Naxçıvanda avtobuslar nağdsız ödənişlərə keçir

 Naxçıvanda avtobuslar nağdsız ödənişlərə keçir
  13 Oktyabr 2023    Oxunub:1912
2023-2024-cü illərdə Naxçıvan şəhərində bütün avtobuslarda nağdsız ödənişlərə keçiləcək .
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib. O qeyd edib ki, Naxçıvan MR-da qarşıda duran əsas məsələ nağdsız ödənişlərin inkişaf etdirilməsidir.

"Mərkəzi Bankın razılığı və tapşırığı əsasında ictimai nəqliyyatın nağdsız ödənişə keçilməsi istiqamətində işlərə başlanıb. Pilot layihə olaraq Naxçıvan şəhərində bir avtobusda nağdsız ödəniş həyata keçirilir. Bir neçə banka təkliflər verməsi üçün müraciət edilmişdi. "Azər-Türk" Bank tərəfindən təqdim edilən layihə bəyənilib və tətbiqinə başlanılıb. 2 manata kart alınan zaman onun 1 manatı hesaba oturur. Lakin istənilən bank kartı, pensiya kartı, xarici bank kartı ilə də ödəniş edilə bilər".

E.Əliyev qeyd edib ki, oktyabr ayında bu sistem Naxçıvan şəhərində bütün avtobuslarda tətbiq ediləcək. O qeyd edib ki, bu, Bakıda tətbiq layihədən daha innovativdir.

"Növbəti mərhələdə nağdsız ödənişlərin taksilərdə tətbiq edilməsi nəzərdə tutulub. Ümumiyyətlə, nağdsız ödənişlərin həcminin artırılması istiqamətində görülən işlər nəticəsində 3 dəfəyədək artıb. Buna əsas təsir göstərən məqam isə pandemiya dönəmində online satışa marağın artması ilə əlaqədardır".





Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti