İrandan gətirilən narkotik aşkarlanıb, 7 nəfər tutulub - VİDEO

İrandan gətirilən narkotik aşkarlanıb, 7 nəfər tutulub -    VİDEO
  02 Oktyabr 2023    Oxunub:740
Nərimanov rayonunda keçirilən əməliyyatlar zamanı ölkəyə 24 kiloqram narkotik vasitə gətirən daha 7 nəfər tutulub.
Bu barədə AzVision.az -a DİN-dən məlumat verilib. Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Növbəti tədbirlər zamanı İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha 7 nəfər - 1993-cü il təvəllüdlü Həsən Hacızadə, 1991-ci il təvəllüdlü Emil Əliyev, 1987-ci il təvəllüdlü Rüfət Mehdiyev, 1999-cu il təvəllüdlü Nəriman Səfərov, 1982-ci il təvəllüdlü Hamayıl Abdullayeva,1986-cı il təvəllüdlü Vüqar Həsənov və 1989-cu il təvəllüdlü Yusif Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Onlardan 24 kiloqram, o cümlədən güclü təsirə malik 9 kiloqram heroin, 3 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 12 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 800 ədəd "metadon" həbi və elektron tərəzilər aşkar edilib.

Araşdırmalarla saxlanılanların şəxsiyyətləri istintaqla araşdırılan "Səid" və “Abbas” adlı İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq narkotikləri satmaq məqsədilə əldə etdikləri müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edilib ki, 2023-cü ilin əvvəlindən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 60 kiloqramdan artıq müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.



AzVision.az



Teqlər:





Xəbər lenti