərgəcikləri qurulur. Bu çadır düşərgəciklərində ekoturist cibinə uyğun istirahət edir. Ekoturist hündür binalar, modern interyeri olan restoranları görməyə gəlmir. Ekoturist sırf təbiəti görməyə və təbiətin içində olan proseslərə baxmağa gəlir. Məsələn, şəlalənin, küləyin səsini dinləmək, buludlara, səmaya, biomüxtəlifliyə baxmaq, piyada cığırla 1 neçə km dağa çıxıb-düşmək onun xoşuna gəlir. Bizdə bu turistlər üçün heç bir şərait yoxdur.Əsas turizm növlərindən biri ekoturizm üçün Azərbaycanda Şahdağ Milli Parkında mütləq çadır düşərgələri qurulmalıdır. Bu çadır düşərgələrinin yanında zibil yeşiyi də olmalıdır, təmizliyi də olmalıdır. Düşərgə odun və primusla təchiz olunmalıdır. Ora gələn turist 1-2 gün çadırda qalır,təbiətə qulaq asır, təbiəti görür. Bax bu ekoturizmdir. Yoxsa turist gəlir, minir maşına, gəlir Şahdağa ya Bakıda restoranda kababını yeyir, ya Şahdağda ikiqat qiymətə yeyir, Bakıda oteldən çıxıb, Şahdağa yenidən otelə gəlir, xizəyini sürür. Bu, imkanlı turistlər üçündür.Bəs digər büdcəsi az olan turistlər,ekonom turistlər nə etməlidir? Əsas ekoloji turizm həvəskarları dünyanın hansı yerində olur-olsun, orta təbəqəyə aid insanlar olur. Onlar təbiətlə təmasda olmaq istəyirlər. Bax bu çadır düşərgələri təəssüf ki bizdə yoxdur. Şirvan Milli Parkında müxtəliflikdən bizdə ancaq quşlar, ceyran və s.-dir. Bura turist axını o qədərdə güclü deyil. Nədənsə bu sahəyə az turist yönəlir. Sırf safari kimidir.Biri var süni safari yaradırıq,hardansa heyvan gətirib buraxırıq,heyvanların ətrafını alırıq çəpərə,bəzi yerlərdə hətta, Azərbaycanın faunasına aid olmayan heyvanlar olur, bunun adını qoyuruq safari. Biri də var ki,həqiqətəndə Azərbaycanın endemik növləri var. Şirvan Milli Parkına o qədər də nəzər yetirilmir. Halbuki Şirvan Milli Parkını inkişaf elətdirmək olar və bu gələcəkdə ekoturizm, biomüxtəliflik üçün daha maraqlı olardı. Bəzən səhvən hər yerdə Xınalığı ekoturizm kimi qələmə verirlər. Xınalığın ekoturizmə heç bir aidiyyəti yoxdur. Çünki Xınalıq ilk gündən etnoqrafik turizmə aiddir. Xınalığa əsasən kəndin etnoqrafiyası, orada yaşayan milləti aiddir.Çünki Xınalıq xalqı balaca bir xalq olduğu və onların özünə məxsus yaşayış tərzi olduğu üçün etnoqrafik turizmə aiddir. Amma hətta bəzən ekoloji turizmə də əlavə edirlər.
-Azərbaycanda su hövzələrinin vəziyyətini necə qiymətləndirirsiniz?

-Bəzən mənim fikirlərimi qəbul etmirlər. Ancaq dünyada su çatışmazlığı həyəcanının eyni vaxtda yayılması çox qəribə gəlir. Necə olur ki, dünyanın hər yerində hamı deyir ki,su çatışmazlığı var. Məsələn, bu problem səhralarda, çöllərdə aydın məsələdir. Bəs Azərbaycanın bu qədər suyu hara getdi? Bax, bu sual insana çox qəribə gəlir. Nə oldu birdən-birə? Bir yandan su çatışmır, bir yandan sellər şəhərləri yuyub aparır. Su hövzələrinin qorunmasında indi çox böyük işlər görülür.Həqiqətən təqdirəlayiqdir. Lakin bu su hövzələrinin nə xeyir eləməsində də çox sürətli işlər görülür və çox dəhşətli bir proses əmələ gəlib.Hamının yadına gələr ki, Xırdalanda böyük bir avtomobil təmiri zavodu var idi. Onun ətrafında böyük bir qamışlıq və qrunt sularından əmələ gələn göl var idi. Ümumiyyətlə, Azərbaycanda ancaq Qobustanda payız və qış aylarında 200-dək göl əmələ gəlir.Təsəvvür edirsiniz, bu, yağış sularıyla əlaqəlidir. Çobanlar qışlağa gələndə qoyun sürüləri həmin o göllərdən su içir. Lakin yaz sona yetəndə,isti yay aylarında göllər quruyur və məhv olur. Həm də bu səbəblə otlar da quruduğu üçün çobanlar öz sürülərini yaylaqlara aparır. Yağış sularından əmələ gələn göllər Qobustanda və ətraf ərazilərimizdə payız aylarının sonlarında quruyub məhv olur. Bu göllərin öz biomüxtəlifliyi var. Məsələn, əsasən köçəri quşlar, ördəklər, qazlar var. Bu quşlar Şimaldan-Cənuba miqrasiya edən quşlardır. Böyük göllərdən Azərbaycanda Ağgöl var.Çox gözəl qorunur. Qızılağac qoruğu və ətrafı müəyyən qədər qorunur. Lakin qoruqların və göllərin ətrafındakı biomüxtəliflik qorunmur. Göllərin ətrafında bizim ərazimizdə yaşayan biomüxtəlifliyin hamısı Qırmızı Kitaba aid çox dəyərli heyvanlardır. Məsələn, su samuru göl olmasa və göldə balıq olmasa məhv olur,çıxıb gedir. O, 1 metrə yaxın uzunluğu olan bir heyvandır,çox kiçik ayaqları var, ancaq suyun dibindən balığı tutur və onunla yaşayır. Göllərin ətrafı qamışlıqdır və burada “Xaus”adlı qamış pişiyi yaşayır. Onların sayları son dərəcə azdır və Qırmızı Kitaba düşüb. Bu heyvanların və gölün ətrafında yaşayan heyvanların sayı azalır. Azalmanın səbəbləri antropogen təsirlə bağlıdır. Antropogen əlaqə göllərin ətrafına tökülən zərərli maddələrin sayını artırır. Bir çox göllərdə bu yaxınlarda həddindən artıq çox məhv olmuş balıq tapıldı. Yasamalın üzərində Xocasən gölündən yuxarıda bir göl var idi. Ona Qanlı göl deyirdilər. Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov birdən-birə qərara gəldi ki, bu gölü qurudaq. Təsəvvür edin, o göldə çəki balığı var idi. Bunlardan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun İxtiologiya şöbəsi ora müxtəlif balıq növləri də buraxmışdı.Orada hətta, uzunburun Kür şirin su nərə balığı da var idi. Bakının ən gözəl su hövzəsi olan və Bakının ən hündür yerində yerləşən Qanlı Gölü Hacıbala Abutalıbovun bir sözü ilə qurutmağa başladılar. Oranı qurudub nəsə tikəcəkdilər,heç nə də tikə bilmədilər. Böyük miqdarda vəsait ayrıldı və göl axıra kimi quruduldu. Orada yaşayan bütün su biomüxtəlifliyi məhv oldu. İllər boyu təbiətin və Akademiyanın gördüyü işlər məhv oldu.Borularla Xocasənə gölü boşaltmağa başladılar. Nəticədə aşağıda olan Xocasən gölü qalxdı, ətraf evlər suyun altında qaldı. Böyük lahiyələrə təbiəti qurban vermək olmaz. Böyük lahiyələr bəzən işləmir. Necə ki Hacıbala Abutalibovun layihəsi işləmədi.

-Su hövzələrimiz necə qorunmalıdır?

-Ümumiyyətlə, su hövzələrinin qorunması problemindən danışanda, ilk növbədə, böyük layihələrin qabağını almaq lazımdır. Hər böyük vəsait tələb edən layihənin qabağında dayanmaq lazımdır. İndi ən dəhşətli layihələrdən bir də Kürün qabağını almaqdır. Baxın bir dənə böyük çayımız Kürdür. Kür daim mövsümlə əlaqədar olaraq qalxır-düşür.Onun üçün də Azərbaycan əhalisi çox gözəl bilirdi ki,Kür nə vaxt qalxacaq və enəcək. Ona görə evləri Kürdən kənarda tikirdilər ki, Kür qalxanda nə otlaqları, nə bostanları, nə də evləri bassın. Sonralar insanın xisləti nəticəsində,Kürün qırağından başladılar evlər tikməyə Kür həmişəki kimi qalxır və evlər qalır Kürün altında. Kürün altında evlər qalandan sonra bizim “dahi” mütəxəssislərimiz belə bir ideya irəli sürürlər ki xaricdən gəmilər gətirmək,Kürün qabağında olan lili qazmaqla Kür dənizə axsın və onun qabağında astana olmasın.İnsan təbiətə qarşı müharibəyə qalxır. Nəticədə Kür məhv olmağa başlayır. Dənizin şor suyu Kürə girir və şor su 100-200 metr Kürün içiylə gedir. Balıqlar Kürü tökməyə dənizdən Kürə gedirdilər. Lakin onlar artıq Kür çayına çata bilmirlər. Kür yenə də öz hərəkətinə başlayır. Sonra daha “ağıllı” mütəxəssislərimiz Kürün qabağına bənd qoymağı qərara gəlirlər. Bu Xəzər dənizində yaşayan, şirin sulara girən və şirin sularda kürü tökən balıqlara oxunan ölüm hökmüdür. Bax, budur Azərbaycanda su hövzəsi problemləri. Bir çox hallarda deyirlər brakonerlik olub, indi brakonyerliyin qarşısını alırlar. 5-10 dənə brakonyer təbiətə bu qədər ziyan vurmur.
-Azad edilmiş ərazilərimizdə təbiətin, su hövzələrinin qoerunması necə həyata keçirilməlidir?
-Azad olunmuş ərazilərdə ən çox qorunmalı olan Araz və Kəlbəcərdən axan Tərtər çayıdır.Tərtər çayının ətrafı, təbiəti çox unikaldır, suyu digər çayların suyundan mineral cəhətdən, gətirdiyi təbii qazıntıların qalıqları da fərqlidir.Tərtər çayının qorunması üçün çox geniş tədbirlər görülməlidir. Hazırda su qıtlığı ilə əlaqədar bütün dünyada həyəcan təbili çalınır və biz də buna qoşuluruq. Məsələn, bütün dünyada canavarın qorunması məsələsi qaldırıldı. Protokollara Azərbaycanı da qol çəkməyə məcbur etdilər ki,canavar bütün dünya ərazisində qorunmalıdır. Çox gözəl! Heç kim Azərbaycanın Ekologiya Nazirliyinə demədi ki, hörmətli Avropada yaşayan nümayəndələr Çexoslovakiyada 14, Almaniyada 31, İtaliyada 12 ədəd canavar var. Azərbaycanda isə 5000 canavar var. Nəzərə almaq lazımdır ki, canavarlar ot yox, ət yeyir. Bu canavarlar kəndlinin malını yeyir, kəndlərə hücum edir. Deməli, biz təbiəti və heyvanları qoruyuruqsa, kəndlinin heyvanlarını da qorumalıyıq. İnək, qoyun, at da heyvandır. Niyə bu konvensiyaya biz də qol çəkməliyik?
İndi hamısı haray salıblar ki, gəlin, su anbarları yaradaq, dünyada su qıtlığı var. Onlara demək istəyirəm ki,”Ay hörmətli həmkarlar Hacı Zeynalabdin Tağıyev Şollar suyu çəkməyəndə Bakıya o vaxt su yox idi? Bəs Bakı, Abşeron əhalisi suyu hardan tapırdı? Su həmişə var. Bakının, Abşeronun, Azərbaycanın bir çox yerlərində torpağın altında qurunt suları var.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
AzVision.az




Teqlər:





Xəbər lenti